AZ

Türkmənistanda məmurları Berdiməhəmmədovların təsviri olan saatları almağa məcbur edirlər – KİV


Balkan vilayətində dövlət qurumlarının rəhbərləri siferblatında Berdiməhəmmədovların təsviri olan suvenir saatları almağa məcburdurlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bütün büdcə təşkilatlarının, o cümlədən səhiyyə, təhsil, hüquq-mühafizə orqanlarının rəhbərlərindən qiyməti 1500-3000 Türkmənistan manatı (428-856 ABŞ dolları) arasında olan və siferblatında ata və oğul Berdiməhəmmədovların təsviri olan qol saatlarını almaq tələb olunur.
Böyük dövlət qurumlarının rəhbərləri 3000 manatlıq, kiçik dövlət qurumlarının rəhbərləri isə 1500 manatlıq saatları almalıdırlar.
Mənbənin məlumatına görə, təklif edilən suvenir saatlar arasında bir neçə belə fərqli saat var. Bahalı saatların siferblatında solda qara qalstukda, hazırda Türkmənistanın Prezidenti olan Sərdar Berdiməhəmmədovun, sağda isə qırmızı qalstukda, hazırda Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədovun fotoşəkilləri var. Yuxarıda, saatın 12:00-ı göstərdiyi yerdə Türkmənistanın dövlət bayrağı, aşağıda, saatın 6:00-ı göstərdiyi yerdə isə Türkmənistanın xəritəsi var.
Ucuz xatirə saatlarının bəzilərində Prezident Sərdar Berdiməhəmmədovun şəkli, sağda Türkmənistanın dövlət bayrağı, bəzilərində isə Prezident Sərdar Berdiməhəmmədovun şəkli, aşağıda Türkmənistanın xəritəsi əks olunub.
Dövlət qurumlarının rəhbərləri qeyd edirlər ki, almağa məcbur olduqları qol saatlarının keyfiyyəti də arzuolunan deyil.
Türkmənistanda dövlət başçısı üçün şəxsiyyət kultu yaratmaq səyləri çərçivəsində əvvəllər də prezidentin portretləri olan xatirə saatları istehsal edilib.
İlk prezident Saparmurad Niyazovun dövründə də onun şəkilləri olan saatlar buraxılıb və dövlət qurumlarının əməkdaşlarına hədiyyə edilib.
“Biz əvvəllər Saparmurad Niyazovun vaxtında prezidentin təsviri olan saatlar görmüşdük. Təəccüblü deyil ki, Sərdar Berdiməhəmmədov da öz portretləri olan saatlar istehsal etməyə başladı. İndi onun bütün ölkə ərazisində öz abidələrini ucaltmağa başlaması qalır”, - mənbələrdən biri qeyd edib.
Türkmənistanda dövlət qurumlarının əməkdaşları mütəmadi olaraq prezidentin kitablarını almaq, portretlərini yeniləmək və s. üçün pul ödəməli olurlar. İndiyədək Qurbanqulu Berdiməhəmmədovun 70-ə yaxın kitabı işıq üzü görüb, oğlu Sərdar Berdiməhəmmədov isə hələ ki, iki kitab çap etdirib.
Mənbələr qeyd edirlər ki, bu cür fəaliyyətlər Berdiməhəmmədovların şəxsiyyətə pərəstişinin güclənməsinə təkan verir, eyni zamanda seçilmiş sahibkarlara xeyli gəlir gətirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
Mənbələr
Şərh ()
Bağla