AZ

Kreml çalxalanır - Şoyqu ilə bağlı durum Putini qəzəbləndirdi

Mayın 2-də Rusiya Prezidenti Vladimir Putin Tula vilayətinin “Vaqner” qrupuna bağlı qubernatoru Aleksey Dyuminlə görüşüb. Bu onu deməyə əsas verir ki, Kreml sahibi müdafiə naziri Sergey Şoyqunun səlahiyyətlərini azaltmağa, onunla rəqibləri arasında tarazlıq yaratmağa və hərbi məqsədlərə çata bilməməsinə görə cəzalandırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Görüş zamanı Dyumin Putinə Tula vilayətinin müharibəyə töhfəsi barədə məlumat verib. O, üç mövzuya diqqət yetirib: Ukraynada döyüşçülərə dəstək və mənzil təminatı, Rusiyanın müdafiə və sənaye bazasının təkmilləşdirilməsi və Tulada tibb sisteminin təkmilləşdirilməsi. Amerikalı analitiklərin fikrincə, bu, ötən ilin iyununda “Vaqner” lideri Yevgeni Priqojinin qiyamı zamanı Dyuminə inamı sarsılan Putinin rəğbətini yenidən qazanmaq cəhdidir.

Təhlildə vurğulanır ki. Dyumin 2022-2023-cü illərdə dəfələrlə Priqojinin tərəfini tutaraq onun Şoyqunu əvəzləyəcəyinə ümid edib.

ISW ehtimal edir ki, Kreml Şoyqunun müavini Timur İvanovun aprelin 24-də səs-küylü həbsindən sonra və mayın 7-də prezidentin andiçmə mərasimindən əvvəl hərbi məqsədlərə çata bilmədiyi üçün Müdafiə Nazirliyini cəzalandırmaq üçün Dyuminlə görüşünü qəsdən ictimailəşdirib. Təsadüfi deyil ki, görüş Rusiya informasiya məkanında ciddi müzakirələrə səbəb olub. Çoxsaylı ekspertlər görüşün İvanovun həbsi ilə inauqurasiyadan sonra hökumətdə gözlənilən kadr dəyişikliyi arasındakı dövrdə baş tutduğunu söyləyir. Rusiya mənbələri Putinin Dyumini müdafiə sənayesində yeni vəzifəyə təyin edə biləcəyi iddiasını da irəli sürüb.

Şoyqunun özü mayın 1-də bildirib ki, Rusiya hücumun tempini saxlamaq üçün silah və hərbi texnikanın kəmiyyət və keyfiyyətini artırmalıdır. Bu bəyanatı birbaşa Rusiyanın müəyyən siyasi xadimlərinə hücum kimi qiymətləndirmək olar. İnstitut qeyd edir ki, Şoyqu İvanovun həbsinə cavab olaraq bir sıra yüksək vəzifəli rəsmiləri, eləcə də Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi kəskin tənqid edib.

Şoyqunun İvanovla xüsusilə yaxın münasibəti vardı. Onun həbsi, Dyuminin birdən-birə yenidən populyarlaşması ilə yanaşı, Kremlin Şoyqunun işindən narazı olduğunu göstərə bilər. Putinlə Dyuminin görüşü həm də onu göstərir ki, Kreml sahibi İvanovun həbsinə qərar verən məsul şəxsdir.

ISW əlavə edir ki, Putin öz məqsədlərinə çatmaq üçün zaman-zaman müxtəlif klanları həvəsləndirir, onun rəğbətini qazanan şəxsləri müntəzəm olaraq rotasiya edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla