AZ

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü - TƏHLİL

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YENİ SƏRƏNCAMI ümumilikdə 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" mayın 2-də imzalalığı Sərəncamı həmin kateqoriyadan olan vətəndaşlara göstərilən xüsusi qayğının növbəti təzahürüdür.

Sərəncamda deyilir ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 min manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməlidir. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

PREZİDENT İLHAM ƏLİYEVİN İMZALADIĞI SƏRƏNCAMLAR İNSAN AMİLİNƏ SÖYKƏNMƏSİ VƏ HUMANİST MAHİYYƏT KƏSB ETMƏSİNİN NÖVBƏTİ BARİZ NÜMUNƏSİDİR

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin, şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.

Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İkinci Dünya müharibəndə od-alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına da Azərbaycanda böyük sayğı var. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlarının qayğılarına həssaslıqla yanaşır. 9 may faşizm üzərində qələbədən 79 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getməsi, fədakarlığı və ərənliyi torpaqlarımızın 20 faizini işğal alğında olduğu bir zamanda bugünkü gənclərə örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev dünən 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncamı insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti bariz nümunəsidir.

1941–1945-Cİ İLLƏR MÜHARİBƏSİ AZƏRBAYCAN XALQININ FƏDAKAR, QƏHRƏMAN, CƏSARƏTLİ OLMASINI BİR DAHA SÜBUT ETMİŞDİR

Balalarının əziyyət çəkdiyini görən anam bizə toxtaqlıq verər, deyərdi:– Bax, dava qurtarsın, hər şey qaydasına düşəcək, çətin günün ömrü az olar. Onda hamı bir arzuyla, bir diləklə yaşayırdı. Dava tezliklə, özü də mütləq bizim qələbəmizlə bitsin. Nəhayət müharibə qurtardı. Çoxdan gözlədiyimiz o Qələbə günü gəlib çatdı! 79 ildir ki, döyüş meydanlarında həlak olan həmvətənlərimizin xatirələrini əziz tutaraq, bu gün yaşı 90-ı ötmüş, 100-ü haqlamış veteranlarımıza cansağlığı arzulayaraq Qələbəni bayram edirik.

Lakin müstəqilliyimizin ilkin vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat qaragüruhu Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı bu qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Müharibə veteranlarını gözdən salan həmin qaragüruhçu dairələr, onların ölkənin ictimai həyatında iştirakına əngəllər yaradır, Qələbə gününə və veteranların sinəsini bəzəyən medallara ironiya ilə baxırdılar. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan riyakar təbliğat, Böyük qəhrəmanlığın üstündən vicdansızcasına xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı. 1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May Qələbə Gününə və Böyük Vətən müharibəsi veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi ögey münasibəti də birdəfəlik aradan qaldırdı. Ulu Öndər faşizm üzərindəki Qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönəlik siyasətin cinayət olduğunu bildirərək deyirdi: "Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən 1991-ci, 1992-ci, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də oradan-buradan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz".

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra, 1994-cü ildən başlayaraq 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaramaq enerjisini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması nəticəsində müharibə veteranlarına mənzillərin, avtomobillərin verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev müharibə veteranlarını "Xalqımızın qızıl fondu" adlandırırdı.

PREZİDENT İLHAM ƏLİYEV: "Biz veteranlarımızla yalnız fəxr edə bilərik"

Ulu Öndərin bu sahədəki siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Böyük Vətən müharibəsinin xalqımızın tarixindəki rolunu daim yüksək qiymətləndirir. May ayında Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalına müsahibə verən Prezident İlham Əliyev bu barədə deyib: "Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk".

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir.

Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Azərbaycan Prezidentinin növbəti yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" mayın 2-də imzalalığı Sərəncamı həmin kateqoriyadan olan vətəndaşlara göstərilən xüsusi qayğının növbəti təzahürüdür. Prezident İlham Əliyevin dediyi kimi biz onların mənəvi ruhu, nikbinliyi, həyatsevərliyi ilə yalnız fəxr edə bilərik: "Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik". Ona görə biz keçmişimizi daha dərindən öyrənməli və təbliğ etməliyik ki, müstəqilliyimizi daha da möhkəmləndirək, dövlətçiliyimi daha qüdrətləndirək. Prezident İlham Əliyevin dediyi kimi "Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik".

Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Həmin siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, veteranlar bizim qızıl fondumuzdur: "Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur."

Bir sözlə, bütün bunlar onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq. Dövlət başçımız bunu son 20 illik Prezidentlik fəaliyyəti müddədtində aydın şəkildə göstərib: "Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam",- deyən Azərbaycan Prezidenti, hər kəsin, o cümlədən şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini son 20 ildə göstərib və bundan sonra da göstərəcəyinə Azərbaycan xalqı inanır və şahidlik edir. Çünki bu sadalananlar bir daha onu göstərir ki, Azərbaycan dövləti bütün kateqoriyalardan olan vətəndaşlarına daim qayğı və həssaslıqla yanaşır və onların sosial rifahının yüksək olması istiqamətində mühüm işlər reallaşdırır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir. Ancaq bu addan sui-istifadə halları isə şəhidin adına, ruhuna hörmətsizlik etməklə, bu böyük ada ləkə yaxanlar bilməlidirlər ki, Vətənə sevgi təmənnalı olmur.

Və İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsl həyat məktəbi, canlı tarixdir. Bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla