AZ

Türk Dövlətləri Təşkilatı ox kimi iranlı professorun gözünə batdı- "müsəlman sionizmi?"…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

Faiq Ələkbərli: “Türkiyə-Azərbaycan mütəffiqliyi, Türk Dövlətləri Təşkilatının inkişafı İranı və onların havadarlarını ciddi şəkildə narahat edir”

İranın Müasir Tarixi Tədqiqat Mərkəzində Azərbaycan əleyhinə növbəti tədbir keçirilib. Tədbirin əsas məruzəçisi Tehran Universitetinin professoru Əhməd Kazımi Azərbaycana qarşı böhtanlar səsləndirib.

O, Türk Dövlətləri Təşkilatının yaradılmasını “sionizm və anqlosaks planı” adlandırıb, "müsəlman-sionizm fenomeni"nin yaradılmasına çalışıldığını iddia edib. Əhməd Kazımi deyib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi, İkinci Qarabağ müharibəsinin baş verməsi də "planın tərkib hissəsi"dir: "Bundan sonra Ermənistanın cənub bölgəsinin bu ölkədən qoparılması planlaşdırılır”. O, İran rəsmilərinin Cənubi Qafqazda vəhhabiliyin yayılması barədə iddialarını təkrarlayıb: “Bütün bunlarda müştərək məqsəd panazəriləri turanlaşdırmaq və azərbaycanlıların əsl iranlı kimliyini məhv etmək, erməni soyqırımı barədə həqiqətləri ört-basdır etmək, fars dili, mədəniyyətini zəiflətmək, aradan qaldırmaqdır”.

“Türk Dövlətləri Təşkilatının inkişafını  sionizmin bir parçası adlandıranlar bilməlidir ki, 1925-ci ildə sionizm və anqlasaksonlar onlara yardım edib” 

Mövzu ilə bağlı fikir bildirən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirən molla rejiminin nümayəndələri öz varlıqlarının təhlükə altında olduğunu daha çox hiss etməyə başlayıb. Azərbaycanın güclənməsi, Türkiyə-Azərbaycan mütəffiqliyi, Türk Dövlətləri Təşkilatının inkişafı İranı və onların havadarlarını ciddi şəkildə narahat edir: “Əslində onların narahatlığını təbii qarşılamaq lazımdır. Çünki qanunsuz şəkildə  İran adlanan ölkədə hakimiyyətdədirlər. Məlumat üçün deyim ki, 1925-ci ilə qədər həmin ərazini  türklər idarə edirdi. İran adlanan dövlətin qurucuları, sərhədini müəyyənləşdirən məhz türklər olub. Bu danılmaz bir faktdır. Türk Dövlətləri Təşkilatının inkişafını  sionizmin bir parçası adlandıranlar bilməlidir ki, 1925-ci ildə sionizm və anqlasaksonlar onlara yardım edib. Bu gün əslində türk xalqlarının güclənməsini, türk dövlətləri təşkilatını yaranmasını istəməyənlər elə sionist və anqlasaksonlardır.  Azərbaycanın əldə etdiyi zəfərlərdə heç bir qüvvənin rolu yoxdur. Heç bir zaman nə sionist, nə də anqlasaksonların yardımına ehtiyacımız olub. Türk xalqları öz gücünə, qüvvətinə arxalanaraq inkişaf edir”.

Günel CƏLİLOVA





Seçilən
58
Mənbələr
Şərh ()
Bağla