AZ

COP29-a görə kimlər vergidən azad edildi?..

Image

Vüqar Bayramov: “Tətbiq edilən vergi güzəştləri ölkədə COP29 tədbirinin yüksək səviyyədə keçirilməsinə xidmət edəcək”

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisdə qəbul edilib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.

Görəsən, COP29-la bağlı vergi güzəştləri kimlərə şamil olunacaq və bu yeniliyin nə kimi əhəmiyyəti var? 

“Vergi güzəşti COP29-un təşkilinə xüsusi dəstək olmaqla yanaşı, eyni zamanda, xarici sərmayənin cəlb olunmasına şərait yaradacaq” 

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, COP29-un təşkili ilə bağlı qeyri-rezidentlər 9 ay müddətində bütün vergi növlərindən azad ediləcək. Bu, COP29-un təşkilinə xüsusi dəstək olmaqla yanaşı, eyni zamanda, xarici sərmayənin cəlb olunmasına şərait yaradacaq: “Bu güzəşt sayəsində yeni iş yerlərinin sayı artacaq. Burda vacib məqamlardan biri daha çox investisiyanın cəlb olunmasıdır. Vergi güzəştləri şirkətlər və bazar iştirakçılarına öz xidmətlərini daha əlçatan şəkildə təklif etmək üçün şərait yaratmış olacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki,  COP29-un   miqyası kifayət qədər böyükdür və görüləcək işlər də çoxdur. Bu güzəştlərin tətbiqi həmin xidmətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Bu da bütünlükdə hazırlıq proseslərini sürətləndirməlidir: “Tətbiq edilən vergi güzəştləri ölkədə COP29 tədbirinin yüksək səviyyədə keçirilməsinə xidmət edəcək”.

Millət vəkili onu da əlavə etdi ki, istənilən vergi güzəşti iqtisadiyyatı stimullaşdıran addımdır.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla