AZ

Saxta şampunlar, təmizləyici məhsullar… – Həyat üçün təhlükəli mallar satışa necə daxil olur? – Ekspert RƏYİ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz  fəaliyyət aşkar edilib.  

Bəhs olunan məsələ əhalini çox narahat edir, hər həftə bununla bağlı telefon zəngləri daxil olur. Çox yaxşı haldır ki, dövlət orqanları bunu nəhayət üzə çıxardı. Üzə çıxarmasaydı, nə olacaqdı, bir az da pis olacaqdı. Bu kimi məsələlər Azərbaycanın əmtəə bazarında çoxdur.

Bu fikirləri saxta məhsulların kütləvi istehsalı və satışa çıxarılması ilə bağlı İnterpress.az-ın suallarını cavablandıran Azad İstehlakçılar İctimai Birliyinin sədri  Eyyub Hüseynov səsləndirib.

Eyyub Hüseynov bildirib ki, ölkədə istehlakçı siyasəti yarıtmaz vəziyyətdədir.

“Qida sektorunda Qida Təhlükəsizliyi Agentliyi müəyyən işlər görür. Artıq bu, onların öz kompetensiyasına aiddir. Lakin sənaye mallarından insanlar çox ciddi zərərlər tapa bilərlər və ölkədə ciddi xəstəliklər yayıla bilər. Heç həkimlər də onun mənşəyini bilmir.

Bu vəziyyət insanlar çox narahat edir, Azad İstehlakçılara daim sorğu gəlir. Bütün bu işlərə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət dövlət xidmətidir. Çox təəssüflər olsun ki, bu qurum adından başqa hər şeylə məşğul olur.

Bütün bu cür halların mövcudluğunun ciddi səbəbinin biri budur ki, ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. Adı çəkilən dövlət qurumu demək olar ki, istehlakçı hüquqlarını qorumaqla məşğul olmur. Ora göndərilən ərİzələrin də nəticələri məhkəməyə gedir.

Bazarda biznes qurumları üçün haqsız rəqabət mühitü var. İstehlakçıların həyatı və ya sağlamlığı üçün təhlükəli olan bir çox sənaye malları, o cümlədən bu cür kimyəvi mallar mövcuddur. Bu kimi hallar olanda, qeyd etdiyim kimi, səbəbini qanunlarda axtarmaq lazımdır.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan bəri neçə dəyişiklik aparılıbsa, hamısı istehlakçının zərərinə olub.

Dəfələrlə mən adını çəkdiyim qurumun rəhbərliyi ilə görüşmüşəm, Milli Məlclisdə radikal çıxışlar etmişəm ki, qanun dəyişməlidir, mükəmməl istehlakçı siyasəti qurulmalıdır ölkədə. Çox təəssüflər olsun ki, belə deyil və biznes qurumları dövlətin onlar üçün yaratdığı toxunmazlıqdan rahat şəraitdə sui-istifadə edib bu cür təhlükəli malları bazara çıxarırlar.

Təəssüf edirəm ki, bunu ifşa edən dövlət orqanları həmin malların ayrı-ayrılıqda hansı mal partiyasına aid olduğunu qeyd etməyib ki, istehlakçılar bilsin və evində varsa, istifadə etməsin”, – ekspert vurğulayıb.

Ekspert hesab edir ki, Azərbaycan digər ölkələrdəki kimi, malların geriçağırılaması mexanizmini tətbiq etməlidir.

“Ölkədə malların ümumiyyətlə geriçağırılma mexanizmi yoxdur. Məsələn, Singapurda mal evdən də geri çağırıla bilər, bilinir ki, kartla ödəniş olub, kimə gedib mal və s. Belə təhlükəli mallar ölkənin əmtəə bazarında mövcuddur.

Bundan istehlakçılar böyük zərərə düşürlər, xəstəliklər tapırlar və s.. Ona görə də burada ictimai nəzarətin xüsusi rolu olmalıdır. İnsanlar o cür istehsal yerləri ilə bağlı müvafiq dövlət orqanlarına xəbər verməlidirlər.

Dövlət orqanının mühim çatışmayan cəhətlərindən biri malı istehlakçıya tanıtmamasıdır. O, malı tanıtmalıdır ki, alan şəxs bilsin, evində varsa, ondan istifadə eləməsin. Mağazada görəndə satıcıya irad bildirsin. Üstəlik, əgər bu mallar geri çağırılıbsa, harada yandırıldı, harada məhv edildi? Hansı kütləvi informasiya vasitələrinin iştiraki, ictimai təşkilatın iştiraki ilə məhvolma keçirildi? Çox təəssüf olsun ki, belə hallar var, bunu biz görmürük.

Bu o deməkdir ki, bu sahədə böyük qeyri-şəffaflıq var və təsadüfi deyil ki, biz azərbaycanlılar apteklərdə növbədə duran, həkimlərdə günlərlə növbə gözləyən istehlakçılara çevrilmişik. Bizim həyatımızda bu kimi mənfi hallar var, əfsuslar olsun.

Bütün hallarda istehlakçılar müəyyən şübhələri varsa, bu kimi mallara rastlaşarlarsa, 012 – 599-76-00 əlaqə nömrəsi ilə İqtisadiyyat Nazirliyinin adını çəkdiyim qurumuna məlumat versinlər və ictimai nəzarət həyata keçirsinlər”, – mütəxəssis fikirini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla