AZ

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

San-Tome

Bakı, 3 may, AZƏRTAC

Afrikanın San-Tome və Prinsipi ada dövlətinin hökuməti Portuqaliyadan müstəmləkəçilik siyasəti nəticəsində vurulan zərərin ödənməsini xahiş edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin təhsil və mədəniyyət naziri İsabel Abreu Portuqaliyanın “Lusa” xəbər agentliyinə müsahibəsində bildirib.

İsabel Abreu bəyan edib ki, San-Tome və Prinsipi hökuməti Portuqaliya ilə müstəmləkəçilik təzminatları barədə danışıqlar planı işləyib hazırlayır.

Təzminat alınması barədə qərar Portuqaliya Prezidenti Marselu Rebelu di Sozanın “Reuters” agentliyinə müsahibəsində onun ölkəsinin Transatlantik quldarlıq vaxtında və müstəmləkəçilik dövründə törədilən cinayətlərə görə məsuliyyət daşımasını, zərərin ödənilməsinin vacibliyini bəyan etməsindən sonra qəbul olunub.

Onun şərhləri ümummilli debatlara və sağçı partiyaların sərt tənqidlərinə səbəb olub.

Portuqaliyanın icra hakimiyyətinə sahib sağ mərkəzçi hökuməti bəyan edib ki, bu, Prezident Rebelu di Sozanın şərhlərinə rəğmən hansısa təzminat ödənişi prosesinə şərait yaratmayacaq. Bunun əvəzində onlar barışığa çağırıblar.

Dörd yüz ildən çox müddət ərzində 6 milyona yaxın afrikalı oğurlanaraq Atlantika vasitəsilə Portuqaliya gəmiləri ilə zorla qaçırılıb, onlar əsasən Braziliyaya köləliyə satılıb.

Müstəmləkəçilik dövründə Anqola, Mozambik, Braziliya, Kabo-Verde, San-Tome və Prinsipi, Şərqi Timor, Asiyada bəzi ərazilər Portuqaliyanın idarəçiliyində olub.

Braziliyanın irqi bərabərlik məsələləri naziri Aniel Franko “G1” xəbər portalına bildirib ki, onun komandası Portuqaliya hökuməti ilə bu məsələnin müzakirəsi üçün əlaqə saxlayıb.

Təzminatın əleyhdarları bildirirlər ki, müasir dövlətlər və təsisatlar quldarlıq dövrünə görə məsuliyyət daşımamalıdır. Müdafiəçilərin sözlərinə görə, yoxsul icmalarda quldarlıq irsinin aradan qaldırılması üzrə hərəkətlər zəruridir və müasir dövlətlər yüz illər ərzində ödənilməyən əmək sayəsində yığılan varidatdan hələ də fayda əldə edirlər.

Birləşmiş Millətlər Təşkilatının başçısı Antonio Quterreş təzminatın ödənilməsinin hüquqları tapdanan nəsilləri adlamaqdan ötrü vacib olduğunu bəyan edib.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla