AZ

"Var idi hər yarağımız, çatmırdı saqqal darağımız" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Tələbələrin saqqal saxlaması, buna görə dərsə buraxılmaması ilə əlaqədar məsələ zaman-zaman gündəəmə gətirilib, bununla bağlı müxtəlif yanaşmalar sərgiləndirilib. Bir müddət əvvəl Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamağın qadağan olunması ilə bağlı məlumat yayılmışdı. Bunun üçün də tələbələr sözügedən qadağaya etiraz etdiklərini bildirirdilər. Bundan xeyli əvvəl Odlar Yurdu Universitetində qız tələbələrə hündürdaban ayaqqabı geyinmək qadağan edilmişdi. Bu qadağanı hündürdaban ayaqqabıların döşəmə üzərində dərs prosesinin pozulmasına səbəb olacaq səs-küy yaratması ilə əlaqələndirilmişdi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Nadir İsrafilov sözlərinə belə davam edib: “Ümumilikdə, geyim, görünüş insanın simasını müəyyən edən və digər canlılardan fərqləndirən, ali varlıq olaraq onun mədəniyyətinin, mənəviyyatının atributlarından, aksesesuarlarından biri olmaqla, insanın daxili aləminin xarici təzahürüdür. Bəzən insanın geyiminə, görünüşünə baxaraq, onun xarakterik xüsusiyyətləri barədə ilkin qənaətə gəlmək, onun barədə müəyyən təsəvvürlərə malik olmaq mümkündür. Bu mənada ataların "insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar" deyimi əbəs yerə yaranmayıb.
Xatırlatmaq yerinə düşər ki, ABŞ mətbuatının yaydığı bir məlumatda qeyd olunurdu ki, mütəxəssislərin araşdırmalarına görə, insanların 90 faizi bir-birləriylə ilk dəfə qarşılaşdıqda, əvvəlcə daha çox görünüşə (fiziki xüsusiyyətlər: paltarlar, bədən, danışıq tərzi, və s.) fikir verərək, ilk təəssürata malik olurlar. Məhz buna görə də, əgər siz hər hansı bir ciddi iş görüşməsinə dəvətlisinizsə, onda o yerə həmin işə uyğun geyimdə getməlisiniz ki, təşrif buyurduğunuz yerdə sizə olan münasibət arzu etdiyiniz kimi olsun.
Başqa sözlə geyim insanı daha məsuliyyətli olmağa, sevib-seçdiyi peşəyə daha çox can yandırmağa sövq edir. Kənardan baxanlar da uniformada olanları daha tez tanıyır, onlara xüsusi münasibət bəsləyirlər. Geyim insanın imicini formalaşdırmaqla yanaşı, həm də, onun nüfuzunun daha da yüksəlməsinə, sadəliyin, təvazökarlığın, ciddiliyin, nizam-intizamın, humanistliyin, kollektivçilik şüurunun, ən başlıcası isə ədalətin və sosial bərabərliyin təcəssümçüsü kimi missiyasına da təsirsiz ötüşmür. Bununla belə, nəinki tələbə geyimi, heç müəllim geyimi, hətta məktəbli forması barədə belə konkret bir fikrə hələ ki, gələ bilməmişik.

“Ümumi təhsil haqqında” qanunda bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. Ölkəmizdə təhsil haqqında qanunvericilikdə tələbələrin geyim formaları ilə bağlı hər hansı tələb olmadığından, artıq neçə illərdir ki, bu məsələ gündəmdədir. “Tələbə universitetə istədiyi geyimdə gələ bilər. Şort da geyinsə, hicablı, qapalı da geyinsə, bu, qəbul olunmalıdır. Bu da onların öz işidir”- deyənlər də var, oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla, qızlara isə dikdabanla gəlməyə qadağa qoyanlar, habelə “tələbənin universitetə nə geyinməyi tamamilə öz işidir. Yalnız orta məktəblərdə bu tip qadağaların qoyulması mümkündür” mövqeyindən çıxış edənlər də...

Tələbənin dərsə saqqala gəlməsini kim necə qəbul edirsə, şəxsən mən təqdir etmirəm. Biz nə qədər dünyəvi ölkə olsaq belə, özümüzə xas əxlaqi-mənəvi dəyərlərimiz var. Tələbənin normal geyimini, görünüşünü hansısa qadağalarla məhdudlaşdırmağın tərəfdarı olmasam da, ancaq onların da istədikləri anormal formada təhsil müəssisəsinə gəlib-getməsinin qəti əleyhinəyəm. Bu kimi məsələlərə məhdudiyyət qoyulmaması, heç də bəzi mental qaydaların gözlənilməməsi demək deyil… Necə deyərlər, "Var idi hər yarağımız, çatmırdı saqqal darağımız".

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla