AZ

Qadın sevgidən, sevgi qadından başlayır

Əvvəllər xanımları ən özəl günlərində təbrik edən zaman "incə", "zərif" kimi sözlərdən istifadə olunurdu. Nədənsə günümüzdə bu mövzuya baxış da bir xeyli dəyişib. Artıq "əzmli", "güclü", "sən tək min kişiyə dəyərsən" kimi ifadələrə tez-tez rast gəlirik. Qadın zərifliyi bu qədər incə səslənərkən günümüzün hansı reallıqları düşüncələrimizi fərqli yönə çevirməyə səbəb olur? Bugünkü cəmiyyətin qadınlıqdan gözləntisi nədir? 

Ümumiyyətlə, bu mövzuda olan əksər problemlərin yaranma səbəbi qadına verilən dəyərin dəyərsizliklə rəqabətdə olmasıdır. Yemək bişirmək, təmizlik işlərinə baxmaq, sadəcə xidmət etmək vəzifəsinə mənsub, heç bir zərif duyğuya layiq olmadıqlarını düşündürən bir qisimlə, qadınsız həyatını təsəvvür edə bilməyən tərəf vuruşur. Ya da yoxe, hansı rəqabətdən danışırıq ki... Cəmiyyətin məişət problemlərinə nəzər salsaq, birinci qismin çoxdan qazandığını görməmək imkansızdır. Nə isə.. Mövzum məişət problemləri, qadınların alçaldılması, bir tikə çörəyə möhtac qoyulması, ən aciz varlıq kimi görülməsi, şiddətin baş alıb getməsi deyil. Bu yazıda bu məsələlərə toxunmayacam. Bizə nə camaatın evinin içindən? Gülüncdür eləmi? Hərə öz evinə girib, hər evdə bir problem, qapını bağlasa, kimsə kimsəyə dəyib-dolaşmasa nə əla olur.. Nə qədər kənar gəzsəm də, dilə gətirib danışmamaq mümkün deyil. 
 Qadınlara cəmiyyətdə yeni-yeni yer verilir desəm, bu fikri dərindən dərk edib mənimlə razılaşarsınız? Peşə fəaliyyətində belə ayrı-seçkilik probleminin azalmağına hələ təzə-təzə öyrəşirik. Polis qadın görəndə siz də təəccüblənirsiniz? Qəlibləşmiş simalara o qədər öyrəşmişik ki, yanlışları belə illərdir görürük deyə doğru sanırıq. 
Yalnız qadın olmaq yox, insan olmaq üstünlükdür. Və özünü qarşı cinsdən üstün sayırsansa, sən üstünlükdən nəsibini almamısan deməkdir. 
 "Nə gözəldir, elə bil qadın əli dəyib". Qadın qəlbi ruhu sevildikcə gözəlləşir. Öz incəliyi ilə seçilən varlıqlarıq biz. 
Qadın sevgidən, sevgi qadından başlayır. 

Mən əsla isyan etmirəm. Axtarsaq həyatımızın hər bir zərrəsində problem tapa bilərik. Doğrudur, şiddət, dəyərsizlik heç nə ilə bərabərləşdirilə bilməz. Amma dəyişmə şansımız heçmi yoxdur? Hər kəsə, hər şeyə layiq olduğu dəyəri versək, dünya necə gözəlləşər, İlahi?! Yetəri qədər qayğı göstərdiyiniz çiçəyin açmadığına heç şahid olmusunuzmu? Açır, qoxusu ətrafı elə bürüyür ki, gəl görəsən.. 

Tam düzgün fikirlər olur. Hansı ki, o hər kəsin beynində eyni cür sabitlənməlidir, bunun başqa alternativi yoxdur. Təəssüf ki, qadına verilən dəyər hər beyində bir cür olanlardandır. Qızlarınıza özünü sevməyi, zərifliyini itirmədən güclü olmağı öyrədin. Qadınları kobudlaşdırmayın. Kökündən kəsdiyin ağaca, gəlib "sən niyə bar vermirsən?" deyə bilməzsən. Sevgini göstərmədiyin qadından sevgi gözləyəməyə də haqqın yoxdur. 
  Mən inanıram. İnanıram ki, gələcək nəsillər öz lüğətlərindən dəyərsizlik sözünü qətiyyətlə siləcəklər. Hüseyn Cavid demişkən: "Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək."

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla