AZ

Azərbaycanın turizm sektorunda vəziyyət necədir?

Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,3 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 % çoxdur.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda turizm sektorunda rəqabət artır.

Onun sözlərinə görə, ümumilikdə turizm ölkədə pandemiydan sonrakı bərpa dövrünü yaşayır: "Statistika yüksək dinamikanın olmasını göstərir. Turizm və qonaqpərvərlik sənayesinin xidmətlərinə təlabat artır. Düşünürəm ki, cari il turizm sektoru üçün uğurlu keçəcək. Uğurun isə təməlində duran bazislərdən biri də keyfiyyətli xidmət və ona uyğun qiymətlərin tətbiq edilməsidir".

Mütəxəssis həmçinin müşahidələrinə əsasən söyləyib ki, bir çox 3-4 ulduzlu hotellər göstərdikləri xidmətlərin mahiyyətini tam anlamırlar, keyfiyyətsiz xidmət göstərilməsilə xidmətləri ucuzlaşdırırlar: "Adlarında 3 ulduz göstərilmiş hotellərin xidmətlərinin qiymətləri bir çox hallarda ulduz daşımayan yerləşdirmə vasitələrinin səviyyəsində təklif edilir. Hesab edirəm ki, bu heç də müsbət tendensiya deyil - keyfiyyəti aşağı salaraq qiymətləri ucuzlaşdırmaq bir çox mənfi fəsadlara gətirib çıxarır".

S.Dübəndi bildirib ki, bu gün mehmanxana biznesı qarşısında yüksək çağırışlar dururlar: "Prezident İlham Əliyevın 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" kimi elan etməsi, ölkədə COP29 kimi mötəbər tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq arenalarda uğurla çıxışları bizə olan diqqəti və maraqı dünyada artırır. Bu halda ölkəyə gələn xaricilərin sayı artır, tədbirlərin keçirilməsi bir ənənəyə çevrilir. O cümlədən turistlərin də axını artır. Mehmanxana və mehmanxana tipli müəsissələrin xidmətlərinə təlabat artır. Bu vəziyyətdə hər kəs daha məsuliyyətli çalışmalıdır".

Mütəxəssis hazırda Hindistan, Rusiya, Türkiyə, BƏƏ kimi ölkələrin gəlmə turizm statistikasında ilk sıralarda yerləşdiyini xatırladıb. Onun sözlərinə görə, bu ölkələrdən gələn turistlərə mehmanxana xidmətləri müxtəlif üsullarla təklif edilir və o cümlədən, bu ölkələrdən gələn turistlər müxtəlif üsullarla ödənişlər etmək meylləri göstərirlər:

"Rusiyalı turistlər kartla ödənişlər edə bilmirlər. Bəzi Rusiya satış aqreqatorları bronevik.ru, ostrovok.ru və travel.yandex.ru yerli hotellərə ögey münasibət, ikili standartlar nümayiş etdirirlər, yerləşdirmə vasitələri profillərin əsasız bloklanması və yaxud qeydə alınmasına imtinalarla üzləşirlər. Düşünürəm ki, bu istiqamətdə təcili ölçülər gütürülməlidir. Hədəf ölkələrlə turizm mübadiləsinin maneəsiz və asan aparılması üçün həmin ölkələr arasında bütün birbaşa və ikinci dərəcəli turizm fəaliyyətləri sistemləşdirilməlidir. Mehmanxana və mehmanxana tipli müəsissələrin xidmətlərinin ödənilməsində, qeyd etdiyim kimi, bir neçə üsuldan istifadə edilir, o cümlədən qonaqların bank kartlarından POS terminallar vasitəsilə ödənişlər daha rahat və etibarlı hesab edilirlər. Düşünürəm ki, nağdsız hesablaşmaların təşviq edilməsi şəraitində və mehmanxana biznesinin spesifikasını nəzərə alaraq, POS terminallar və kassa aparatları müəsissələrə ödənişsiz, depozitsiz və mobil tədbiqlər vasitəsilə təklif edilməlidir".

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla