AZ

Azərbaycan “yaşıl” enerji tranzitinə çevrilir

Son illər Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadiyyatın bir çox sahələrində, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edirlər. Dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçılarından olan ölkəmiz regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin də əsas təşəbbüskarı kimi çıxış edir. Artıq Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji”nin ixracı ilə bağlı imkanlarını əlaqələndirməyə başlayıblar.

Mayın 1-də Daşkənddə keçirilən gö­rüşdə adıçəkilən ölkələrin iqtisadiyyat və energetika nazirləri Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisin­dən keçməklə Avropaya nəqli perspek­tivlərini müzakirə ediblər. Bununla bağlı Azərbaycan, Qazaxıstan və Özbəkista­nın energetika nazirləri enerji sistemlə­rinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar. Beləliklə, keçmiş sovet müttəfiqləri və indiki tərəf­daşlar Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel çəkməklə öz enerji sis­temlərinin inteqrasiyası imkanlarını öy­rənəcəklər. 

Azərbaycan, Qazaxıstan və Özbəkis­tanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumunun imzalanması ilə bağlı “X” sosial şəbəkə­sindəki hesabında məlumat verən iqti­sadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, sənədin icrası “yaşıl enerji”nin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin in­teqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə tə­kan verəcək.

Əslində, hər üç ölkənin bu sahədə əməkdaşlığa başlaması üçün imkanları yetərincədir. Zəngin neft və qaz ehtiyat­larına malik Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı üçün də bö­yük potensialı var. Belə ki, son tədqiqat­lar Azərbaycanda 27,5 qiqavat həcmində bərpaolunan enerji potensialının möv­cudluğunu təsdiqləyib. Bunun 3 qiqa­vatı külək enerjisinin, 23 qiqavatı günəş enerjisinin, qalanı isə bioenerjinin və dağ çaylarının payına düşür. Eyni zamanda, ölkənin Xəzər dənizində külək sayəsin­də enerji istehsalı üçün, təxminən, 157 qiqavatlıq potensialı var. Gözləntilərə gəlincə, Azərbaycan bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdı­rır. 

Hazırda uran hasilatında lider olan Qazaxıstan da günəş və külək stansi­yaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək “yaşıl enerji” mərkəzinə çevrilməyi hədəfləyir. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard ki­lovat-saatdan artıq, günəş enerjisi isə 1 trilyon kilovat-saatdır. Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalın­da bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə, 2050-ci ilə qə­dər isə 50 faizə çatdırmağı planlaşdırır.

Mərkəzi Asiyanın güclü iqtisadiyyata malik ölkəsi olan Özbəkistan isə “yaşıl enerji”yə dayanıqlı gələcəyin açarı kimi baxır. Ölkədə külək enerjisinin potensialı 520 qiqavat, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kilovat təşkil edir. Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bər­paolunan enerji mənbələrinin payını 25 faizə çatdırmağı nəzərdə tutur. 

Ekspertlər hesab edirlər ki, belə bir yüksək potensialı hərəkətə gətirməklə bu ölkələr birlikdə Avropanı təmiz, eti­barlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çev­rilə bilərlər. Onların fikrincə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əldə olunmuş razılaşmalar, sadəcə, biznes xarakteri daşımır. Bu, Mərkəzi Asiya ölkələri üçün dünya arenasında rollarını möhkəmləndirmək, Avropa ilə əlaqələri gücləndirmək və vətəndaşları üçün da­yanıqlı gələcək yaratmaq şansıdır.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycan, Özbəkistan və Qa­zaxıstanın energetika nazirləri tərə­findən imzalanan Anlaşma Memoran­dumu çox böyük əhəmiyyətə malik bir sənəddir. Belə ki, əgər 2022-ci ilin de­kabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqın­da Saziş”ə əsasən Qara dənizin dibi ilə keçəcək sualtı kabelin çəkilməsini nəzərdə tutan layihə həyat vəsiqə al­mışdırsa, artıq onun gerçəkləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. 

Mayın 1-də baş tutan mərasim isə Azərbaycanı nəinki “yaşıl enerji”nin is­tehsalçısı və Avropaya ixracatçısı kimi gündəmə gətirdi, həm də ölkəmizin bu növ enerjinin tranziti üzrə vacib bir dövlətə çevrilməsinin reallaşdırılması istiqamətində xüsusi bir addım oldu. Çünki Xəzər dənizinin dibi ilə yüksək gərginlikli elektrik infrastrukturunun çə­kilməsi ölkəmizin enerji tarixində yeni bir səhifə açacaq. Eyni zamanda, Azər­baycanın bu məsələdə Mərkəzi Asiya ölkələri ilə razılığa gəlməsi də təsadüfi deyil. Çünki postsovet məkanında alter­nativ və bərpaolunan enerji mənbələrin­dən elektrik enerjisinin real istifadəsinə görə Qazaxıstan birinci yerdədir. Təkcə onu demək kifayətdir ki, 2023-cü ildə bu ölkə alternativ və bərpaolunan enerji mənbələrindən 6,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. 

Özbəkistan da son üç ildə günəş elektrik stansiyalarının tikintisinə böyük investisiyalar qoyub. Yeri gəlmişkən, Azərbaycanın “yaşıl enerji” investor­ları olan “Masdar” və “ACWA Power” şirkətləri bu ölkənin enerji bazarında fəal işləyirlər. Bir məsələni də qeyd edim ki, bir neçə ildən sonra Qazaxıs­tan “yaşıl enerji” istehsalını 10 milyard kilovat-saata çatdırmaq istəyir. Özbə­kistan isə günəş və külək mənbələrin­dən 3-4 milyard kilovat-saat enerji əldə etməyi planlaşdırır. Azərbaycanda ötən il 200 milyon kilovat-saata qədər günəş və külək enerjisi istehsal olunması­na baxmayaraq, yaxın gələcəkdə bu həcmin, təqribən, 10-15 dəfə artırılmsı planlaşdırılır. 

“Yaşıl enerji”nin istehsalı üçün ən vacib amil isə günəş panellərinin və külək turbinlərinin quraşdırılması üçün kifayət qədər sahənin olmasından ibarətdir. Bu baxımdan Qazaxıstan və Özbəkistanın imkanları olduqca yük­səkdir. Belə ki, bu ölkələrin əraziləri­nin, təqribən, 80 faizə yaxını çöllük, səhralıq və yarımsəhralıqlar təşkil edir. Həmin ərazilərdən kənd təsərrüfatı və digər məqsədlər üçün istifadə edilmir. Ona görə də “yaşıl enerji” istehsalını daha səmərəli şəkildə, daha ucuz ka­pital hesabına, yəni əlavə torpaq alma­dan ərsəyə gətirmək mümkündür.

Sual oluna bilər: nəyə görə Türk­mənistan bu sazişdə yoxdur? İş ora­sındadır ki, hələ 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Agentliyi bu ölkəyə alternativ enerji mənbələrindən istifadə ilə bağlı tövsiyələrini vermişdi. Üstündən 5 il keçməsinə baxmayaraq, Türkmənistanda bu sahədə heç bir irəliləyiş yoxdur. Hətta bu ölkənin sta­tistikasında belə, alternativ enerji mən­bələrinin istehsalı ilə bağlı hər hansı məlumata rast gəlinmir. Baxmayaraq ki, Türkmənistanın günəş enerjisini elekt­rikə çevirmək sahəsində çox böyük po­tensialı var. Çünki bu ölkənin ərazisinin 80 faizi səhralıq olduğu üçün orada elə panellər yerləşdirmək mümkündür ki, həmin qurğular həm Günəşdən aldığı, həm də qızmar istilərin təsirinə mə­ruz qalan qumun əks etdirdiyi enerjini elektrikə çevirə bilsin. Buna baxma­yaraq, Türkmənistan yenə qazdan is­tifadə etməkdə israrlı olduğundan bu sahəyə meyil göstərmək istəmir.

Mirbağır YAQUBZADƏ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
Mənbələr
Şərh ()
Bağla