AZ

Müsavatda “Putin-Medvedev” yerdəyişməsi – 22 illik başqan niyə qayıdır?

Sabah - mayın 4-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyası XI qurultayını keçirəcək.

Ali tədbirdə 1992-2014-cı illərdə partiyaya rəhbərlik etmiş İsa Qəmbərin yenidən başqan seçiləcəyi gözlənilir. O, 1992-ci ilin noyabr ayında Müsavat Partıyasının III Bərpa Qurultayında sədr seçilib və fasiləsiz olaraq 22 il ərzində bu postu tutub. 2014-cü il sentyabrın 27-də keçirilən qurultayda onu partiyanın icra katibi Arif Hacılı əvəzləyib. Kifayət qədər qalmaqallı keçən səsvermədən sonra onun rəqibi, tanınmış iqtisadçı Qubad İbadoğlu tərəfdarları ilə birgə Müsavatdan ayrılaraq Azərbacan Demokratiya və Rifah Hərəkatı təsis edib. Partiyanın bir çox tanınmış simaları bu hərəkata qoşulub.

A.Hacılı isə 2019-cü ilin 13 oktyabrında keçirilən qurultayda postunu qoruyub. Partiya Nizamnaməsinə görə sədr 4 il müddətinə seçilir və bir şəxs ardıcıl olaraq iki dəfədən artıq namizəd ola bilməz.

Sabah keçiriləcək qurultayda İsa Qəmbərin 1 alternativi var – təşkilatın Səbail rayon təşkilatının fəalı Namiq Uluqbəy. Tanınmış vəkil Osman Kazımov başqanlığa namizədliyini irəli sürsə də, eks-başqanın iddiasından sonra namizədliyini geri çəkib.

İ.Qəmbər yenidən başqan olmaq niyyətinin səbəbləri barədə ağılabatan açıqlama verməyib. Müsavat daxilində də bu barədə ictimai müzakirələr aparılmır. Partiya elitası onun yenidən qayıtmasını məqbul bilsə də, cəmiyyətdən ciddi təpkilər var. Media və sosial şəbəkələrdə ictimailəşən tənqidlərdə bir neçə tezis nəzərə çarpır: 

- Ömrünün gənc, enerjili dövrünün 22 ilini başqanlıq etmiş İsa Qəmbər partiyanın cəmiyyətdə nüfuzunun yüksək olduğu zamanda uğuru əldə edə bilməyibsə, hazırkı çətin şəraitdə kifayət qədər məhdud fiziki və siyasi imkanları ilə Müsavata nə verə bilər?

- Keçmiş başqan ortaya iddia qoymaqla gənc siyasətçilərin qarşısını kəsir, partiyada normal, rəqabətli mühiti pozur, önə çıxmaq istəyən siyasətçiləri ümidsizləşdirir;

- Vaxtilə Rusiya hakimiyyətində Vladimir Putin-Dmitri Medvedev yerdəyişməsi kimi rəhbərliyi Arif Hacılı ilə bir-birinə ötürür və beləliklə avtoritar modellərə meyllənərək, demokratik prinsipləri tapdalayır.

Siyasi kuluarlarda belə iddialar da dolaşır ki, İsa Qəmbərin başqanlığıa qayıtması iqtidarla müəyyən siyasi bazarlıqlarla əlaqəlidir. O, yaxın aylarda keçiriləcək parlament seçkilərində iştirak edəcək və mandat alacaq. Bu, indiki siyasi dövrdə həm Müsavatın, həm də hakimiyyətin maraqlarına uyğun gəlir və s. 

Bu iddiaların gerçək olub-olmadığı yaxın zamanlarda məlum olacaq. Amma bir məsələ bəribaşdan aydındır ki, hakimiyyəti avtoritar idarəçilikdə ittiham edən müxalifət partiyası demokratik prinsiplərə əməl etmir. Əldə quru başqanlıqdan başqa heç nə olmayan siyasi təşkilatda “vəzifə” belə müqəddəsdirsə, o zaman bol nemətlərin olduğu iqtdarda onun nələrə qadir olduğunu təsəvvür etmək çətin deyil...

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla