AZ

İran o gücdə deyil ki, Ermənistanla hərbi saziş imzalasın – Sadiq İsabəyli

Ermənistan parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Anna Qriqoryan İrana səfəri və orada verdiyi açıqlamalar Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Qriqoryan səfər zamanı İran mətbuatında verdiyi müsahibələrində İran və Ermənistan arasında hərbi sazişin imzalanmasının tərəfdarı olduğunu qeyd edib. Bunun gələcəkdə real olacağı halda regionda hansı proseslərin baş verə biləcəyi diqqətçəkən məqamlardandır.

Mövzunu Herbiand.az-a şərh edən Savalan Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Sadiq İsabəyli bildirib ki, Anna Qriqoryanın müxalifət partiyasından olduğunu nəzərə alsaq, bu səfərin önəmli detallarını görmək olar:

“İran Qriqoryanın müsahibələrini geniş şəkildə təqdim etməklə bunun üzərindən istədiyi bəzi məsələləri gündəmə gətirmə planı olduğunu nümayiş etdirir”.

Sadiq İsabəyli hesab edir ki, İranda bəzi mətbu orqanlarında Anna Qriqoryanın adından Azərbaycan İranın təzyiqi altında Zəngəzurdan imtina etdi başlıqlı yazılarla bir daha onu göstərir ki, bu bölgədə geopolitik ağırlıq və güc İranın əlindədir. Və İran istədiyini Cənubi Qafqazda müxtəlif ölkələrə, o cümlədən Azərbaycana diktə edə bilər:

“İranın əsas maraqlarından biri budur ki, Cənubi Qafqazda geopolitik sürəclərə təsir etmə mexanizmlərini öz əllərində saxlasın. Və bunun üçün də bir çox variantlar hazırlayıblar. O cümlədən hərbi təhlükəsizlik münasibətlərinin Ermənistanla formalaşdırılması məsələsi də bura daxildir. Hələ 3 il öncə İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun keçmiş komandandiri Möhsin Rizayiyə yaxın olan Müqavimət cəbhəsinin siyasi katibi Hüseyn Kənani Müqəddəm müsahibəsində bildirmişdir ki, İranın ideolojik ordusu var və bu ordu əsasında biz bölgədə söz sahibi ola bilərik. Çünki ideolojik ordu savaşmağı özünə bir cihad bilir. Və bu mənada İran Ermənistandakı hərbi mövcudluğunu artırmalıdır”.

SAM-ın rəhbəri bunu onunla əsaslandırır ki, İranın Ermənistanla hərbi münasibətlərinin genişləndirilməsi bir başa NATO-nun bu bölgəyə gəlməsinin qarşısının alınması məqsədi daşıyır:

“Bu həm də bir başa Azərbaycan və Türkiyənin hərbi gücünün qarşısında durması məsələsini özündə ehtiva edir. Və eyni halda İranın regionda geosiyasi dəyişikliklərin qarşısında durma imkanlarını artırır. Bu anlamda Hüseyn Kənani Müqəddəm belə bir təklif irəli sürür ki, biz mütləq Ermənistanla hərbi və kəşfiyyat müqavilələri imzalamalıyıq. Ermənistanda İranın hərbi bazası yaradılmalıdır. İran və Ermənistan arasındakı yaranmış bu bazalar əsasında biz bölgədə Türkiyə və Azərbaycanın güclənmə imkanlarını zəiflətməliyik”.

SAM-ın rəhbəri II Qarabağ savaşı başlamazdan öncə İranın müxtəlif universitetlərində araşdırmalar aparıldığına diqqət çəkdi. Bildirdi ki, bunun əsas məqsədi Azərbaycana təzyiq metodlarının araşdırılması idi:

“Bu araşdırma İranın bu parametrlərdən necə istifadə edə bilməsini öyrənmək məqsədi daşıyırdı. Bu istiqamətdə aparılan araşdırmalarda əsasən qoyulan parametrlərdə təhlükəsizlik, hərbi gücün artırılması, Ermənistanla bu sahədə münasibətlərin gücləndirilməsi dayanırdı. Həmçinin siyasi və təhlükəsizlik baxımından Naxçıvanın siyasi girov olaraq İranın əlində saxlanılması və Azərbaycanı geopolitik olaraq bu məsələdə asılı saxlamaq kimi niyyətlər də araşdırmanın aparılmasında əsas məqsədlərdən idi. Eyni halda bunu Zəngəzur məsələsi ilə də bağlayırdılar. Yəni Zəngəzur yolunun açılmamasına da çalışırdılar. Bu mənada Zəngəzur məsələsi ortaya çıxan kimi oranın qırmızı cizgiləri olduğunu söyləmişdilər. Və geopolitik sərhədlərin xəritəsinin dəyişdirilməsinə qarşı olduqlarını da açıqlamışdılar”.

Anna Qriqoryanın İran səfərinin önəmli məqamlarına diqqət çəkən Sadiq İsabəyli onun müsahibəsində anti-Qərb, anti-Azərbaycan, anti-Türkiyə siyasətini ortaya qoymasına çalışdığını vurğuladı:

“Burda vacib detal bu idi ki, Qriqoryan nə Türkiyənin, nə Azərbaycanın, nə də Qərb ölkələrinin bu bölgədə sülh və sabitlik yaranmasında maraqlı olmadığına diqqət çəksin. Qeyd etsin ki, onların verdikləri vədlər, Ermənistana hər hansı yardım da boş söhbətlərdən başqa bir şey deyil. Və onun sözündən belə çıxsın ki, ermənilərin düşüncəsində Ermənistanın ərazi bütövlüyünün qorunmasında İranın əsaslı rol oynaya biləcəyi dayanır. Və bu anlamda İranla Ermənistan arasında hərbi sazişin olması zəruridir”.

SAM rəhbəri burada İranın Azərbaycana xoş münasibətlərinin olmadığının bir daha göründüyünü bildirdi. Qeyd etdi ki, hərbi təhlükəsizlik məsələsində rəsmi anlaşmalar olmasa belə İran Ermənistanı silahlandırmağa çalışır:

“Ayrı-ayrı ölkələrdən gələn silahlar İrana gedir. İranın üzərindən Ermənistana göndərilir. Həm də İran çalışır ki, Ermənistana müxtəlif siqnallar göndərsin. Yəni bizim də maraqlarımız dairəsindədir ki, Azərbaycanın hərbi, siyasi geopolitik gücünün artırılmasının qarşısında sizinlə bərabər duraq və bu istiqamətdə biz əlimizdən gələni etməyə hazırıq”.

Sadiq İsabəyli hesab edir ki, İranın yanaşması həm də onun nə qədər ikiüzlü olduğunu, eyni zamanda Azərbaycana münasibətini ortaya qoymuş olur:

“Azərbaycan hər zaman çalışır ki, regionda sülhün, sabitliyin, əməkdaşlığın gündəmdə olması əsas məsələlərə çevrilsin. Amma biz görürük ki, İran o imkanları yaratmaq istəmir.

Bu yandan heç də təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistana göndərilən silahların Azərbaycanın hərbi istiqamətlərini, bütöv Azərbaycanı təhdid etdiyini görəriksə, bu təhdidi aradan qaldıracağını söyləmişdir. Bu təbii ki, ciddi bir mesaj idi.

Digər tərəfdən isə İran o gücdə deyil ki, Ermənistanla hərbi saziş imzalasın və öz təhdidlərini bu cür rəsmiləşdirsin. Amma biz bilirik ki, İran hər zaman çalışıb ki, Ermənistanı Azərbaycana qarşı gücləndirsin. Və Azərbaycana Ermənistan üzərindən təzyiqlərini artırmaqla geopolitik olaraq özündən asılı saxlasın. Təbii ki, onların başqa maraqları da var. Bu həm də o imkanı verir ki, İran erməni lobbisinin Qərbdəki təsir gücündən faydalansın. Fransada, Amerikada İrana qarşı olan bəzi o siyasi təzyiqlərin də qarşısında bu amildən istifadə etsin”.

SAM-ın rəhbəri pərdənin arxa hissəsində prosesə başqa yöndən diqqət çəkmənin vacibliyini də vurğuladı:

“Amma digər tərəfdən biz görürük ki, İran Naxçıvanda da çox ciddi təxribat planları üzərində işləyir. Və hesab edirəm ki, bununla bağlı dövlətimiz ciddi şəkildə məşğul olmalıdır. Bunun həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi detalları var. Onlar qeyd edirlər ki, biz geopolitik anlamda Naxçıvanı əlimizdə girov olaraq saxlamalıyıq. Yəni  Naxçıvan geopolitik anlamda nə qədər İrandan asılı olursa, bir o qədər də Azərbaycanın bölgədə apardığı siyasət İrandan asılı olur. Ona görə də İran həm siyasi, həm iqtisadi baxımdan istifadə edib Naxçıvanda öz nüfuzunu saxlamağa çalışmalıdır. Yəni İranın düşündüyü gedişat budur”.

Sadiq İsabəyli İranla Ermənistan arasında hərbi sahədə sazişin bağlanması reallığının indiki şəraitdə olduqca çətin göründüyünü də diqqətə çatdırdı:

“Ermənistan hakimiyyətinə müxalif olan qüvvələrin İrana dəvət olunması, onların dilindən bir sıra bölgəsəl proseslərə Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi yönündəki addımlara qarşı müxalif fikirlərin gündəmə gətirilməsi bu da İranın özünəməxsus ikiüzlü siyasətindən xəbər verir. Onlar yaxşı bilirlər ki, Azərbaycana qarşı İran bir başa hədə-qorxu dilində danışa bilməz. Onlar çalışırlar ki, Ermənistan hakimiyyətinə müxalif olan qruplardan istifadə etsinlər. Anna Qriqoryanın İran səfərini bu mənada təhlil etmək mümkündür. Gələcəkdə belə səfərlərin yenidən olması gözləniləndir. Paşinyan hakimiyyətinə müxalif olan qrupları İrana dəvət etməklə onlar vasitəsilə bir sıra təhdidedici mesajları verməkləri davamlı ola bilər. Bu mesajlar da ondan ibarətdir ki, İranla İrəvanın hərbi saziş imzalaması bir sıra bölgəsəl təhdidlərə cavab olaraq gündəmə gətirilir. Və bu təhdidin aradan qaldırılmasında hərbi sazişin ortaya çıxması zərurəti vardır. Halbuki belə bir təhdid yoxdur. Əksinə Azərbaycanla Ermənistan arasında bir başa dialoqlar başlayıb. Və bu dialoqlar sülhə gedən sürəci özündə ehtiva edir. Bununla bağlı bir çox ölkələr öz müsbət rəylərini bildiriblər. Və sözsüz ki, buna müxalif olan qüvvələr, həmçinin İran bu prosesin müsbət nəticələnməsini istəmir. Ona görə də, buna qarşı çıxaraq əngəl törətməyi düşünürlər. Lakin bütün hallarda belə bir hərbi sazişin imzalanması da mümkün görünmür”.

Elnurə İSAXAN

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla