AZ

Azərbaycan qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verməyi qarşıya hədəf qoyub - ŞƏRH

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı çıxışında prioritetləri açıqlayıb, dünyaya mühüm mesajlar verib.

Dövlət başçısı bildirdi ki, ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. Doğma yurdumuzu düşmən işğalından azad etdikdən sonra ABŞ və bəzi Avropa ölkələri, xüsusilə də Fransanın Azərbaycana qarşı qərəzli davranışları özünü daha qabarıq göstərməyə başladı. Çünki haqlı qələbəmizdən sonra regionda yaranan reallıqlar Qərbin məkrli maraqlarına cavab vermir. Azərbaycanın uğurlu daxili və xarici siyasət yürütməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi və region ölkələrini iqtisadi və hərbi gücünə görə geridə qoyması bu müstəmləkəçi dövlətləri qıcıqlandırır və ciddi şəkildə narahat edir. Ona görə də ABŞ və Avropa bu gün Azərbaycana və türk dünyasına qarşı birlikdə siyasət yürüdür.

Biz beynəlxalq arenada gücləndikcə Qərbin anti-Azərbaycan bəyanatları da səngimədi. Azərbaycan AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə heç zaman qınamadı. Azərbaycanlılara qarşı edilən vəhşilikləri gözardı edən qurumun tutduğu bu mövqe onun ədalətsizliyinin göstəricisidir. Avropa Şurası Parlament Assambleyası cari il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul etdi. Ümumiyyətlə, Avropanın bəzi qurumları "demokratiya" adı altında müstəqil dövlətlərə, o cümlədən Azərbaycana qarşı təzyiq göstərməklə məşğuldur. 30 ilə yaxın bir müddətdə ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası ilə bağlı qətiyyətli bir addım atmadı. Həmçinin 1992-ci ildə ABŞ-dakı erməni lobbisinin təzyiqilə 907-ci bölməyə Azərbaycan hökumətinə ABŞ tərəfindən istənilən birbaşa yardımı qadağan edən düzəliş qəbul olundu. 2001-ci ildəki terror hadisəsindən sonra ABŞ Konqresi öz geosiyasi maraqlarına görə prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini müvəqqəti dayandırmaq imkanı verən, ötən il isə bu imkanı ümumiyyətlə ləğv edən qanun qəbul etdi. Əlbəttə ki, xalqımız bu riyakarlığı heç vaxt unutmayıb və unutmayacaq.

Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Azərbaycanın İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yaratdığı reallıq bölgənin gələcək əməkdaşlıq münasibətləri və inkişafı baxımdan, xüsusən də "yaşıl enerji"yə transformasiya istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açır. İqlim dəyişikliyi ilə mübarizədə yalnız birgə əməkdaşlıqla effektiv nəticə əldə edə bilər. “COP29-a sədrlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün çox yaxşı sərmayə şəraiti yaradılıb”,-deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.

Göründüyü kimi, Azərbaycanın neft-qazla yanaşı, alternativ və bərpaolunan enerji sahəsində böyük potensiala, imkanlara malik olduğundan qlobal iqlim dəyişikliyinə, o cümlədən qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verməyi qarşıya hədəf qoyub.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla