AZ

"Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Azərbaycan torpağı bəşəriyyətə çox görkəmli, yenilməz sərkərdələr, dövlət və ictimai-siyasi xadimlər bəxş etmişdir. Qədirbilən xalqımız 40 əsrlik dövlətçilik tariximiz boyunca dahi şəxsiyyətlərin adlarını qoruyub-saxlamış, nəsildən-nəslə, əsrdən-əsrə keçirmiş, xalqımızın tarixində yaşaması üçün onlara əbədiyyət heykəli ucaltmışdır. Yaxın tariximizdə belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Deputat sözlərinə belə davam edib: “Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv olundu. Vahid komandanlığa tabe olan ordu yaradıldı.

Ulu Öndər Heydər Əliyevin ölkədə həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Onun rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır.

“Xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban verməyə hazıram”, – deyərək, bütün varlığı ilə bu yöndə örnək çalışmalarını sonadək layiqincə davam etdirdi. Taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etdi.

Bu danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib. Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi və buna nail oldu.
Bu gün ulu öndəri tanıyan hər bir insan onun şəxsiyyəti və xalqımız üçün gördüyü misilsiz işlər barədə fikir yürütməyə mənəvi ehtiyac duyur. Ümummilli liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana, bütün mənalı ömrünü yalnız bəşəriyyətə, insanlığa xidmət etməyə həsr etmişdi!

Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin ənənələrinin yaradıcı və milli dövlətçilik təfəkkürünün formalaşmasında tarixi rol oynayan böyük şəxsiyyətdir. Azərbaycan dövlətinin mövcudluğu Onun adı ilə bağlıdır, çünki Heydər Əliyev siyasi kursundan kənarda bu dövlətin varlığı barədə danışmaq qeyri-mümkündür. Heydər Əliyevin siyasi kursu bizim sabahımızın, gələcəyimizin, inkişafımızın, tərəqqimizin qarantıdır.

Ulu Öndərin hakimiyyəti dövründə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünya bəyan etdi. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq Erməni yalanları faktlarla ifşa edirdi.
Lakin xalqımızın bu taleyüklü ağır pobleminin həlli Onun özü kimi inandığı davamçısı Prezidentimiz İlham Əliyevin öhdəsinə düşdü. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı soyqırımlarımı zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yeri göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz oldu.

Heydər Əliyev, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın rəmzi səviyyəsinə yüksəlmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz və işıqlı obrazı yaşayır.

Hər il xalqımız öz böyük oğluna olan məhəbbət və ehtiramının ifadəsi olaraq bu günü təntənə ilə qey edir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzaladı. Prezident İlham Əliyev sərəncamda qeyd etdiyi çox dəyərli fikri Ulu Öndərin xalqımızın taleyindəki yerinə işıq salır : “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir", Bəli, nə qədər Azərbaycan var, nə qədər bu xalq var, Heydər Əliyev də var olacaq, yaşayacaq”.

Ayşən Vəli

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla