AZ

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır -ŞƏRH

Həm

Bakı, 3 may, AZƏRTAC

ABŞ Dövlət katibi Entoni Blinken aprelin 28-də Prezident İlham Əliyevə telefon zəngində ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu ifadə etdi.

Qeyd etmək lazımdır ki, aprelin 19-da sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı Azərbaycan-Ermənistan razılaşmasına ilk beynəlxalq reaksiya da məhz ABŞ Dövlət Departamentindən gəlmişdi. Belə ki, Dövlət katibi Entoni Blinken özünün “X” hesabında prosesi alqışladığını bildirərək bunu davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addım kimi qiymətləndirmişdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov deyib.

Politoloq bildirib ki, iki ölkə arasında əldə olunmuş bu razılıq regional və qlobal əhəmiyyət daşımaqla yanaşı, sülh sazişinin imzalanması yolunda, o cümlədən Cənubi Qafqazın inteqrasiya olunmuş regional əməkdaşlıq modeli kimi inkişafında mühüm mərhələ kimi dəyərləndirilə bilər.

Bununla belə, ABŞ-ın bu sülhdə nə qədər maraqlı olduğu sual yaradan amillərdən biri kimi nəzərdən keçirilməlidir. Bir zamanlar Əfqanıstan, İraq, Fələstin, Suriyada da sülhün carçısı və əsas təminatçısı rolunu tərəddüd etmədən üzərinə götürən ABŞ həmin bölgələrə müharibə, terror və hərc-mərclikdən başqa heç nə gətirmədi desək yanılmarıq.

“Çox uzağa getməyək, uzun illərdir ki, Azərbaycan-Ermənistan münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan ABŞ həm institusional, həm də fərdi çərçivədə vasitəçilik missiyasının öhdəsindən gələ bilməyib və ya gəlmək istəməyib. Sözsüz ki, özünü dünyanın supergücü hesab edən bir dövlətin münaqişələrin həllində qeyri-effektivliyi və yaxud işğalçı ölkəni açıq-aşkar dəstəkləyən addımlar atması onun sülh gündəliyinə olan sadiqliyinə istər-istəməz şübhə yaradır. İndi isə Rusiya-Ukrayna müharibəsi fonunda əsas geosiyasi rəqibini zəiflətmək naminə Rusiya ətrafındakı bölgələrə gözünü zilləyən Sem dayı guya Cənubi Qafqazda da sülhün təminatçısı olmağa, hətta bu yolda tərəflər arasında vasitəçilik etməyə hazır olduğunu nümayiş etdirir”, - deyə S.Zahidov diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, regional reallıq isə onu göstərir ki, əksinə, ABŞ-ın və ya hansısa üçüncü tərəfin bölgədəki proseslərdə vasitəçilik missiyası uğursuzluğa məhkumdur. Birincisi ona görə ki, bu dövlətlər hər zaman, ilk növbədə, regiondakı maraqlarını və məkrli planlarını reallaşdırmağa çalışaraq bölgə ölkələrinin istəklərinə yuxarıdan aşağı baxıblar. İkincisi isə vasitəçilər bir çox hallarda regional konteksti və prosesləri düzgün dəyərləndirməyərək ağlasılmaz təkliflər irəli sürüblər. Nəhayət sonuncusu ona görə ki, ABŞ və digərləri vasitəçiliyin ən ümdə prinsiplərindən olan tərəfsizliyi dəfələrlə çeynəyərək işğalçı Ermənistanın təəssübkeşliyini çəkiblər. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın BMT nizamnaməsinin 51-ci, yəni, beynəlxalq hüququn “Jus ad bellum” prinsipinə söykənərək öz torpaqlarını işğaldan azad etməsindən tutmuş 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinədək olan zaman kəsiyində ölkəmizə qarşı davamlı şəkildə qarayaxma kampaniyası həyata keçirən bu ölkələrin regionda sülhdən dəm vurması istər-istəməz inandırıcı görünmür. Amma bir reallıq var ki, Azərbaycan daxili məsələsini özü həll etməyə qadirdir.

S.Zahidov bildirib ki, ABŞ-da 11 sentyabr terror aktı zamanı bu ölkəyə ən böyük dəstəyi verən ölkələrdən biri də məhz Azərbaycan olub, ABŞ hərbçilərinin öz ərazisindən 12 min kilometr uzaqda olan Əfqanıstandakı antiterror əməliyyatları üçün logistik imkanlar təmin edib, sülhməramlı kontingentini Əfqanıstana göndərib. Qarşılığında isə ölkəmiz 2023-cü ildə öz ərazisində separatçılara və terrorçulara qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ABŞ, Fransa və Ermənistanın digər havadarlarının tənqid dalğası ilə üzləşdi.

“Gəlinən nəticə odur ki, Azərbaycanın həm Vətən müharibəsi, həm də antiterror tədbirləri nəticəsində yaratdığı yeni geosiyasi reallıqları qəbul etmək istəməyən dövlətlər bölgədə öz məkrli planlarını həyata keçirmək niyyətindədirlər. Onların əsas məqsədi regiondakı təsir rıçaqlarını işə salaraq kəskin geosiyasi qarşıdurmalara səbəb olmaqdır. Bu baxımdan həmin ölkələrin sülhdə maraqlı olması şübhə doğurur, çünki sülh olarsa, onların təsir imkanları da azalacaq. Məşhur isveçli siyasi araşdırmaçı Svante Kornelin qeyd etdiyi kimi, böyük güclər Cənubi Qafqazda sülh istəmirlər və region dövlətlərinin maraqları onlar üçün əhəmiyyət daşımır. Məhz bu səbəbdən Azərbaycan bölgədə sabitləşdirici rol oynayan Türkiyə ilə birlikdə bir tərəfdən həmin dövlətlərin pozucu fəaliyyətlərini dəf edir, digər tərəfdən isə Ermənistanı onların marioneti olmaqdan xilas edərək sülh prosesini daha da irəlilətməyə çalışır”, - deyə Sultan Zahidov fikirlərini yekunlaşdırıb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
Mənbələr
Şərh ()
Bağla