AZ

BP-nin dəstəyi ilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Bakı, 3 may, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) kimya mühəndisliyi üzrə yeni magistr proqramının yaradılması üçün təhsil layihəsinə başlayıb.

AZƏRTAC xəbər verir ki, SDU-nun rektoru Rüfət Əzizov çıxış edərək yeni layihənin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, inkişaf edən Azərbaycana yeni ixtisaslara yiyələnmiş savadlı kadrlar lazımdır.

“Azərbaycan neft-qaz ölkəsi olduğu üçün kimya mühəndisliyi ixtisası xüsusilə vacibdir. Rektor bildirib ki, sənayenin tələblərinə uyğunlaşdırılmış yeni tədris proqramına kimyəvi proseslər, istehsal prosesləri və ekoloji dayanıqlılıq kimi sahələr daxildir. Proqramın təlim materialları xüsusi olaraq Sumqayıt şəhərinin sənaye və texnoloji müəssisə və şirkətlərinin ehtiyacları üçün hazırlanıb”, - deyə R.Əzizov vurğulayıb.

BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək bildirib ki, bu layihə mütəxəssis hazırlığının biznes və sənaye ehtiyaclarına uyğunlaşdırılması istiqamətində növbəti uğurlu təşəbbüsdür.

“Kimya mühəndisliyi ixtisasına digər şəhərlərdən daha çox məhz Sumqayıtda ehtiyac duyulur. Ölkənin kimya potensialının mühüm hissəsi isə məhz Sumqayıtda yerləşir. Layihə bütövlükdə ölkə iqtisadiyyatı üçün kimya sənayesinin əhəmiyyətinin artdığı bir vaxtda həyata keçirilir. Bu baxımdan ümid edirik ki, proqramın məzunları müasir texnoloji biliklərə, çevik qabiliyyətlərə, innovativ bacarıqlara yiyələnəcək, ən əsası isə doğma şəhərlərinin və ölkənin sənaye tendensiyalarının və iqtisadi inkişaf planlarının həyata keçirilməsi səylərinə böyük həvəs və enerji ilə qoşulacaqlar”, - deyə Bəxtiyar Aslanbəyli vurğulayıb.

Sonra mütəxəssislər proqram haqqında ətraflı məlumat veriblər.

Çıxışlardan sonra proqramla tanışlıq olub. Qeyd olunub ki, yeni magistr proqramına ilkin olaraq iki ixtisas sahəsi - əsas üzvi sintezin kimyası və texnologiyası və polimerlərin kimyəvi texnologiyası - üzrə 15 tələbə qəbul olunacaq. Gələcəkdə isə proqram genişləndirilərək əlavə dörd sahəni əhatə edəcək və növbəti beş il ərzində qəbul sayı ümumilikdə 95 nəfərə çatdırılacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
10
Mənbələr
Şərh ()
Bağla