AZ

Azərbaycan, Qazaxıstan və Özbəkistan dünyanı cəlb edən yeni layihəyə başladı...

Image

İlham Şaban: “Bu, həm də Azərbaycanın gələcəkdə yaşıl enerji tranziti ölkəsi olmasına yönəlmiş bir addımdır”

Prezident İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Görüşdə tərəflər bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev qeyd edib ki, bu günlərdə Azərbaycan, Özbəkistan və Qazaxıstanın Energetika və İqtisadiyyat nazirliklərinin birgə iştirakı ilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Xəzərin dibi ilə Azərbaycana ötürülməsi və buradan da Avropaya ixrac edilməsi barədə yeni layihənin əsası qoyulub.

Görünən odur ki, 3 ölkə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Avropaya ixracı ilə bağlı çox önəmli razılaşma əldə edib. Ümumilikdə, bu layihənin həyata keçirilməsini, perspektivini ekspertlər necə dəyərləndirir?

“Bu potensialdan rasional istifadə onun daha bahalı bazarlarda satılmasıdır ki, bu da...” 

Sözügedən məsələni dəyərləndirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, bütün bunlar Azərbaycanın təşəbbüsüdür: “Xəzər dənizinin dibi ilə yüksək gərginlikli elektrik kabelinin çəkilməsi, Özbəkistan və Qazaxıstanda hasil edilən yaşıl enerjinin qəbulu və daha sonra Qara dənizin dibi ilə Avropaya çəkiləcək magistral xətlə ötürülməsi Azərbaycanın təşəbbüsüdür. Mayın 1-də Daşkənddə imzalanmış memorandumdan öncə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın iqtisadiyyat və energetika nazirləri səviyyəsində Bakıda məsləhətləşmələr olub. O zaman bu məsələnin daha dəqiq öyrənilməsi və imkanların araşdırılması, sonra aydınlıq gətirilməsi tapşırılmışdı. Məhz mayın 1-də tərəflər həmin potensialın olmasını təsdqi edib. Bu potensialın ixrac edilib əlavə gəlir gətirəcəyini də qeyd ediblər. Hələ 2022-ci ilin dekabrında Azərbaycan prezidentinin, Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə keçərək Avropaya yaşıl enerji ötürülməsi zamanı Avropanın təklif etdiyi 1000 meqavat gücündə yeni bir infrastrukturun yaradılması və onun 5 dəfəyədək artırılması təklifi verilib. Bu, yalnız Azərbaycanın yaşıl enerjisinin ixracına hesablanmayıb. Bu, həm də Azərbaycanın gələcəkdə yaşıl enerji tranziti ölkəsinə yönəlmiş bir addımdır. Hazırda Xəzərin şərq sahillərində qərb sahilinə nisbətən daha çox elektrik enerjisi istehsal edilir. Ötən ilin yekunlarına görə, Qazaxıstan ancaq yaşıl enerjidən 6,7 milyard kilovat elektrik enerjisi istehsal edib. Qazaxıstan bu həcmi 2030-cu ilədək kifayət qədər artıraraq 10 milyard kilovat yaşıl enerji istehsal edə bilər. Özbəkistana gəldikdə isə, 2028-ci ilədək 4,5 milyard kilovar istehsal gücü olacaq 28 günəş və külək elektrik stansiyasını istismara verməyi planlaşdırır. Yəni potensial kifayət qədər böyükdür. Bu potensialdan rasional istifadə onun daha bahalı bazarlarda satılmasıdır ki, bu da Azərbaycan vasitəsilə həyata keçirilə bilər”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla