AZ

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Karyeranızda üçüncü dəfə dünya çempionatına qatılmışdınız. Bu, ikinci medalınız oldu. Medalın əyyarını yaxşılaşdırdığınız üçün sevinirsiz, ya çempionluğu itirmək daha ağır gəlir?
Hamı bilir ki, mənim məqsədim dünya çempionu olmaq idi. Əlbəttə, medal, üstəlik, olimpiadaya lisenziya qazanmaq sevindiricidir. Amma dünya çempionluğunu əldən qaçırdığım üçün üzgünəm.
Biz sizi məğlubiyyətlə barışmayan, sona qədər hücum üslubunda güləşçi kimi tanıyırıq. Ancaq kubalı Luis Orta ilə final qarşılaşmasında özünüzə bənzəmədiniz. Hətta hər iki hissədə parter rəqibin xeyrinə verildi. Bu, nədən irəli gəlirdi? Fiziki çatdırmadınız?
Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam "tutuldum". O vəziyyətimə heç cür səbəb tapa bilmirəm. Doğrudan da finala qədər keçirdiyim görüşlərlə son duel fərqli ab-havada keçdi.
Sizcə, final həmin gün olsaydı, nəticə fərqli olardı?
Bu barədə söz deyə bilmərəm. Rəqib güclü idmançıdır, 60 kiloqramda Tokioda olimpiya çempionu olub. Amma zəif tərəfləri də var. Sadəcə, öz səhvlərim nəticədə həlledici oldu. Məsələn, parteri çox zəifdir. İlk hissədə parterdə üstünlük rəqibə veriləndə mən onu çevirdim. Həmin an daha ağıllı davranıb, rəqibi döşəyin içinə fırladaraq, ardıcıl fəndlərlə görüşü bitirə bilərdim. Əksini edib çölə çıxartdım. Yenə deyirəm, o görüşdə mən özümə bənzəmirdim.
Finala qədər keçirdiyiniz görüşlərdən xüsusilə iranlı olimpiya və dünya çempionu Mohammedreza Gerayini tam üstünlüklə yenməyiniz diqqət çəkdi. Siz ona iki il əvvəlki dünya çempionatında məğlub olmuşdunuz. Bilirik ki, onunla revanş görüşünə xüsusi hazırlaşırdınız. Dueldən əvvəl, görüş zamanı xalçada nə hisslər keçirirdiniz?
Bəli, məşqçilərlə birlikdə üzərində ən çox hazırlaşdığımız idmançılardan biri o olub. Gerayinin çox təhlükəli olduğu konkret vəziyyətlər var ki, durmadan onların üzərində işləmişdik. Məsələn, o, parterdə çox güclüdür, iki il əvvəl Oslodakı dünya çempionatında da məni bu vəziyyətdə yenmişdi. Bu dəfə ona həmin fürsəti verməyəcəkdim. Düzdür, buna ehtiyac yaranmasa da, hesab edirəm ki, ümumən həmin hazırlıqlar mənə çox kömək oldu.
Yığmanın məşqçisi Həsən Əliyev bizə müsahibəsində demişdi ki, sizin, o cümlədən Sənan Süleymanovun dünya çempionatının finalında uduzması Olimpiya Oyunlarında daha yaxşı nəticə üçün yararlı ola bilər. Onun fikrinə münasibətiniz necədir?
Həsən Əliyev elə xalçanı tərk etdikdən dərhal sonra mənə dedi ki, yaxşı oldu uduzdun. Görünür, bir bildiyi var deyə elə düşünür.
Adınız ölkə idmanında Paris-2024-də olimpiya çempionluğuna əsas namizədlərdən biri, hətta birincisidir. Sizin olimpiadaya hazırlığınız da artıq indidən başlayıb deyə bilərik. Sizə ümid bəsləyənlərə nə sözünüz var?
Qabaqcadan söz verməyi xoşlamıram. Bu dünya çempionatından öncə də heç bir açıqlama vermək istəməmişdim. Sadəcə onu deyə bilərəm ki, səhvlər var, onun üzərində işləmək, olimpiadaya ideal formada yollanmaq lazımdır. Əlimdən gələni edəcəyəm ki, Parisdə xalqımızı ən yüksək nəticə ilə sevindirim.

Sahib Əsədbəylı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
azerisport.com

3Mənbələr