AZ

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edirŞƏRH

Azərbaycan

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev daim qlobal həmrəyliyin möhkəmlənməsinə xidmət edən mühüm təşəbbüslər irəli sürür. 2008-ci ildə dövlətimizin başçısının təşəbbüsü ilə başlayan, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, eləcə də Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna məmnuniyyətlə ev sahibliyi edir. Sadalanan platformalar çərçivəsində qloballaşma şəraitində milli mədəniyyətlərin qorunması, eləcə də dünyada birgəyaşayışın təmin edilməsi ilə bağlı yaranan çağırışlar əhatəli şəkildə müzakirə olunur və səmərəli təkliflər səsləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından da son dərəcə önəmlidir. Tədbirlərə qatılan əcnəbi qonaqlar respublikamızdan zəngin təəssüratlarla ayrılırlar və öz ölkələrinə çox mühüm mesajlar aparırlar. Belə mühüm platformalardan biri də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Bakının mayın 1-3-də VI Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyini vurğulayan deputat deyib: “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunan Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib. Bu fakt belə bir platformaya beynəlxalq ictimaiyyətin artan marağının göstəricisidir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmasından, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik ölkəmizin tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasından bəhs edib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.

Azərbaycanın mədəniyyətlərarası dialoqu qlobal miqyasda fəal təşviq etdiyini vurğulayan YAP İdarə Heyətinin üzvü deyib: “Bu məqsədlə reallaşdırılan tədbirlər beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan dünyada sivilizasiyalararası dialoqun məkanı kimi özünü təsdiqləyib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
21
Mənbələr
Şərh ()
Bağla