AZ

BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub - Fotolar

Bakı Mühəndislik Universitetində informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssis hazırlığına kömək məqsədilə bp şirkətinin dəstəyi ilə yaradılan ilk Kibertəhlükəsizlik laboratoriyasının açılış mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi mərasimdə çxış edən rektor Yaqub Piriyev universitet üçün əlamətdar olan bu tədbirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini xüsusi vurğulayıb, ulu öndərin həyatının 25 ilini milli təhlükəsizlik sistemində xidmətə həsr etdiyini diqqətə çatdırıb.

İKT-nin sürətli inkişafı nəticəsində meydana gələn kibercinayətkarlığın qlobal müstəvidə təhlükəsizlik məsələlərinin həllini aktuallaşdırdığını qeyd edən rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə kibertəhlükəsizliklə bağlı infrastrukturun və qanunvericiliyin təkmilləşdirilməsi, bu istiqamətdə kadrların hazırlanması üçün mühüm addımlar atıldığını, eyni zamanda kibertəhlükəsizliyin Azərbaycanın 2030-cu ilə qədər milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olduğunu deyib.

Yaqub Piriyev ölkədə kibertəhlükəsizlik üzrə təhsil verən azsaylı ali təhsil müəssisələrindən biri kimi BMU-da bu ildən etibarən İKT ixtisaslarının əsas baza təhsili kimi götürülməsinin nəzərdə tutulduğunu bildirib. bp şirkətinin dəstəyi ilə bundan öncə BMU-da kimya sahəsi üzrə müasir laboratoriyaların qurulmasından da söz açan rektor şirkətə təhsil sahəsinə verdiyi dəstəyə görə minnətdarlıq edib. 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də İKT və kibertəhlükəsizlik bacarıqları, ümumilikdə digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək 3 laboratoriyadan ilkinin məhz BMU-da açılmasından məmnun olduqlarını vurğulayıb.

Sonra Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub. Bildirilib ki, laboratoriya bp tərəfindən xüsusi olaraq alınmış və universitetdə quraşdırılmış 30 ədəd müasir, innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz edilib. Hər il 1000-ə yaxın müəllim və tələbənin laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcəyi, ümumilikdə rəqəmsal transformasiyanı mənimsəyəcəkləri gözlənilir. 







Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla