AZ

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi 

Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladaraq bildirib ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi: “Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir. Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.

Məsələ orasındadır ki, Azərbaycanın əleyhinə mövqe sərgiləyən bəzi dairələr sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərinin ardınca ölkəmizin beynəlxalq qanunvericiliyə əsaslanan mövqeyindən, eləcə də hərbi-siyasi gücündən doğan reallıqları qəbul edərək geri addım atmağa məcbur oldular. İstər Ermənistan, istərsə də havadarları Azərbaycanın beynəlxalq hüququn aliliyinə əsaslanan iradəsi qarşısında rəsmi Bakıya qarşı məkrli və destruktiv siyasətlərindən əl çəkmək zorunda qaldılar.

Danılmaz faktdır ki, ötən ilin sentyabrında Azərbaycan suverenliyini tamamilə bərpa etdikdən, separatizmə birdəfəlik son qoyduqdan sonra bəzi güc mərkəzlərinin siyasi hücumlarına məruz qalmasına baxmayaraq, ölkəmiz yenə də sülh təklif etdi. 

Sevindirici haldır ki, Azərbaycanın uğurla həyata keçirdiyi sülhə məcburetmə siyasəti artıq öz bəhrəsini verməkdədir. Ermənistanla Azərbaycan arasında şərti sərhəddə sabitlik, rəsmi İrəvanın iki ölkə arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsətdən bəhrələnərək ölkəmizlə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini təsdiq etməsi tərəflər arasında etimad mühitinin yarandığının təsdiqidir.

Bu, bir gerçəklikdir ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması sayəsində əldə olunub. Hazırda Azərbaycan Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir. Ölkəmizin başçısının bildirdiyi kimi, artıq sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır.

Beynəlxalq hüququn sülhə məcburetmə mexanizmlərinə əsasən, əminliklə demək olar ki, bu gün etimad quruculuğu prosesinin və yekun sülhə doğru real addımların atılmasının, ölkəmizin başçısının bildridiyi kimi, sülhə doğru irəliləyişin təməlində Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi, eləcə də lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində separatizmə son qoyulması, ölkəmizin suverenliyinin tamamilə bərpa olunması dayanır.

Bəli, reallıq belədir ki, ölkəmizin başçısının da bildirdiyi kimi, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Beynəlxalaq hüququn norma və prinsiplərinə müraciət edildikdə bir daha aydın olur ki, Azərbaycanın reallaşdırdığı sülhəməcburetmə əməliyyatları tam legitim xarakter daşıyır. Bütün bunlar BMT-nin Nizamnaməsinin VII fəslinin müddəalarında öz əksini tapıb. Deməli, bizi bundan sonra da haqlı mübarizəmizdə  kimsə dayandıra bilməz.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla