AZ

Azərbaycana turistlər niyə az gəlir?- SƏBƏB

2023-cü ildə Azərbaycana 187 i ölkədən 2 milyon 86 min turist, Gürcüstana-  7 072 220 turist, Ermənistana isə - 2 milyon 316 min 666  turist səfər edib. Bu barədə ölkələrin Dövlət Statistika Komitələrinın rəsmi məlumatında qeyd olunub.
 
Statistikaya nəzər yetirsək, Qafqaz ölkələri içərisində ən az turist  Azərbaycana gəlib. .
 
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Razi Nurullayev bildirir ki, quru sərhədlərin bağlı və qiymətlərin baha olması Azərbaycanda turistlərin az gəlməsinə səbəb olur.
 
"Həm Gürcüstanın, həm də digər ölkələrin quru sərhədləri açıqdır. Azərbaycan isə təhlükəsizlik səbəbindən quru sərhədlərini bağlı saxlayır. Təbii ki quru sərhədlərin bağlı olması da turizmin inkişafına ən böyük əngəllərdən biridir. Daha sonra Azərbaycanda turizm infrastrukturu normal olsa da qiymətlər hələ də bahadır. AZAL-a yeni rəhbərlik gələndən sonra qiymət məsələləri xeyli müsbətə doğru dəyişib. Artıq ucuz biletlər tapmaq olur. Amma turizm sektorunda xeyli işlər görülməlidir. Məsələ bir-iki ilə həll oluna bilməz.  Bizim infrastrukturumuz zəifdir. Yeni təyyarələr alınmalı, marşrutlar açılmalıdır.  Azərbaycanda vip turistlər üçün infrastruktur yaxşıdır. Amma orta təbəqəli turistlərin gəlməsi, digər ölkələrə nisbətən daha bahadır. Azərbaycana gələn turistlərin büdcəsi ilə  Gürcüstan və Ermənistana  gedən turistlərin büdcəsi  eyni ola bilməz. Ümumiyyətlə turizm sektorunun elə etmək lazımdır ki, bütün büdcəyə malik adamlar gələ bilsinlər",- deputat əlavə edib.
 
Turizm eksperti Ceyhun Aşurov bildirir ki, turistlərin sayının qobşu ölkələrdə çox olmasının müxtəlif səbəblərin var.
 
"İlk növbədə pandemiyadan sonrakı dövrlərdə bu ölkələrdə daha çox turist səfərləri olub. Həmin ölkələr bütün məhdudiyyətləri aradan qaldırdılar. Gürcüstan o ölkələrdəndir ki, pandemiyadan sonra daha tez bir zamanda əvvəlki göstəricilərinə qayıda bildi. Eyni zamanda bura Türkiyə də daxildir. Onlar öz göstəricilərini təzəliyə bildilər. Ermənistanda da turistlərin çoxalmasının səbəbi quru sərhədlərin açıq olması, viza prosedurlarının daha rahat olması və s. ilə əlaqəlidir. Bizim geridə qalma səbəbimiz quru sərhədlərin qapalı olmasi olub. Hotellərin ortalama satış qiyməti digər Qafqaz ölkələri ilə müqayisədə bahadır/ Bu da turistlərin Azərbaycana gəlməsində problem yaradan amillərdən hesab olunur",- ekspert əlavə edib.
 
Turizm bələdçisi Eldar Quliyevin sözlərinə görə, Azərbaycana gələn turistlərin əksəriyyəti hotellərdə göstərilən xidmətlərin keyfiyyətsizliyindən  şikayətlənir. 
 
"Həmsöhbət olduğum turistlərin çoxu bildirir ki, qiymətlər süni şəkildə qaldırılır. Turist öz ölkəsində Azərbaycan hotelləri ilə maraqlanır və ona uyğun büdcə düşünür. Bura gəldikcə isə başqa qiymətlə qarşılaşır. Bundan başqa 5 ulduzlu hotelə gələn turist həmin səviyyədə xidməti görmür. 5 ulduz yerinə, 2-3 ulduz xidməti göstərilir. Bu da onların haqlı narazılıqlarına səbəb olur. Bundan başqa rayon restoranlarında menyudan əlavə qiymətlərə əlavələr edilir. Əgər bələdçi olmasa, turist bilmədən çox pul ödəməli olurlar. Bundan başqa turistlərin taksi xidmətindən narazılıqları da olur. Əsas məsələ turist yolu tanımır deyə bilərəkdən şəhəri fırladaraq, daha çox ödənş tələb edirlər. Həmçinin dil biliklərinin olmamasıda bir çox məqamlarda onları narazı salır.",- bələdçi əlavə edib.
 
Dövlət Turizm Agentliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü il üzrə Azərbaycana səfər edənlərin 87 faizi xidmətləri qənaətbəxş hesab edib, 13 faizi qeyri-qənaətbəxş hesab edib.
 
2023-cü ildə dünya üzrə təxminən 1286 milyon beynəlxalq turist qeydə alınıb ki, bu da 2022-ci ilə nisbətən 34% və ya 325 milyon artım deməkdir. Beynəlxalq turizm 2023-cü ildə pandemiyadan əvvəlki səviyyələrin 88%-ni bərpa edib.

2024-cü ilin birinci rübündə Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 19,3 faizi Türkiyə, 10,3 faizi İran, 7,2 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və Küveyt, 1,4 faizi Ukrayna, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, İtaliyadan - 1,8 dəfə, Omandan - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Türkmənistandan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Almaniyadan - 49,5 faiz, Özbəkistandan - 47,5 faiz, Küveytdən - 42,4 faiz, Yəməndən - 38,6 faiz, Polşadan - 37,7 faiz, ABŞ-dan - 32,1 faiz, Ukraynadan - 26,1 faiz, Fransadan - 25,7 faiz, Türkiyədən - 25,0 faiz, Pakistandan - 24,3 faiz, Rusiya Federasiyasından - 23,8 faiz, Misirdən - 22,5 faiz, Gürcüstandan - 19,3 faiz, Niderlanddan - 17,8 faiz, Böyük Britaniyadan - 14,2 faiz artıb.       
                                      
2023-cü ilin yanvar-martında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,0 faiz artaraq 198,3 min nəfər olub.       
 
Son beş ildə Azərbaycana səfər edən əcnəbi sayı:

İl

Turist sayı (nəfər)

2023

2 milyon 86 min

2022

1 milyon 602 min

2021

792 min

2020

796 min

2019

3 milyon 170 min

Ötən il xaricə gedən Azərbaycan vətəndaşlarının sayı da 2022-ci illə müqayisədə artıb və 1 milyon 869 min nəfərə yüksəlib. Bu, 2022-ci illə müqayisədə 26 faiz artım deməkdir.
 
Aytac Zeynalova



www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla