AZ

"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"

Ermənistanın işğalda qalan səkkiz kəndimizindən dördünün geri qaytarılması barədə qərarı sülh müqaviləsinin imzalanmasına olan ümidləri daha da artırdı. Heç şübhəsiz ki, Ermənistanın belə bir qərar qəbul etməsi onun səmimiyyətindən və ya sülh razılaşmasının əldə olunmasını istəməsindən deyil, Azərbaycanın sülhə məcburetmə tədbirlərinin nəticəsində meydana çıxdı. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə bildirib.
 
Politoloq bildirib ki, İkinci Qarabağ zəfərindən sonra Azərbaycan sülh danışıqları ilə bağlı təkliflərini irəli sürərək, müzakirələrin birbaşa olaraq iki tərəf arasında aparılmasının müsbət nəticənin əldə olunmasını sürətləndirəcəyini bəyan edirdi. Lakin Paşinyan höküməti regionda öz marağı olan qüvvələrin təsiri ilə müxtəlif platformalarda müzakirələrin aparılmasını, daha doğrusu sülhün əldə olunmasını uzatmağa çalışırdı. Eyni zamanda, Azərbaycanla olan sülh danışıqlarını Rusiya – Ermənistan, Qərb – Rusiya müzakirələri ilə şaxələndirməyə və belə gərginlikdən faydalanmağa planlayırdı.  Ancaq 2023-cü ilin aprel ayında Laçın sərhəd keçid məntəqəsinin yaradılması, sentyabrında antiterror əməliyyatının keçirilməsi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazidən vaxtından əvvəl çıxmaları, Fransanın bizə qarşı qarayaxma kampaniyasının, beynəlxalq təsir formalaşdırma cəhdlərinin uğursuz olması Ermənistanda kənar qüvvələrə olan ümidini faydasız olduğunu göstərdi. Hesab edirəm ki, bu ilin 5 aprel tarixində Ermənistan Baş naziri ilə Avropa İttifaqı komissiyasının prezidenti və ABŞ-ın dövlət katibi arasında olan görüşdə Paşinyanın istədiklərini ala bilməməsi, görüşdən əvvəl formalaşdırılmış “böyük dəyişiklik olacaq” eyforiyasının puç olması da Ermənistanın Azərbaycanla sülh danışıqlarına ikitərəfli müstəvidə başlaması üçün təsir edən faktorlardan oldu. 
 
Hal-hazırda Azərbaycanla Ermənistanın münasibətləri üç məsələnin müzakirəsi şəkilində - sərhədlərinin müəyyən olunması, sülh müqaviləsinin əldə olunması üçün danışıqların aparılması və komunikasiya xətlərinin açılması istiqamətində aparılır. Hesab edirəm ki, sərhədlərin müəyyən olunması və işarələnməsi ilə bağlı anklav kəndlərimizin və onlardan əlavə olaraq da heç bir siyasi və hüquqi əsası olmadan Ermənistana verilmiş torpaqlarımızın da geri qaytarılmasının şahidi olacağıq. Sərhədlərin müəyyən olunması istiqamətində atılan addımlar sülh müqaviləsinin də bu il ərzində imzalana biləcəyinə böyük ümidlər yaradır.  Ermənistanın işğal siyasətinin, yəni bizə qarşı torpaq iddialarının arxasında iki əsas faktor var – ermənilərin düşüncələri, yəni mifik Ermənistan və hüquqi baza, yəni Azərbaycanın torpalarını qanunlarında rəsmi şəkildə öz əraziləri kimi göstərmələri. Ermənistanın Baş naziri Paşinyan bu iki yanlış yanaşmanı aradan qaldırma istiqamətində addımlar atsa da, proseslər ləng gedir. Paşinyan erməni cəmiyyətini inandırmağa çalışır ki, “biz tarixi – mifik Ermənistandan real Ermənistana dönməliyik”. Eyni zamanda, Azərbaycana və Türkiyəyə qarşı qanunlarımızda göstərilmiş torpaq iddialarından əl çəkməliyik. Erməni cəmiyyətinin beyinlərinə yeridilmiş mifin, saxta tarixin tezliklə dəyişilməsini gözləməsəm də, konstitusiyalarında və digər qanunlarında qonşulara qarşı torpaq iddialarından imtina üçün tezliklə tədbir görəcəklərini ümid edirəm.  
 
Y. Hacızadə bildirib ki, ən çətin məsələ komunikasiyalarla bağlı olan müzakirələrdi. Çünki bu məsələdə bir çox qüvvələrin toqquşan maraqları var. İran dəhlizin açılmasının əleyihinə olsa da, Rusiya və qərb ölkələri açıldığında kimin nəzarət edəcəyi uğrunda mübarizə aparırlar. 
 
Son bir neçə ildir ki, regionumuzda baş verən dəyişikliklər dövlətimizin müəyyənləşdirdiyi və maraqlarına cavab verdiyi xətt üzrə inkişaf edir. Regionumuzda yeni reallığı qəbul etmək istəməyən, sülhün əldə olunmasına mane olmağa çalışan bəzi qüvvələr zərərsizləşdirilib. Onların regionla bağlı ümid və planlarları Prezident İlham Əliyevin formalaşdırdığı siyasət nəticəsində sıradan çıxarılıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla