AZ

Dünyaya iki mesaj - ANALİTİK

Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında hədəfləri dəqiq vurdu

Azərbaycan sözdə yox, əməlində sülhpərvər, tərəqqipərvər, fərqli dinlərə, təriqətlərə, millətlərə, fərqli siyasi baxışlara hörmətlə yanaşan ölkə olduğunu dəfələrlə sübut edib. Hər zaman, dünyanın müxtəlif məkanlarında fərqli tribunalardan çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev regionda sabitliyin, təhlükəsizliyin bərpa olunması üçün Azərbaycanın səylər göstərdiyini deyib və bütün bəşəriyyəti bu məsələyə diqqət göstərməyə çağırıb. Bunun ən bariz nümunəsi kimi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda sülh naminə atdığı addımları göstərmək olar.

“Bir müddətdir ki, sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

“Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik.

Vasitəçilərin səmərəsizliyi...

Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, məhz ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, Ermənistanın qeyri-konstruktiv mövqeyi uğur əldə olunmasına imkan vermədi. Əgər həmsədrlər həqiqətən də münaqişənin ədalətli, beynəlxalq hüququn normaları çərçivəsində həllində maraqlı olsaydılar, işğalçı ölkəyə qarşı təzyiqlər göstərilməsi, sanksiyalar tətbiq olunması istiqamətində konkret təkliflərlə çıxış edə bilərdilər. Lakin biz bu müddətdə həmsədrlərin təcavüzkara qarşı tamamilə loyal münasibətini müşahidə etdik. Azərbaycan torpaqlarının işğalı faktına qarşı heç bir ciddi, ardıcıl etiraz bildirilmədi. Təəssüf ki, bu da Ermənistanı işğalı davam etdirməyə həvəsləndirən əsas amillərdən biri oldu.

44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallıq yaradıb. Bu müharibə yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə də yeni situasiya formalaşdırıb. Azərbaycan müharibədə qalib gəlməklə, cənab Prezidentin də qeyd etdiyi kimi, regionda yeni təhlükəsizlik formatı yaradılmasına nail olub. Eyni zamanda, yeni iqtisadi əməkdaşlıq perspektivləri yaranıb. Kommunikasiyaların açılması, çoxtərəfli iqtisadi əlaqələrin qurulması regionun həyatında yeni bir mərhələnin başlanması demək olacaq.

Yeni reallıqlar bölgədə yaşayan bütün xalqların həyatında ciddi dəyişikliklərə səbəb ola bilər. Həyata keçiriləcək irimiqyaslı layihələr region ölkələrinin və xalqlarının rifahına əhəmiyyətli töhfələr verəcək. İndi ən əsas məsələlərdən biri bütün ölkələrin, o cümlədən Ermənistanın və erməni xalqının yeni reallığın çağırışlarını düzgün qiymətləndirməsidir. Ermənistan hakimiyyəti və dövləti də keçmişə deyil, gələcəyə baxaraq öz xalqının mənafelərini düşünməli, ölkəsinin inkişafı üçün yaranan imkanlardan istifadə etməlidir. Keçmişə ilişib qalmağın bu ölkəni nə qədər geri atdığını daha aydın dərk etməlidirlər. Hesab edirəm ki, Prezident İlham Əliyevin çıxışlarında əksini tapmış fikirlər Azərbaycan dövlətinin yeni reallıqlar fonunda gələcəyə strateji baxışının əsas konturlarını əks etdirir. Cənubi Qafqazın tarixində qarşılıqlı faydalı əməkdaşlıq dövrü başlayır. Bu tarixi anı bütün region ölkələri düzgün qiymətləndirməlidir.

İkinci mesaj

Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışında əsas məqamlardan biri də ölkəmizdə ayrı-ayrı millətlərin, dini konfessiyaların birgə dinc yaşamasıdır. 44 günlük müharibədə bütün ölkə vətəndaşlarının səfərbər olması, düşmənə qarşı döyüşmək üçün silaha sarılması birliyimizin, bütövlüyümüzün ən bariz nümunəsi kimi tarixə yazılıb. Prezident qeyd edib ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. Ona görə də biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, “Bakı Prosesi”ni başlamalı idik və bildiyiniz kimi, üç ildən sonra “Bakı Prosesi” rəsmən təsdiqləndi. Daha sonra isə biz Mədəniyyətlərarası Dialoq Forumuna başladıq. Əsas səbəblərdən biri Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olmasıdır.

Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Əslində, bütün bu hadisələr bizim sərhədlərimizə çox yaxın bir məsafədə baş verir və həmçinin əvvəllər bir neçə il ərzində Azərbaycan daxilində də olub. Bu, elə bir məsələdir ki, biz onları dostlarımızla bölüşmək istərdik.

Həmçinin öz əminliyimizi nümayiş etdiririk ki, biz bu yolda addımlarımızı davam edəcəyik. Əminəm ki, bununla hər bir ölkə uğur qazana bilər. Çünki əgər siz birincisi, bu məsələləri daxilən nəzərdən keçirsəniz, elə bir mühit yaranar ki, bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edərlər və onlara münasibət ədalətli olar. Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar. Buna görə, məhz təcrübəmiz göstərir ki, biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. Çünki o vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Elə sizin də müzakirə edəcəyiniz məsələlərdən biri bununla bağlıdır. Forumda yüzdən artıq dini nümayəndə iştirak edir. Əminəm ki, onlar qarşılıqlı anlaşmanın və hörmətin gücləndirilməsinə töhfə verəcəklər.

Bəli, həm Ermənistanla heç bir vasitəçinin olmadığı halda demilitasiya və demarkasiya prosesinə başlamağımız, həm də Azərbaycanda bütün xalqların birgəyaşayışının təmini bizim ən böyük uğurumuz sayılır. Eyni zamanda bu, bütün dünyaya Azərbaycanın bir çağırışıdır, müharibələrin daha böyük miqyas almaması, bəşəriyyətə daha ciddi ziyan dəyməməsi, dünyada dostluq və barışın təmin edilməsi üçün vacibdir.

V.VƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla