AZ

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Latviyalı

Bakı, 3 may, AZƏRTAC

"Turnirə olduqca ciddi hazırlaşmışam. Ölkəmi bu cür önəmli yarışda təmsil etmək qürurvericidir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən Latviya təmsilçisi Evelina İvanova deyib.

İdmançı halqa və topla çıxışından razı qaldığını bildirib: "Amma müəyyən səhvlərə yol verdim. Növbəti çıxışımda daha yaxşısını etməyə çalışacağam. Əsas məqsədim bu turnirdən yaxşı nəticə ilə ayrılıb bu ay təşkil olunacaq Avropa çempionatına hazırlaşmaqdır".

O, yarışda gərgin mübarizənin getdiyini vurğulayıb: "Azərbaycan gimnastları Zöhrə Ağamirova və Kamilla Seyidzadəni yaxşı tanıyıram. Onları özümə əsas rəqiblərdən hesab edirəm. Ümumiyətlə, burada dünyanın müxtəlif ölkələrindən ən bacarıqlı idmançılar qüvvəsini sınayırlar. Onlarla ayaqlaşmaq çətindir. Lakin bütün rəqiblərimi adlayıb qızıl medala özüm sahib çıxmaq istəyirəm".

E. İvanovanın sözlərinə görə, bu, onun Bakıya ilk gəlişi deyil: "Artıq 3-cü dəfədir şəhərinizə gəlirəm. Bu dəfə də ilk gündən Bakının küçələrini gəzirəm. Hər dəfə buraya gələndə paytaxtınızın nə qədər inkişaf etdiyinin bir daha şahidi oluram. Hündür binaları görmək çox xoşuma gəlir. Ümid edirəm ki, Bakı gələcək illərdə də mötəbər turnirlərə ev sahibliyi edəcək".

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkədən 160 gimnast iştirak edir. Bu gün start götürən yarışa aprelin 5-də yekun vurulacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla