AZ

TRACECA-nın nəbzi ölkəmizdə döyünür

Bu il yollarımızla 16 milyon ton yük daşınacağı gözlənilir 

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə (TRACECA) üzv olan Xəzəryanı dövlətlərin limanları və gəmiçilik şirkətləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə mayın 10-da Bakıda həmin strukturların nümayəndələri ilə görüş keçiriləcək. Adıçəkilən nəqliyyat dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramovun sözlərinə görə, görüş çərçivəsində tədbirlər planı qəbul ediləcək. Həmin plan Xəzəryanı ölkələrin limanları ilə gəmiçilik şirkətləri arasında əlaqəni gücləndirəcək. Bu, eyni zamanda, daha çevik və daha tez yükdaşımaların həyata keçirilməsinə töhfə verəcək.

R.Bayramov daha sonra əlavə edib ki, sözügedən nəqliyyat dəhlizi boyunca yükdaşımaların həcminin artımını nəzərə alaraq Xəzər üzərində keçidlərdə müəy­yən gözləmələr mövcud olur. İndiki tədbir də həmin çatışmazlıqların aradan qaldı­rılması ilə bağlıdır. 

Hökumətlərarası Komissiyanın Azər­baycan üzrə milli katibi, həmçinin bildirib ki, TRACECA ölkələri Azərbaycanın hava limanlarında dronlara qarşı istifadə edilən mübarizə sistemlərinə maraq göstərirlər. Bu barədə müzakirələr TRACECA ölkələ­rinin Bakıda “Aviasiya Təhlükəsizliyi və Riskin Qiymətləndirilməsi” mövzusunda iki günlük (29-30 apreldə) seminarında aparılıb: “Seminarda aviasiya sahəsin­də təhlükəsizliyin genişləndirilməsi, ki­bertəhlükəsizlik kimi məsələlərə toxunu­lub. Ölkələrin mülki aviasiya sahəsində mövcud problemləri diqqətə çatdırılıb”.

R.Bayramov bütün bunlarla bərabər, sözügedən nəqliyyat dəhlizinin Azərbay­can hissəsi ilə bu il daşınan yüklərin həcmi­ni də açıqlayıb. O, yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcminin 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 20 faiz çox–4 mil­yon ton təşkil etdiyini və bu göstəricinin ilin sonuna qədər 16 milyon tona çatacağının proqnozlaşdırıldığını bildirib. 

Xatırladaq ki, TRACECA proqra­mı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat na­zirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirak­çıları tərəfindən TRACECA texniki yar­dım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib. 

1998-ci il sentyabrın 7-8-də isə Bakı­da 9 ölkənin - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumı­niya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi tarixi İpək yolunun bərpa­sına həsr olunmuş beynəlxalq konfrans keçirilib və 14 ölkənin üzv olduğu TRA­CECA-nın müvafiq proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inki­şafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib. 

Bu məqamda xatırlatmaq yerinə düşər ki, müstəqilliyimizin ilk illərində nəqliyyat əlaqələrinin daha geniş coğra­fiyada bərpası zərurəti yaranmışdı. Buna görə də tarixi İpək yolunun müasir şərait­də yeni elmi əsaslarla qurulması mühüm və təxirəsalınmaz vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. Avropa Komissiya­sı tərəfindən hazırlanan və respublikamı­zın iqtisadi inkişaf strategiyasında əsas yer tutan həmin yolun bərpası, TRACE­CA nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi isə nəzərdə tutulan məqsədin gerçəkləşməsində həlledici rol oynadı. 

Qeyd edək ki, TRACECA Xəzəryanı dövlətlərin limanları və gəmiçilik şirkətləri arasında əlaqələrin genişləndirilməsini daim diqqət mərkəzində saxlayır. Elə bu­nun nəticəsidir ki, Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi boyu “Bir pən­cərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun rəqəmsallaşdırıl­masına mühüm önəm verir. Bu yenilik marşrutun cəlbediciliyinin artırmaqla ya­naşı, həm də əlavə yüklərin daşınmasına əlverişli şərait yaradır. 

Yeri gəlmişkən, TRACECA-nın bey­nəlxalq yük daşımalarının səmərəliliyi­nin təmin edilməsində fəal iştirakçı olan Azərbaycan bu dəhlizə üzv 13 ölkə ilə birlikdə nəhəng infrastrukturun inkişa­fında mühüm rol oynayır, daşımaların həcminin artırılması məqsədilə xüsusi layihələrin həyata keçirilməsinə prio­ritet istiqamət kimi yanaşır. Bir sözlə, TRACECA boyunca multimodal nəqliy­yatın inkişafı, dəhlizin rəqəmsallaşdı­rılması, sərhəd-keçid prosedurlarının asanlaşdırılması, beynəlxalq avtomobil nəqliyyatı üzrə icazə sistemləri, habelə infrastrukturun inkişafına yönəlmiş digər məsələlərin həllinə böyük önəm verir. 

Respublikamızda uzun illər ərzində nəqliyyat–logistika sisteminin inkişafı ilə bağlı qoyulan investisiya hesabına bu sahədə indiyədək mühüm layihələr icra edilib, dəmir və magistral yollar istifadəyə verilib, yeni tankerlər, bərələr və yük gə­miləri potensialı gücləndirilib, müasir gəmiqayırma müəssisəsi işə salınıb. Bü­tün bunlarla bərabər, ölkəmiz Bakı-Tbi­lisi-Qars dəmir yolu infrastrukturunun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırıb. Respublikamız Yeni Bakı Dəniz Ticarət Limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndi­rilməsini, hava limanları layihələrinin ta­mamlanmasını gerçəkləşdirilib. 

Yeni Bakı Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla ətraf sahələrdə azad iqtisadi zona da yaradılacaq. Belə bir planın gələcəkdə reallaşması isə tranzit və daşıma imkanları geniş olan mühüm nəqliyyat qovşağının–adıçəkilən limanın TRACECA-nın inkişafında rolunu daha da artıracaq. 

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafı­nın və idarəsinin hüquqi rejimini müəy­yənləşdirən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb. Sənədə əsasən, həmin iqti­sadi zonada təsərrüfat subyektləri üçün vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və s. rejimləri yaradıl­ması nəzərdə tutulub. 

TRACECA-dan danışarkən, sonda bir məqamı da vurğulayaq. Belə ki, bu nəq­liyyat dəhlizi Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında önəmli bir baza, körpü rolunu oynayıb. Başqa sözlə, Azərbaycan bununla Avro­pa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inki­şaf etdirilməsinə böyük töhfə verib, ölkə­mizin dünya dövlətləri ilə inteqrasiyasının daha da dərinləşməsinü sürətləndirib. 

Vaqif BAYRAMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
Mənbələr
Şərh ()
Bağla