AZ

Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: yalnız bir FƏRQ var...

İlyas Hüseynov: “Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə ölkəmizə qarşı kütləvi hücumlar başladı və...”

Moskvada Ukrayna müharibəsi zamanı Rusiyanın ələ keçirdiyi NATO hərbi texnikasının sərgisi açılıb.

Musavat.com xəbər verir ki, Moskvada Qələbə Muzeyinin qarşısında açılan sərgidə xüsusi hərbi əməliyyat başlayandan, yəni 22 fevral 2022-ci ildən Rusiya ordusu tərəfindən ələ keçirilən hərbi texnikalar təqdim olunur.

“Tarix təkrarlanır” devizi altında ABŞ, Almaniya, Fransa və digər NATO ölkələrinin Ukraynaya ayırdığı hərbi texnika burada nümayiş olunur.

“Kreml bu sərgi vasitəsilə vətəndaşlarına təlqin edir ki, Rusiya Ukrayna ilə yanaşı, bütövlükdə NATO ilə savaşır və qələbəni əldə etmək ona görə asan deyil. Oxşar sərgi 2 il əvvəl Kiyevdə təşkil edlimişdi. Həmin sərgidə Kiyev ətrafında vurulan Rusiya tankları və zirehli maşınları göstərilirdi”.

Bu fikirləri politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən qeyd edib.

elxan.jpg

O əlavə edib ki, Rusiya hakimiyyəti Moskvada sərgi keçirməklə Kiyevdəki sərgiyə cavab verdiyini düşünür:

“Bakıda Hərbi Qənimətlər Parkında sərgilənən tank və hərbi texnikanın mütləq əksəriyyəti keçmiş SSRİ və Rusiya istehsalıdır. Önəmli olan sərgi deyil, qələbədir. Azərbaycan qələbəni təmin etdi və əldə olunan hərbi texnikanı sərgiyə çıxardı. Rusiya-Ukrayna müharibəsi isə hələ bitməyib, qalib bəlli deyil. Ona görə də Kiyev və ya Moskvadakı sərgilər müharibədə qələbəyə işarə deyil”.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan qələbə əldə etdikdən sonrakı dönəmlərdə, Bakıda açılan Hərbi Qənimətlər Parkı yerli cəmiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olunsa da, ölkədən kənarda tənqid olunur, ölkəmizə qarşı qərəzli mövqe nümayiş olunurdu. Bu dönəmdə rəsmi Vaşinqton başda olmaqla, dünyanın bir çox paytaxtlarından etiraz səsləri ucaldı ki, oradakı eksponatlar erməni xalqının heysiyyətinə toxunur. Fransa, Niderland, ABŞ mətbuatı Azərbaycan dövlətinin həmin layihəsini birmənalı olaraq “antibəşəri addım” adlandırmış, parkın bağlanmasını və ya əksər eksponatların yığışdırılmasını tələb etmişdi. Hətta ermənilər Hərbi Qənimətlər Parkına görə Azərbaycanı Beynəlxalq Məhkəməyə də verdilər. 

ilyas

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan uzun müddətdir ki, ikili standartlardan, qərəzli, riyakar münasibətdən əziyyət çəkir:

“Müxtəlif vaxtlarda biz bunu müşahidə edirik. Xüsusilə, Vətən müharibəsindən sonra bizim üçün müqayisədə fərqlər daha aydın görünür. Azərbaycanda da Vətən müharibəsindən sonra Hərbi Qənimətlər Parkının açılışı ilə ölkəmizə qarşı kütləvi hücumlar başladı. Amma maraqlıdır ki, bir müddət sonra Kiyevdə də, Moskvada da müxtəlif qənimətlərin nümayiş olunması prosesi başladı. Ən son Moskvada Ukraynanın hərbi texnikası daha çox diqqət cəlb edir. Amma biz yenidən ölkəmizə qarşı informasiya məkanında hibrid hücumların olduğu dövrü yaşayırıq. Bu, qəribə görünür, ona görə ki, türk dövlətinə qarşı bu cür yanaşmalar, islamofob, türkofob fikirlər yayırlar. Digər dövlətlər bunu edəndə isə belə də olmalı imiş kimi yanaşmalar sərgiləyirlər. Əlbəttə, bu, qəbulolunmazdır.

Bu yaxınlarda uğurla başa çatan mədəniyyətlərarası dialoq forumunda da fikirlər bildirildi ki, bərabər yanaşma, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qorunması, onlara tolerant formada münasibət sərgilənməsi, qərəzliliyin, bərabərsizliyin, dözümsüzlüyün aradan qaldırılması və beynəlxalq hüquqa bərabər şəkildə riayət etmək önəmlidir. Bu səbəbdən biz ötən dövrdə baş verən prosesləri, bu il olan hadisələri müqayisə edəndə ölkəmizə qarşı qərəzli yanaşmaların nə qədər dərin kök saldığını, təhlükəsizlik üçün böyük problemlərə yol açdığını görürük”.

Afaq Mirayiq,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla