AZ

Ermənistanla sərhəd hansı xəritələrlə çəkiləcək? – 1918-ci il xəritəsi GÜNDƏMDƏ

“Ermənistanın istinad etdiyi, yaxud istinad etmək istədiyi bütün xəritələr keçərsizdir”. 

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin tələbləri arasında 1918-ci xəritələrinin əsas götürülməsinin proseslərə təsirindən danışan politoloq Rəfail Becanov deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanla sərhədlərin demarkasiya prosesinə başlanılıb. Bizim Ermənistanla təqribən 1000 km-lik bir sərhəddimiz var. Ona görə də proses xeyli zaman apara bilər.

“Növbəti mərhələ isə çərçivə sazişi ola bilər. Çərçivə sazişində hansı məsələlərin öz əksini tapması müzakirə mövzusudur. Düşünürəm ki, çərçivə sazişində tərəflərin sülh öhdəliyi əksini tapmalıdır. Bundan sonra isə sərhədlərin tam müyəənləşdirilməsi prosesinə aparılmalıdır.

Təbii ki, prosesin gedişində mübahisələrin olması, iddiaların ortaya çıxması gözləniləndir. Çünki Ermənistan faktiki olaraq indiki əraziyə Azərbaycan torpaqları hesabına nail olub. 1920-ci ildən kommunistlərin hesabına Azərbaycanın torpaqları hissə-hissə Ermənistana verilib. Azərbaycan torpaqlarının Ermənistana verilməsində keçmiş SSRİ-nin ilk xarici işlər xalq komissarı Georgi Çiçerinin, Stalinin, Azərbaycan Kommunist Partiyasının ovaxtkı rəhbərlərini birbaşa iştirakı olub. Ona görə də Azərbaycanın tam haqqı var ki, 1918-ci il xəritələrini masaya gətirsin. Eyni zamanda, Azərbaycan Respublikası Azərbaycan SSRİ-nin deyil, Azərbaycan Xalq Cümhuriyətinin varisidir. Bu, bizim Konstitusiyamızda da təsbit olunub. Azərbaycan Xalq Cümhuriyyətini isə 1920-ci ilin yanvarında ABŞ də daxil olmaqla dünyanın böyük dövlətləri tanıyıb.

İndi Ermənistanın istinad etdiyi, yaxud istinad etmək istədiyi bütün xəritələr keçərsizdir. Almatı Bəyannaməsi də zaman-zaman Ermənistan tərəfindən pozulub və əslində, əhəmiyyətini itirib. O bəyannaməni imzalayan ölkə 21 dekabr 1991-ci ildən sonra Azərbaycanda işğallar həyata keçirib, Azərbaycanın ərazi bütövlüyünü, sərhəddini qəbul etməyib.

Digər tərəfdən isə bir məsələyə xüsusi diqqət etmək lazımdır. Biz torpaqlarımızı müharibə yolu ilə azad etmişik. Kimsə bizimlə şərtlərlə danışa bilməz. Müharibə qaydalarına görə qalib gələn dövlət şərtləri diktə edir. Azərbaycan da öz torpaqlarını Ermənistanı məğlub edərək azad edib. Əməkdaşlıq, sülh, müqavilə şərtlərini də biz diktə etməliyik və edirik. Prezident İlham Əliyevin dediyi kimi, bütün məsələlər Azərbaycanın şərtləri ilə aparılacaq. Ona görə də hazırda proses eyni formada davam edir.
Ermənistanın bunu dərk etməsi vacibdir”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla