AZ

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Karyeranızda ikinci dəfə dünya çempionatının gümüş medalçısı oldunuz. Daha əvvəl 2021-ci ildə əfsanəvi rusiyalı idmançı, ikiqat olimpiya çempionu Roman Vlasova yenilmişdiniz. Həm o, həm də budəfəki - qırğızıstanlı Akjol Mahmudovla finalda başabaş mübarizə nəticəsində qızılı əldən verdiniz. Nəzərinizdə gümüş qazancdır, yoxsa sadəcə itirilmiş qızıl?
Mənim məqsədim dünya çempionu olmaq, çempionluq kəmərini qazanmaq idi. Gümüş medala sevinmədim, açığı, Olimpiadaya lisenziya əldə etdiyimə görə sevinirəm, amma bu gümüş mənim nəzərimdə sadəcə itirilmiş qızıldır. Özünüz də vurğuladığınız kimi, başabaş mübarizə nəticəsində, yalnız sonuncu xal prinsipinə əsasən, uduzdum. Belə uduzmaq mənə çox pis təsir edir. Olub ki, böyük xal hesabıyla uduzmuşam, o məni bu qədər yandırmayıb.
Finalda nəyi səhv etdiniz?
Fikrimcə, daha aktiv olmalı, gözləməməliydim. Əlbəttə, rəqib güclü, titullu idmançıdır. Olimpiya ikincisi, daha əvvəl bir dəfə də dünya çemponu olub. Amma açığın deyim, o, mənim heç vaxt çəkindiyim rəqib olmayıb. Bilənlər bilir ki, mən onu yenəcək gücdəyəm. Mənim az-çox ehtiyat etdiyim rəqiblər macarıstanlı Zoltan Levay, serbiyalı Viktor Nemesdir. Düzdür, Levayı bunadək iki dəfə udmuşam, amma yenə də çətin rəqibdir. Mahmudovla keçən il Konyada V İslam Həmrəyliyi Oyunlarının finalında da güləşmişdim, orada zədələrim mənə mane olmuşdu, uduzmuşdum. İnşallah, növbəti görüşdə hər şeyin fərqli olmasına çalışacağam.
Finalın və olimpiya lisenziyasının bir addımlığında ermənistanlı dünya və ikiqat Avropa çempionu Malxas Amoyanı məğlub etdiniz. Daha əvvəl ona 2022-ci ilin Avropa çempionatında uduzmuşdunuz. Bu revanşı necə dəyərləndirirsiniz?
Amoyan həmin dueldə məni sadəcə xalların keyfiyyətinə görə udmuşdu. Daha öncə mən ona üç dəfə qalib gəlmişəm. Bu qələbə ilə şəxsi görüşlərdə hesabımız 4:1 oldu. Güclü rəqibdir, amma mən yarışdan öncə finaladək məhz onunla eyni yarımqrupa düşməyi istəyirdim. Çox inanırdım ki, ona qalib gələcəyəm. Ümumiyyətlə, mənim yarımqrupum çox çətin idi. Daha əvvəl üz-üzə gəldiyim ABŞ idmançısı da, qazaxlstanlı güləşçi də kifayət qədər güclü rəqiblərdir. Ümumi götürsək, mənim qrupum Akjol Mahmudovun qrupundan daha çətin idi. Üstəlik, mən finaladək 5, o, 4 görüş keçirmişdi. Bəhanə kimi çıxmasın, amma bu da rəqib üçün hardasa əlavə üstünlük idi.
Yığmanın məşqçisi Həsən Əliyev bizə müsahibəsində demişdi ki, bəlkə də Sənan və Həsrətin dünya çempionatının finalında uduzması olimpiada üçün daha yaxşı oldu. Sizin buna münasibətiniz necədir?
Başa düşürəm o fikri də. Bilirəm nəyə görə deyir. Ondan başqaları da mənə bunu deyib. Amma mən dünya çempionu olmağı çox istəyirdim, təəssüfü hələ keçməyib.
Olimpiya çempionu olmaq üçün hansı boşluqların üzərində işləmək lazımdır?
Parisə maksimum səhvsiz yollanmalıyam. Bunadək parterdə müdafiə olunarkən boşluqlarım çox idi. Bu da əslində, daha çox qabırğalarımdakı zədələrlə bağlı olub. Amma bu dünya çempionatında rəqiblərə xal vermədim. Ümumiyyətlə, verdiyim xalların hamısı sırf cərimə xalları idi. Qazandığım xallar da ayaqüstü vəziyyətdə oldu. İndi parterdə hücumda olarkən boşluqlar var, onun üzərində işləmək lazımdır. Ümumiyyətlə, dediyim kimi, olimpiya çempionu olmaq üçün maksimum səhvsiz olmaq lazımdır.
2 qızıl, 3 gümüş medal və Paris-2024-ə iki lisenziya. Həmçinin komanda hesabında dünya çempionluğu. Son olaraq mundialda komandanın çıxışını və gələcək lisenziya yarışlarındakı perspektivini dəyərləndirərsiniz.
Öz nəticəmdən də çox, komanda şəklində dünya çempionu olmağımıza sevindim. Doğrudan da gözəl nəticə idi. Yadınızdadırsa, mən yarışdan öncə elə sizə səkkiz medal qazana bilərik demişdim, təəccüblə "8?" deyə soruşmuşdunuz. Amma gördüyünüz kimi, biz buna belə, yaxınlaşmışdıq. Ülvi Qənizadə medala, hətta çempionluğa real namizəd idi. Təəssüf ki, öz səhvindən uda biləcəyi idmançıya uduzdu. Bürünc medal uğrunda güləşən İslam Abbasovun mükafatsız qalmasında da deyərdim ki, hakim haqsızlığı həlledici rol oynadı. Fikrimcə, komandamız ən pis halda daha iki, ən yaxşı halda üç lisenziya qazana bilər.
Sahib Əsədbəyli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla