AZ

Azərbaycanın təşəbbüsləri regionda vəziyyətin normallaşması üçün ən səmərəli platformadır » AzadMedia.az


Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 1 may tarixində keçirilmiş və 110 ölkənin nümayəndələrinin iştirak etdiyi “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, ”Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Azərbaycanın torpaqları 30 il ərzində işğal altında olub. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq”. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, humanitar fəlakət səviyyəsində olan bu proseslərə beynəlxalq birlik etinasız münasibət sərgiləmişdir. Keçən əsrin sonunda BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq olunmasına, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyinin vurğulanmasına baxmayaraq, bu mühüm sənədlər yalnız kağız üzərində qaldı. Universal beynəlxalq təşkilat olan BMT özünün qəbul etdiyi sənədləri implementasiya etmədi və işğal faktı ilə heç zaman barışmayan Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi. İbrətamiz bir fakt da ondan ibarətdir ki, Azərbaycan qalib dövlət olaraq nəyinki sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü, həmçinin sazişin beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə söykənən layihəsini də hazırladı. Bu gün iki ölkə arasındakı danışıqlar məhz Azərbaycan tərəfinin təkliflərinə əsaslanan sənəd üzərində aparılır. Artıq delimitasiya və demarkasiya proseslərinin başlanması, bu sahədə müəyyən irəliləyiş əldə edilməsi, iki dövlət arasında birbaşa, heç bir vasitəçi olmadan danışıqların aparılması regionda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olmasına ciddi zəmin yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla