AZ

Türk dövlətlərinin iqtisadi təşəbbüsüŞƏRH

Türk

Bakı, 3 may, AZƏRTAC

Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet olaraq müəyyən edib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, növbədənkənar prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq qalib gəlmiş İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində səsləndirdiyi kimi, Azərbaycan dövləti bundan sonra da müxtəlif platformalarda bütün beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət və etimada əsaslanmış əməkdaşlığı davam etdirəcək. Dövlətimizin başçısı bu istiqamətdə bizim üçün əsas hədəflərdən birini də türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi olaraq müəyyənləşdirib. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır.

“Bu gün artıq türk dövlətləri demək olar ki, bütün sahələrdə dayanıqlı inkişafı xarakterizə edən əhəmiyyətli sənədlərini hazırlamaqdadır. Xüsusilə, 2021-ci ildə qəbul edilən “Türk Dünyasına Baxış-2040” sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsini təşkil edir. Burada prioritet istiqamətlərdən biri də türk dövlətlərinin həm regional, həm də qlobal iqtisadiyyata təsirlərinin dayanıqlılığının təmin olunması, eyni zamanda, onların vəhdətinin yaradılmasını diktə edir”, - deyə deputat bildirib.

Regional sabitliyin əldə edilməsində türk dövlətlərinin birlikdə daha böyük potensiala malik olduqlarını deyən Məzahir Əfəndiyev əlavə edib: “Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri və müşahidəçi Türkmənistan Respublikası 155 milyon əhaliyə sahib olmaqla 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir. O cümlədən, 1 trilyon ABŞ dollarından çox ÜDM-ə sahib olaraq dünyada 13-cü yerdə qərarlaşır. Dünya iqtisadiyyatının ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edən türk dövlətləri ilə Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə bu rəqəm 5 milyard 666 milyon dollar təşkil edib. Qeyd edək ki, burada əsas pay Türkiyə Respublikasının üzərinə düşür”.

İnvestisiya sahəsində də nəzərəçarpacaq nailiyyətlərin şahidi olduğumuzu deyən deputat bildirib: “Bu günə qədər Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, eyni zamanda, keçən müddət ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması mövcud münasibətlərin daha da dərinləşməsi və hökumətlərin dövlət maraqlarından çıxış edərək, türkdilli dövlətlərin birliyinin qorunmasına xidmət edir. Hökumətlərlə yanaşı olaraq, türk dövlətləri arasında iqtisadi münasibətlərin daha da dərinləşməsində vətəndaş cəmiyyəti də əməli fəallıq nümayiş etdirir. 2024-cü il mayın 2-də Bakı şəhərində təşkil olunan “Türk Dövlətləri İqtisadi Forumu - 2024” bunun bariz göstəricisidir. Həmin Forumda Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Türkiyə Parlamentinin Təhsil, Mədəniyyət, Gənclər və İdman Komitəsinin sədri Mahmut Özer, eləcə də türk dövlətlərini təmsil edən bir çox dəyərli mütəxəssislər çıxış edərək türk dövlətlərinin iqtisadi tərəqqisi ilə bağlı baxışlarını bölüşüblər. Forum, eyni zamanda, Azərbaycanın nəinki Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi fəaliyyətin şaxələndirilməsində maraqlı olduğunu, həmçinin bu gün ölkəmizin Şərqdən Qərbə, Cənubdan Şimala istiqamətlənən logistik imkanlarını artırdığını, Türk dünyası məkanının nəqliyyat təhlükəsizliyinin daha da dayanıqlılığını bir daha nümayiş etdirdi. Bu isə öz növbəsində, bir tərəfdən qlobal iqtisadiyyata olan böyük bir töhfədir, digər tərəfdən isə Azərbaycanın siyasi və iqtisadi maraqlarının təmin olunması üçün regionun lokomotivi olaraq mövqeyini daha da möhkəmləndirməsini ortaya qoyur. Belə ki, Azərbaycan vasitəsilə ötürmə qabiliyyəti genişləndirilmiş həmin mühüm logistik dəhlizlər türk dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərməklə yanaşı, eyni zamanda, bu dövlətlərin idxal-ixrac proseslərində hərtərəfli mənfəətlərini nəzərdə tutan əvəzolunmaz vasitəyə çevrilib”.

Məzahir Əfəndiyev sonda qeyd edib ki, sözü imzası qədər dəyərli olan Azərbaycan dövlətinin atdığı hər bir addım yalnız sülhə, əmin-amanlığa, təhlükəsizliyə, davamlı inkişafa, xalqların rifah içində yaşamasına hesablanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq