AZ

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Təbliğat-təşviqat qrupunun üzvləri “Gələcəyinin memarı ol” devizi ilə bölgələrə ezam olunublar. Onlar bu dəfə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olan Gəncə, Göygöl, Daşkəsən, Goranboy rayonlarında yuxarı sinif şagirdləri ilə görüşüblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşlərdə Universitet şəhərciyinin direktoru, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin müəllimi dosent Aqşin Kərimov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, İnşaat fakültəsinin dekan müavini Tural Əliyev, Abituriyent Məsləhət Mərkəzinin rəhbəri Aynurə Bayramova və mərkəzin əməkdaşı Rəna Cəbrayılova iştirak ediblər. Şagirdlərə AzMİU haqqında ətraflı məlumat verilib, bu ali təhsil ocağında tələbələrin mükəmməl ali təhsil alması üçün yaradılan şəraitdən danışılıb.

Əməkdaşlar, həmçinin universitetə qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda, ikili diplom proqramları və onlara müraciət qaydaları, ixtisaslar, fakültələr, təhsil haqqı məsələləri, ixtisaslar üzrə ölkədə və xaricdə təcrübə şansları istiqamətində söhbət aparıblar.

AzMİU haqqında geniş məlumatlandırmadan sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb. Təbliğat-təşviqat qrupunun üzvləri ixtisas seçimində çətinlik çəkən məktəblilərə dəyərli məsləhətlər veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla