AZ

Fransanın neokoloniya siyasətinə qarşı aparılan mübarizə nəticəsini verməkdədir

"XXI əsrin 20-ci illəri olmasına baxmayaraq, əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə böyük dövlətlərin digər ölkələrə yanaşmasında mədəniyyətlərarası, sivilizasiyalararası toqquşmaları, ayrı-ayrı dini cərəyanlar arasında qarşıdurmaları müşahidə edirik".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, əslində beynəlxalq münasibətlərdə ziddiyyətlərin yaranmasında əsas faktorlardan biri mədəniyyətlərin, dini cərəyanların bir-birinə qarşı durmasıdır:

"Bu, orta əsrlərdə də belə olub, əfsuslar ki, çağdaş dünyamızda da belədir. Azərbaycan mədənəiyyətlərarası dialoqla nəyi yerinə yetirir? Bir var dövlətlərarası rəsmi münasibətlər, yəni üst qatdakı siyasi elitalar arasındakı əlaqələr, bir də var cəmiyyətdəki rəngarəngliyin vəhdəti. Hər bir cəmiyyətdə fərqli mədəniyyətlər var. Prezident İlham Əliyev Şimali Qafqaz respublikaları, Mərkəzi Asiya ölkələrinin nümayəndələri, din xadimləri ilə görüşlər keçirdi. Bu o deməkdir ki, Azərbaycan öz nüfuzunu yumşaq güclə həmin dairələr arasında genişləndirir. Elə götürək Şimali Qafqazı. Çox gərgin bölgədir. Barıt çəlləyinə bənzəyir. Həmin bölgədə yaşayan ayrı-ayrı etnik qrupların Azərbaycana münasibəti çox vacibdir. Dağıstanda və digər bölgələrdə yaşayan azərbaycanlılar da çoxdur. Belə olan təqdirdə bizim orada nüfuzumuzun möhkəmlənməsi uzun onilləri hədəfləyən bir siyasətdir. Azərbaycandan kənarda yerləşən etnik qrupların bizə münasibətində yaxşılaşma mühümdür. Çünki müxtəlif etnik qruplar tərəfindən separatçılıq, müəyyən iddialar və s. zaman-zaman gündəmə gəlir. O baxımdan mədəniyyətlərarası forumlar çox vacibdir".

Z.Məmmədov qeyd edib ki, Azərbaycan həm də mədəniyyətlərarası sivilizasiyanın formalaşmasına öz töhfəsini verməkdədir:

"Bəziləri düşünürdülər ki, Azərbaycan Fransanın neokolonizminə qarşı mübarizə apara biləcəkmi, yaxud buna dəstək verə biləcəkmi? Artıq bunun nəticələrini görürük. Əslində bunu tez-tez demokratiyadan, xalqların öz müqəddəratını həll etməsindən danışan beynəlxalq güclər, aparıcı ölkələr edə bilərdilər, etməliydilər. Amma onlar susqunluq nümayiş etdirdilər. Azərbaycan isə əzilənlərə mənəvi dəstək, güc verdi və verməkdə davam edir. Seneqal 1960-cı ildən sonra ilk dəfə olaraq rəsmi dövlət dilinin ərəb dili olduğunu elan etdi. Təsəvvür edin, indiyə kimi Seneqalın dövlət dili fransız dili idi. O cümlədən Yeni Kaledoniyada baş verənlər, Afrikanın digər bölgələrində yaşananlar göstərir ki, Fransanın neokoloniya siyasətinə qarşı aparılan mübarizə öz nəticəsini verməkdədir”.

Zaur Məmmədov, politoloq

Müsahibimiz vurğulayıb ki, əgər kimlərsə Azərbaycanın daxili işlərinə qarışaraq, olmayan məsələrdə bizi ittiham edirlərsə, ilk növbədə özlərinə nəzər yetirsinlər. Onun sözlərinə görə, belə ölkələr yeni, çağdaş dünyada arbitr, dirijor kimi çıxış edə bilməz.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 1-də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur:

"Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır".

Dövlət başçısı qeyd edib ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub:

"Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla