AZ

Paşinyanın Bakıdan istədiyi ərazilər – “Ciddi problem yaşana bilər”

Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiya prosesində 31 kənd və Başkənd məsələsini qaldırdığını bildirib.

Hazırda tərəflər arasında delimitasiya və demarkasiya prosesi Almatı bəyannaməsinə əsasən aparılırsa, Başkənd müzakirə mövzusuna çevrilə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Almatı bəyannaməsini Ermənistan 1991-ci ilin dekabrında, Azərbaycan isə 1993-cü ilin sentyabrında imzalayıb:

“Bəyannaməyə əsasən, inzibati sərhədlər dövlət sərhədi kimi qəbul edilməlidir, lakin problem inzibati sərhədlərin dəqiq müəyyənləşməməsidir. Ona görə də sözügedən bəyannamə ilə delimitasiya prosesini tam formada aparmaq qeyri-mümkündür. Xüsusilə də dağlıq ərazilərdə xeyli problemlər var. Buna görə də Azərbaycan delimitasiya və demarkasiya prosesində yalnız Almatının əsas götürülməsini düzgün hesab etmir”.

Siyasi şərhçi anklav və eksklav məsələsinə də aydınlıq gətirib:

“Azərbaycan 4 eksklavını tələb edir. Bunun qarşılığında Ermənistan iddia edir ki, guya rəsmi Bakı Ermənistanın 200 kvadrat km ərazisini nəzarətə götürüb. Bu da hardasa 30-a yaxın kənd deməkdir və bunları, eyni zamanda Başkəndin geri qaytarılmasını tələb edir. Lakin 31 kənd iddiasının əsassız olduğunu erməni ekspertləri də deyir.

Anklavlar öz dövləti ilə əlaqəsi olmayan kəndlərdir. Onların geri qaytarılmasında çox ciddi problemlər yaşana bilər. Gediş-gəlişin hansı yolla həyata keçiriləcəyi, mühüm kommunikasiya yollarının üzərində yerləşmələri və s. buna nümunədir”.

A.Səmədovun fikrincə, Başkəndlə bağlı məsələ dəqiqləşməyib:

“Çünki inzibati sərhədlər hər yerdə müəyyənləşdirilməyib. İrəvan buranın öz ərazisi olduğunu iddia etsə belə, ciddi araşdırma tələb edən mövzudur. Hazırda Ermənistanın işğalında olan 4 kəndin isə Azərbaycana aid olması heç bir araşdırma tələb etmir. Danışıqlar gedir, çox güman ki, kəndlərlə bağlı qərar yaxın zamanda veriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla