AZ

“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar

“Neftçi” yeni müqaviləyə hazırlaşır. Paytaxt klubu tezliklə nigeriyalı futbolçunu heyətinə qatacaq.

Futbolinfo.az xəbər verir ki, Akinkunmi Amoo artıq bakılıların düşərgəsindədir və onunla 4 illik (!) müqavilə bağlanacağı gözlənilir.

Nigeriyalı sağ vingerdi. Pleymeyker mövqeyində də oynayır. Çox güman ki, 22 yaşı olduğunu əsas gətirib menecerlər onu “perspektivli” adı ilə “Neftçi”yə sırıyıb. Halbuki onun qısa müddətdə 4 klubda çıxış etməsi həm səviyyəsinə, həm də yaşına şübhə etməyə imkan verir.

Futbolun sirlərini ölkəsinin “Sido” klubunda öyrənən Amoonun ilk peşəkar klubu İsveç “Hammarbü”sü olub. O, daha sonra “Kopenhagen” (Danimarka) və “Omoniya”da da (Kipr) çıxış edib.

“Hammarbü” karyerası uğurlu başlayıb. 2020-21 mövsümündə 36 oyunda 13 qol, 5 assistlə yadda qalıb. Ancaq 2022-ci ilin yanvarında 4 milyon avroya keçdiyi “Kopenhagen”də əsas heyətə düşə bilməyib və eniş yaşayıb. Ötən ilin yayında “Omoniya”ya keçsə də, Kipr klubunda da özünü doğrulda bilməyib. Nəticədə bu ilin martında “Omoniya”dan ayrılaraq azad agent statusu alıb.

blank

O, 2019-cu ildə Nigeriyanın U-19 yığmasının heyətində dünya çempionatında iştirak edib. 2022-ci ilin martında dünya çempionatının seçmə mərhələsində Qana ilə oyunda Nigeriyanın əsas millisinə çağırılsa da, ehtiyatda qalıb.

Amoo bəlkə də çox uğurlu transferi siyasəti yürüdən hansısa klub üçün perspektivinə ümid etmək baxımından doğru seçim sayılardı. Ən azı ümid etmək olardı ki, bəlkə alındı. Lakin “Neftçi”nin bahalı legionerlərinin ehtiyatda yatdığını, böyük əksəriyyətinin etimadı doğrultmadığını nəzərə alsaq, klub rəhbərliyi ehtiyatlı olmalıdır. Büdcənin tükəndiyi, mövsümün bitdiyi indiki məqamda belə bir futbolçu ilə 4 illik müqavilə niyə bağlansın ki? Hələ rəsmiləşməyib, amma paytaxt klubunda məşq edirsə, anlaşma haqda söz-söhbət varsa, deməli, imzanın atılacağı gün də uzaqda deyil.

Doğrusu, “Neftçi”də rəhbər dəyişikliyi reallaşmadan belə bir müqavilənin bağlanması daha çox fürsətdən istifadəyə bənzəyir. Kim gətirib, niyə gətirib – araşdırılması lazımdır və Rövşən Nəcəfin xələfi müəyyənləşənə kimi gözləməkdə fayda var. “Neftçi” eksperiment meydanı olmamalıdır. Akinkunmi həqiqətən istedadlıdırsa, azad agent olmamalıydı, riskli seçimdirsə, onunla 4 illik müqavilə bağlamaq olmaz! Həm də ilin-günün bu vaxtında, komandanın hətta avrokuboka vəsiqəni təmin etməsi dəqiqləşmədiyi dönəmdə…

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla