AZ

Gəncə Teatrının unudulmaz siması

Xalq artisti İsmayıl Talıblı yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən bəhrələnən, özünün böyük sənət məktəbini yarada bilən teatr xadimlərindən olub. 

Onun taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhul­la, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyevlə dostluq edib və bu da İsmayılın sənət seçimini müəyyənləşdirib. 1919-cu ildə İsmayıl Talıblı yenicə fəaliyyətə başlayan Hö­kumət Teatrosuna – hazırkı Akademik Milli Dram Teatrına qəbul edilib. İlk 5 ildə orada 40-a yaxın müxtəlif xarakterli dolğun obrazlarını yarada bilib. İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrına göndəri­lib. Tarixi sənədlər göstərir ki, bu kollektiv 6 aydan sonra Bakı Türk İşçi və Kəndli Te­atrı adlandırılıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın yaradıcı kollektivinə uyğunlaşa bilib, səh­nədə bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradıb. 

1932-ci ilin sonunda Bakı Türk İşçi Teatrının yaradıcı kollektivlə birlikdə Gəncə şəhərinə köçürülməsinə qərar verilib. Kollektivin üzvlərindən truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaq­cıl aktyor Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları da Gəncəyə gələrək burada bir müddət fəa­liyyət göstərdikdən sonra yenidən Bakıya qayıdıblar. Lakin İsmayıl Talıblı öz doğma kollektivindən ayrılmayıb və ömrünün so­nunadək Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. O, 1942-1943-cü illər ərzində bu sənət məbədinin direktoru kimi də çalışıb.

Xalq artisti, qocaman teatr və kino aktyoru Məhəmməd Burcəliyevin böyük oğlu Tamerlan Burcəliyev bu gün də İsmayıl Talıblını böyük hörmət və ehti­ramla yad edərək onun haqqında deyir: “İsmayıl Talıblını lap uşaqlığımdan tanı­mışam. Cünki biz o zamanlar Gəncədəki Aktyorlar evində yaşayırdıq. Eyni dəhlizi bölüşən qonşular idik. İsmayıl Talıblı ali­cənab, həm də çox savadlı bir şəxsiyyət idi. Həyat yoldaşı gürcü qızı idi. Səmimi bir ailə idilər. Bu gün də o məhəllədən keçəndə İsmayıl Talıblını, oynadığı rolları xatırlamaya bilmirəm”. 

İsmayıl Talıblı Gəncə Dövlət Dram Teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb. Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”ında Hacı Səməd ağa, Jan Batist Molyerin “Jorj Danden”ində Jorj Danden, Cəlil Məmmədquluzadə­nin “Ölülər”ində Şeyx Nəsrulla, Vilyam Şekspirin “Otello”sunda Yaqo, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”ində Səttarxan, Cəfər Cabbarlının “Sevil”in­də Əbdüləli bəy, “Od gəlini”ndə Aqşin, Qoqolun “Müfəttiş”ində Bələdiyyə rəisi, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”­sında Naçalnik, “Müsyö Jordan və Dər­viş Məstəli şah”ında Hatəmxan ağa, Hü­seyn Cavidin “Səyavuş”unda Rüstəm, Altay Məmmədovun “Kişilər”ində Cəmil­zadə, İlyas Əfəndiyevin “Bahar suları”n­da Alxan surətləri aktyorun böyük şövqlə yaratdığı maraqlı obrazları silsiləsinə daxildir.

“Mən heç bir zaman şəxsi istedadı­ma arxayın olmadım. Oynayacağım hər bir obrazı həyatda görüb öyrənməyə can atdım. Kənd və şəhərlərdə kütlələr qarşı­sında çıxışlar etməyim, müxtəlif xarak­terli adamlarla şəxsi tanışlığım yaradaca­ğım rolları yaxşı hazırlamaq üçün mənə həyat materialı verirdi. “Almaz” əsərində oynadığım hacı əhmədləri həyatda görüb və bu yaramaz ünsürlərin törətdikləri ci­nayətlərin şahidi olmağım Hacı Əhməd obrazının müvəffəqiyyətlə yaranmasına səbəb oldu”. – Bu qeydləri Xalq artisti İsmayıl Talıblının C.Cabbarlı adına Teatr Muzeyində saxlanılan şəxsi arxivindəki “İşçi teatrı ilə bağlı xatirələrim” adlı əlyaz­masından oxumuşuq. 

İsmayıl Talıblı teatrda işləməklə yana­şı, Gəncə Alimlər evində dram dərnəyinin və sonralar isə Xalq teatrının bədii rəh­bəri kimi də səmərəli fəaliyyət göstərib. Onun qayğıkeşliyi ilə neçə-neçə istedadlı peşəkar səhnəyə ayaq açıb.

Milli səhnə sənəti tariximizə istedadlı və əvəzsiz teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin ya­radıcı işi 1959-cu ildə Məmmədhüseyn Təhmasibin “Bahar” pyesi əsasında ek­ranlaşdırılan “Onu bağışlamaq olarmı?” filmində Mirzə Veysəl obrazıdır. Aktyor bu filmdə Mirzə Veysəl obrazı ilə bir daha övladı üçün ürək ağrısı keçirən, onun səhətilə bağlı problemlərinə görə hər an narahat olan bir atanın varlığını təqdim edə bilib.

Onun 2-ci ekran işi isə 1962-ci ildə Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılan “Telefonçu qız” filmində Professor obrazıdır. Lirik kino­povestdə həyatda öz yerini tapan gənc Mehribanın taleyindən danışılan ekran işində İsmayıl Talıblının yaratdığı Profes­sor obrazı da maraqlı detalları ilə diqqət çəkən surətlərindəndir.

İsmayıl Talıblı 1940-cı ildə “Xalq ar­tisti” fəxri adı ilə təltif olunub. 1898-ci ilin bir yaz günündə doğulub, 1967-ci ilin qı­şında dünyasını dəyişən sənətkarın xa­tirəsi bu gün də yaz Günəşi kimi ürəklərə işıq salmaqdadır. 

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
Mənbələr
Şərh ()
Bağla