AZ

"Qarabağ"la oyundakı riskli qərarın pərdəarxası: "O, bir kəlmə dedi ki..."

Premyer Liqanın 32-ci turunun surpriz nəticəsi Sumqayıtda qeydə alındı.

Burada şəhərin eyni adlı komandası “Qarabağ”ı məğlub etməyi bacardı – 1:0.

Nəticə qədər “kimyaçılar”ın start heyətində Xəyal Fərzullayevin yer alması da hər kəsi təəccübləndirdi.

Mehdi Cənnətovun cəzalı durumda olması fonunda, axı ehtiyatda Orxan Sadıqli kimi təcrübəli başqa sima da vardı.

Belədə haqlı olaraq sual yaranır ki, çox əhəmiyyətli matçda niyə qapını 18 yaşlı gənc qorusun?

Sualımıza cavab tapmaq üçün uz tutduq komandanın qapıçılar üzrə məşqçisi Anar Niftəliyevə.

Axı həftə ərzində qolkiperlərlə bir yerdə çalışan, performanslarına yaxından bələd olan odur.

Təcrübəli mütəxəssis verilən qərara belə aydınlıq gətirdi:

“Həftə ərzində Xəyalın forması mənim diqqətimi daha çox çəkdi. Görünürdü ki, özünə inam var. Mən də ona görə seçimimi onun üzərindən etdim. Lakin debüt etməsinə görə ilk olaraq Samir Abasova təşəkkür edirəm. Oyundan iki gün əvvəl məndən hansı qapıçının hazır olması barədə soruşdu. Mən Xəyalı məsləhət bildim. Bir kəlmə onu dedi ki, mən də qərarı dəstəkləyirəm. Samir müəllim gəncləri oynatmağı xoşlayır. Bildirdi ki, Xəyalı qazanmaq lazımdır. Açığı, bir qədər riskli qərar idi. Tribunalarda 9500 azarkeş və rəqib də "Qarabağ" kimi güclü komanda. Və sən 18 yaşlı uşağa ilk dəfə əsas komandada şans verirsən. Samir müəllimin tərəddüd etməməsi məni də ürəkləndirdi. Onun qərarımı dəstəkləməsindən sonra çox rahat oldum”.

Niftəliyev gənc qolkiperin çempionla oyundakı performansını da dəyərləndirib:

“Çox rahat göründü. Komanda yoldaşları yaxşı dəstək oldu. Düzdü, müəyyən səhvləri oldu. Bu da normaldır. Gənc qapıçıdır və oyunun əhəmiyyəti böyük idi. Xəyal cavan uşaqdı. 18 yaşı var. Amma oyundan bir gün öncə soruşdum ki, özünü hazır hiss edirsən? O da dedi ki, müəllim, narahat olma, mən rahatam. Sanki özü-özünü belə bir gün üçün hazırlayırmış. Amma yenə narahat idim. Mən hələ belə stresli oyun keçirməmişdim. Şükürlər olsun ki, sonda peşman olmadıq”.

Adətən “Sumqayıt”ın heyətində üçüncü qapıçı kimi ehtiyat skamiyada Murad Ağamalıyevi görürük. Görəsən, “Qarabağ”la oyunda onun yox, Xəyalın qapıda durmasına səbəb nə olub?

Anar müəllimi dinləyək: “Muradın 17 yaşı var, daha gəncdir. Və ən əsası 20 gün olar məşq etmirdi. Belindən zədə almışdı. Həm də Xəyal əvəzedici komandada davamlı oyunlar keçirir. Oyun praktikası daha çoxdur. Məhz əvəzedici komandadakı təcrübəsi “Qarabağ”la oyunda bir xeyli işinə yaradı”.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla