AZ

Gizli qalan cənnət və bir səyyahın dünyaya tanıtdığı şəhər – Petra

Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir, amma qatar həmişə irəli gedər. Həyat bir qatardır.
Qatar stansiyası deyil.

Paulo Koelyo

İkinci yazı…Birinci yazı burada…

https://veteninfo.az/muselmanlarin-ilk-qiblesi-olan-petra-tarixin-en-qeyri-adi-sehiri-fotolar

Bəzən səfər etməyi xəyal edirik. Bütün səfərlər xəyallar üzərində qurulub. Xəyal edirik, bu xəyallarımız, arzularımız bizi istəklərimizə qovuşdurur. Xəyalların gerçəkləşməsi isə bir ilə də baş verə bilər, 5 ilə də… Əsas odur ki, xəyallarınız, arzularınız heç zaman tükənməsin.

Bizim xəyallarımızı isə İordaniya turizm bürosunun və “R-travel&Tours” Azərbaycan şirkətinin  gerçəkləşdirirdi. Bu səfərə ölkəmizin bir neçə turizm şirkəti və bloggerlər dəvət olunmuşdu.

image-1

Atalar doğru deyib, «çox oxuyan çox bilməz, çox gəzən çox bilər». (Düzdür, istisnalar da var, böyük Nizami bütün ömrü boyu Gəncədən kənara çıxmayıb, lakin Xəzinə yaradıb, gedib! Əgər kənara çıxmış olsaydı, nələr yaradardı, düşünə bilərikmi?)

Biz cəmi-cümlətanı yeddi milyard əhalisi olan planetimiz haqqında əslində çox az şey bilirik, amma düşünürük ki, heç də az bilmirik. Mən adı yaxın, özü uzaq olan bu məmləkət haqqında nə bilirdim ki? Qəşəng adı olan bu ərəb ölkəsini birinci növbədə onun simvolu olan Petra ilə tanıyırdım. İordaniyanın qədim şəhəri olan, iki min il əvvəl Nəbatilər tərəfindən yaradılmış və 1985-ci ildə UNESCO-nun qərarı ilə dünyanın «Yeni yeddi möcüzəsi»ndən biri elan edilmiş möhtəşəm Petra bizi elə qələbəliklə qarşıladı. Bu şəhərin tarixi ilə bağlı məlumatımız olsa da bələdçimiz Sufian  dayanmadan Petra haqqında məlumatları verirdi.

image-8

Petra Lut gölü (Ölü dəniz) ilə Əqəbə körfəzi arasında  yerləşir.

Əvvəla onu deyim ki, İordaniyalılar  çox şən, deyən-gülən, ortaya düşüb oynamağa bəhanə axtaran bir xalqdır. Şəhər–muzeyə giriş yerlilər üçün rəmzi olaraq 7 dinar, turistlər üçün isə 70  dinardır, yəni 100 dollar. Bizim üçün qarət sayılsa da, onların da çörəyi bundan çıxır, ölkənin təbìi sərvətləri yox dərəcəsində olduğundan bütün qüvvələrini turizmə səfərbər ediblər. Hətta içməli suyu da qonşu İsraildən alırlar. İsrail Aralıq dənizinin suyunu özü təmizlədikdən sonra İordaniyaya verir. İordaniyanın iqlimi burada ilin dörd fəslində turist qəbul etməyə imkan verir. Ölkədə daş dövründən tutmuş qədim yunan, Roma dönəmlərinə aid islam da daxil olmaqla, çoxlu sayda tarixi abidə var. Bizdə bu abidələri kəşf etmək üçün qrupumuzla yola çıxırıq.

image-2

Amma İordaniyanın vizit kartı  Petradır.   Təbiət çəhrayı, al qırmızı, narıncı, qızılı çalarlarla Petranın dağlarını kosmik rənglərə boyamışdı.

Petra hələ Bibliyada xatırlanan, Nəbatilərin paytaxtı kimi tikilən, inkişaf edən, çiçəklənən və varlanan ticarət mərkəzi olmuşdur. Özünün çəhrayı rəngli torpağına işarə olaraq «Qırmızı qızılgül rəngli şəhər» kimi poetik ad daşıyan Petra həm də əsas karvan yolu olmuşdur. Qədim zamanlarda sarvanlar yük daşımaqdan əlavə, həm də kontinentlər, uzaq şəhərlər arasında xəbərlər aparıb-gətirirdilər. Başqa ölkələrdə baş verən hadisələrdən
yerli əhali dünyanı gəzib gəlmiş səyahətçilər vasitəsilə xəbər tuturdu. Petra da Yaxın Şərqin karvanların gəlib keçdiyi məşhur şəhərlərindən idi. Şərqə dəniz yolu açıldıqdan sonra Petranın tənəzzülü başladı. Yüzilliklər gəlib keçdikcə Petra da səhranın dərinliklərinə çəkilir, sözün əsl mənasında itib-batırdı.

Sərt dağ massivində gizlənmiş bu şəhər XIX əsrə qədər elə dünyaya da gizli-pünhan qalmaqda idi. Petra bir də 1812-ci ildə üzə çıxdı. Qayıtdı, özü də tək qayıtmadı, özü ilə saysız-hesabsız qonaqlar gətirdi. İndi Petranı il ərzində dünyanın hər yerindən 3  milyon turist ziyarət edir. Vaxtın özü qədər qədim olan bu şəhərin küçələri ilə irəliləyərkən təxəyyülə güc verib zamanın çarxını sürətlə geriyə fırlatmaq, burada yaşayanları və yaşananları görmək istəyirsən… Petra ətraf ərazilərdən altı yüz metr yüksəklikdə yerləşir, ona görə bu şəhəri hücumla almaq heç bir istilaçıya qismət olmayıb.

image-4

Petra daş tapmaca, daş akvarel, daş şahid kimi adlarla da mifləşdirilmişdir. Tarixi tarixçilər yazırlar, üzünü köçürürlər, dəyişirlər, istədikləri kimi düzəldirlər. Əfsanə isə yarandığı kimi də nəsildən nəsilə ötürülür… Əfsanə ölmür! Nə canlısı, nə cansızı! Tarixin «götürüb saxladığı» qızıdır Əfsanə!
Bu gün Petranın cəmi on beş faiz ərazisi səyyahlar, tarixçilər, arxitektorlar, alimlər tərəfindən öyrənilə, tədqiq edilə, araşdırıla bilmişdir. Deyilənə görə, Misir hökmdarı Kleopatra Yuli Sezardan məhəbbətinin sübutu kimi Petranı istəsə də, böyük sərkərdə buna heç vəchlə razı olmayıb.

Əl-Xəznə – həm də qədim daşyonanların, həkkakların və inşaatçıların özlərinə, öz zamanlarına və sənətlərinə ucaltdıqları əzəmətli bir daş əsər olmaqla, keçmiş sivilizasiyanın izləri kimi bu günün memarları üçün tapmaca olaraq qalmaqdadır. Bələdçinin söylədiyinə inansaq, xəzinə qayaya elə hesabla həkk olunub ki, necə güclü yağış yağsa da islanmır. Bu tikili eramızın II əsrinə aiddir, amma elə bil bu dəqiqə qoyub gediblər, nə binanın rəngi solub, nə də bir daşı düşüb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, hamımızın izlədiyi məşhur filmlərin bir neçəsi məhz Petrada çəkilib.

image-22

«Sindbad və pələngin gözü» filminin bir hissəsi, «İndiana Cons» blokbasterinin və «Transformerlər»
filminin bəzi səhnələri məhz Petrada çəkilib.

image-11

Bir sözlə Petra cənnətin yer üzündəki nümünsidir. Petra insan və təbiətin birgə əsəridir.

Davamı növbəti yazımızda…

Qoşqar Salmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
Mənbələr
Şərh ()
Bağla