AZ

Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər

Mayın ilk günlərində Azərbaycan paytaxtı daha bir beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin təkcə öz sərhədləri, yaxud mövcud olduğu Cənubi Qafqaz bölgəsində deyil, bütövlükdə dünyada sülh və təhlükəsizliyin bərqərar olmasında marağının daha bir nümayişi idi.
 
Bu tədbir ölkəmizə çamur atanlara növbəti dəfə mükəmməl səviyyədə verilən cavab idi. Dünyanın 110 ölkəsindən 700 qonağın iştirak etdiyi Forum Azərbaycanın haqlı mövqeyinə qlobal miqyasda verilən dəstəyin nümayişi idi. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə yüksək səviyyədə təşkil olunub. Bu forumlarda səslənən çağırışlar bəşəriyyətin xilasına, rifahına, sülhün bərqərar olmasına yönəlib. Xatırlayırıq, koronavirus pandemiyasının tüğyan etdiyi zaman da Azərbaycan Prezidenti BMT-nin xüsusi sessiyasının çağırılması, peyvənd bölüşdürülməsində ədalətli yanaşma ortaya qoyulması və sair məsələlərlə bağlı təşəbbüs irəli sürmüşdü. O zaman Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparırdı, amma yenə də qlobal probemlərin həlli istiqamətində əzmlə mübarizə aparırdı.  
 
1714546014604652069_1200x630.jpg (103 KB)
 
Çox mühüm və nüfuzlu beynəlxalq platforma olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycana qarşı müxtəlif böhtanlarla çıxış edən paytaxtlara, mərkəzlərə, ermənipərəst qüvvələrə cavab baxımından müstəsna əhəmiyyətə malik idi. Azərbaycanın guya Ermənistana qarşı müharibəyə hazırlaşdığı barədə cəfəng iddia ortaya atıb, erməni revanşizmini körükləyənlər, məğlub erməni ordusunu yenidən dirçəltmək üçün planlar həyata keçirənlər Bakı Forumunda ucalan sülh çağırışlarına kar oldular. Amma bu görməzlik, bu eşitməzlik onların məğlubiyyətinin sonucudur. Yeri gəlmişkən, 16 apreldə məsləhətləşmələr üçün Parisə çağırılan Fransa səfiri Ann Buayon elə Bakı Forumundan bir gün qabaq Azərbaycana qayıtdı və diplomatik fəaliyyətini davam etdirməkdədir. Yanlış addım atdıqlarını anladılar, Azərbaycanı təxribata çəkə bilmədilər, nə Ermənistana qarşı hücum təşkil edə bilmədilər, nə də Azərbaycan səfirinin cavab tədbiri olaraq Bakıya çağırılmasına nail olmadılar. Azərbaycan dövlət müdrik, təmkinli siyasəti, sülhpərvər mövqeyi ilə savaş istəyənlərin cavabını verdi, öldürücü zərbə vurdu. Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında da ölkəmizin sülh təşəbbüsündən bəhs etdi. Bildirdi ki, məhz Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Sitat: “Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır”. Qalib dövlətin liderinin bu fikirləri Azərbaycanla Ermənistan arasında fərqi görmək üçün kifayət edir. Torpaqlarını ədalətli savaş apararaq azad edən və müharibə yolu ilə sülhü təmin edən ölkənin başçısı sülhpərvər mövqeyi ilə bölgədə əbədi təhlükəsizliyin təmin olunmasının yolunu göstərmiş oldu.  
 
17145460145548234945_1200x630.jpg (169 KB)
 
Bu mövqe Ermənistan üçün də xilas yoludur, tarixi şansı dəyərləndirə bilməsə, əbədi məhrumiyyətlərə düçar olacaq. Bu gün sərhədlərin müəyyənləşdirilməsinə müqavimət göstərən erməni revanşistlər ölkənin və xalqın taleyini düşünmür. Heç şübhəsiz onları belə sərsəm mövqe sərgilməyə vadar edənlər var. Çünki həmin qüvvələr Azərbaycan dövləti ilə savaşda uduzublar, özü də bütün cəbhələrdə. Dövlət başçımız da xüsusi vurğuladı ki, bəzi ölkələr Ermənistana dəstək verirdi: “30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib”. Bu fakt Azərbaycanı guya “erməni mədəni irsinə qarşı” nələrsə etməkdə suçlayanların topasına verilən cavabdır, anlasalar, ədalətli yanaşsalar. Ermənistanın Qarabağı necə viranə qoyduğunu elə bölgədə səfər edən forum iştirakçıları da şəxsən görə bildilər. Bu mənada tədbirin əhəmiyyəti daha da artır. Azərbaycan həqiqətlərini qəbul etdirmək və yaymaq baxımından çox böyük əhəmiyyət kəsb edən Forumun səsi-sədası hələ çox eşidiləcək. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, indi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil! Kifayət qədər qətiyyətlə söylənilən VASİTƏÇİ LAZIM DEYİL, sözləri bir çoxlarının qulağından sırğa kimi asılmalıdır. Xüsusilə ona görə ki, bunu Prezident Əliyev deyib və bir daha vasitəçinin “v”-sını belə səsləndirməyə gərək yoxdur. Bitdi. Necə deyərlər, vasitəçilərin yaxşısını da gördük, pisini də. Azərbaycan xalqının başının altına yastıq qoymaq üçün əllərindən gələni etdi, turist həmsədrlər. Həmsədrlərin təmsil olunduğu ölkələrin vasitəçiliyi faktiki olaraq Qarabağın qoparılmasına hesablanmışdı. Ölkə başçısı ötən çıxışlarında da bildirmişdi ki, Rusiya Azərbaycanın ədalətli mövqeyini müdafiə edir və eyni mövqenin sərgilənməsi üçün ABŞ və Fransaya mesajlar verilmişdi. Amma biz nə gördük? Rusiyanın hərbi kontingentinin vaxtından əvvəl Qarabağdan çıxarılmasına əcaib reaksiya verən ABŞ Azərbaycana qarşı növbəti təzyiqlərə əl atdı. ABŞ konqresmenlərinin 44 azərbaycanlı məşhura qarşı sanksiya tətbiq etməklə bağlı təşəbbüsləri Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərə, torpaqlarını azad etməsinə cavab cəhdidir. Fransa da əlindən gələn pislikləri etməkdədir. Amma Azərbaycan dövlətini qətiyyətli mövqeyindən döndərə bilməyəcəklər, sonda məğlub olacaqlar!
 
17145460146024422730_1200x630.jpg (208 KB)
 
Dövlət başçımız mötəbər tədbirdə nəinki ölkəmizə, ümumiyyətlə bölgəmizə qarşı planların yenə də mövcud olduğunu deyərək xəbərdarlığını etdi. Sitat: “Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”. Dövlət başçımız qeyd etdi ki, Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Mesaj aydındır, bəlli ünvanlar dərs götürsünlər...
 
Qarabağdan könüllü şəkildə köç edən ermənilər üzərində oyunlar qurmağa çalışan mərkəzlər və ölkələr məğlub oldular. Çünki bu məkrli plan ilk gündən məğlubiyyətə məhkum idi. Hətta Azərbaycan əraziləri 30 il ərzində işğalda olduğu zaman Bakıda 30 mindən artıq erməni təhlükəsiz şəraitdə yaşamışdısa, indi Qarabağdan ermənilərin guya qovulması barədə cəfəngiyyatlara heç Nikol Paşinyanın özünü də inandırmaq mümkün olmazdı, necə ki, erməni baş nazir həqiqəti etiraf etmişdi. Prezidentin dediyi kimi, Azərbaycan əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Dövlət başçımız onu da bildirib ki,  Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır; - Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Bəli, torpaqlarımızı həm də birgəyaşayışımızı təmin etdiyimizə, bütün etnik dinlərə və qruplara hörmətlə yanaşdığımıza görə azad edə bildik. Azərbaycan vətəndaşı olan bütün dinlərin və millətlərin nümayəndələri “Qarabağ Azərbaycandır” dedi. Hətta Qarabağ uğrunda şəhid verən erməni qadın da oldu bu illərdə. Odur ki, kimlərsə Azərbaycanı dini və etnik ayrıseçkiliyə, mədəni abidələrə qarşı qəsddə ittiham edə bilməz. Bakının mərkəzindəki erməni kilsəsini və minlərlə erməni kitablarından ibarət kitabxananı da kimsə unutmasın!
 
1714546014990433465_1200x630.jpg (77 KB)
 
Ölkəizin başçısı da qeyd etdi ki, mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Prezident onu da bildirdi ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Sitat: “Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib; - Obyektiv siyasi reallıq. Bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz”.
 
Budur, Azərbaycana daha bir etimad göstərilib, yekdil qərarla COP29-a ev sahibliyi edən ölkə seçilib. İlin sonlarında ölkəmizdə möhtəşəm tədbir keçiriləcək. Bu, bir tərəfdən Azərbaycanın dünyada daha bir böyük uğrurudursa, digər tərəfdən dövlətimizin qlobal məkana töhfə vermək istəyinin əyani sübutudur. Dövlətimizin başçısı çox gözəl vurğuladı, Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Qlobal məkanda körpülər salan ölkənin yolunu kəsmək, ona qarşı əsassız iddialar irəli sürmək isə vicdansızlıqdır!
 
Elşad PAŞASOY,
Musavat.com
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
Mənbələr
Şərh ()
Bağla