AZ

Yeni müqavilə “İnkişaf Yolu” dəhlizi üçün vacibdir – Sadiq Akyar

Türkiyənin İraqla müdafiə sahəsində imzaladığı yeni müqavilə “İnkişaf Yolu” dəhlizinin inşası və təhlükəsiz fəaliyyəti üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sözügedən dəhliz 1200 km uzunluğundadır və həm avtomobil, həm də dəmir yolu ilə Türkiyəni İraqın Bəsrə körfəzindəki Fav limanını bağlayacaq.

Bu sözləri Türküstan.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Polkovnik müxtəlif güclərin terror təşkilatları vasitəsilə layihə üçün yarada biləcəyi təhdidlərdən danışıb:

“Cənab Ərdoğanın İraqa səfəri zamanı marşrut dəqiqləşdirildi. Layihə ilə bağlı nazirlər səviyyəsində Şura da qurulacaq. Türkiyədə layihənin başlanğıc nöqtəsi Silopidə yerləşən Ovaköy sərhəd-nəzarət buraxılış məntəqəsidir. Yaxınlıqdakı Habur sərhəd-nəzarət buraxılış məntəqəsindən keçən və Mosula gedən yol isə Şimali İraq Kürd Muxtariyyətinin nəzarətindədir. Ovaköyün qarşısındakı Habur çayı və Bəyaz dağlarının ( Xeyirsiz dağlar da deyirlər) şərqindən keçən yol isə onların nəzarətində deyil. Bəs bu dəhlizin inşasını əngəlləmək istəyənlər kimlər ola və nə edə bilər? Layihənin həyata keçirilməsinə PKK və İŞİD-i istifadə edən güclər mane olmağa çalışa bilər. Digər tərəfdən yol Şimali İraqdan keçmədiyi təqdirdə Habur sərhəd-nəzarət buraxılış məntəqəsi yalnız gündəlik keçidlər, eyni zamanda daşınmalar üçün istifadə olacaq. Bu da Şimali İraq Kürd Muxtariyyətinin xeyli miqdarda gəlir itirəcəyini göstərir. Nəticə etibarilə onların da özlərinə bağlı qruplardan istifadə etməklə maneçilik törətməsi mümkündür. Türkiyə İranı da layihəyə qoşmağa çalışır, digər tərəfdən əgər Suriya ilə münasibətlər normallaşsa, onlar da buraya qatıla bilər”.

Alim yaxın gələcəkdə Zəngəzur dəhlizinin “İnkişaf Yolu” dəhlizi ilə birləşdirilməsinin zəruri olduğunu vurğulayıb:

“Hazırda isə layihədə Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirliyi iştirak edir. İraq PKK-nı ölkədən çıxarmaq istəyə, ona qarşı mübarizəyə başlasa belə, bunu yekunlaşdırmaq üçün kifayət qədər gücü yoxdur. Ona görə də, sadaladığımız məsələlərlə bağlı inşa prosesi başladığı an PKK həm İraqdan, həm də Suriyanın Sincar bölgəsindən aktivləşdirilə bilər. Söhbət təxminən 320 km-lik məsafədən gedir. İndi isə təhlükəsizliyin hansı formada təmin edilməsi üzərində iş aparılır. Əsas sual isə odur ki, Türkiyə burada təhlükəsizliyi Şimali İraqdakı hərbi bazalarının nəzarət etdiyi məntəqələrdə, “Fərat Qalxanı”, “Sülh çeşməsi” hərəkat bölgələrində olduğu kimi, yalnız bəlli nöqtələrdə müşahidə məntəqələri qurmaqla, yaxud daha böyük qüvvə ilə qoruyacaq. Fikrimcə, Türkiyə İraqa kəşfiyyat və müşahidə, silahlı və silahsız PUA dəstəyi verməklə, eyni zamanda müxtəlif hərbi birləşmələri bəlli nöqtələrə yerləşdirməklə marşrut üzrə təhlükəsizliyi təmin edə bilər. Əlbəttə, ən optimal yol diplomatik yoldur. Bölgədə marağı olan qonşu ölkələri prosesə cəlb etmək vasitəsilə təhlükəsizliyi təmin etmək mümkündür. Məsələn İranın İraq üzərində təsiri böyükdür, ona görə Tehranı da buraya qatmaq, eyni zamanda Suriya ilə münasibətlərin normallaşdırılması çərçivəsində Sincar bölgəsinin onların özləri tərəfindən PKK-dan təmizlənməsinə çalışmaq lazımdır. Bəyaz dağların şimal ətəklərinin də təhlükəzisliyinin təmini ilə Səddam su anbarı istiqamətində böyük ərazi qorunma altına alına bilər. Bölgədə yaşayan türkmən soydaşlarımızın da tabeçiliyində olan hərbi qüvvələrdən istifadə də mümkündür. Biz indidən həm də Zəngəzur dəhlizinin Türkiyə ərazisində “İnkişaf Yolu” dəhlizi ilə əlaqələndirilməsi üzərində düşünməliyik. Yəqin ki, bu barədə də dövlətlərimiz bu istiqamətdə ilkin addımları atırlar. Əgər bunu bacarsaq, çox böyük iqtisadi güc və növbəti alternativ yol əldə etmiş olarıq”.

Qeyd edək ki, Türkiyənin İraqla imzaladığı yeni müqaviləyə görə, Türkiyə Silahlı Qüvvələri 300 km-dən artıq sərhəd boyunca və 40 km dərinlikdəki əraziləri hərbi zona olaraq istifadə edə biləcək.

Söhrab İsmayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla