AZ

“Qəbələ” yetirmələri məyusdur: “Bakı”nın yaşadığı aqibəti…”

Misli Premyer Liqasında mövsüm başa çatmaq üzrədir. 4 turdan sonra çempionat yekunlaşacaq. Orta sıralarda avriokubok mübarizəsi davam edərkən iki komandanın yeri indidən bəllidir: çempion “Qarabağ”, liqanı tərk edən isə “Qəbələ”dir.

Ötən mövsümün ən uğurlu klublarından olan “qırmızı-qaralar” artıq çempionatla vidalaşıb. AFFA İcraiyyə Komitəsi fərqli qərar verməsə, əyalət klubu növbəti mövsümdən I Liqada mübarizə aparacaq.

Azərbaycan futbol tarixində xüsusi izi olan komandanın aşağı dəstəyə yuvarlanması birmənalı qarşılana bilməz. İki dəfə ilk mərhələdən başlayaraq Avropa Liqası qruplarına qədər irəliləyən, ötən mövsümün ən uğurlularından olan komanda artıq çətin vəziyyətə düşüb.

“Qırmızı-qaralar” təkcə bununla yox, həm də infrastrukturu, akademiyası ilə seçilir. Azərbaycanda uşaq futbolundan əsas komandaya qədər hər bir şəraiti olan klubun çətin duruma düşməsi əlbəttə ki, hamı üçün üzücüdür.

Elə bu klubun yetirmələri də keçmiş komandaların gələcəyindən narahatdır. Futbolinfo.az-a açıqlama verən keçmiş “Qəbələ”lilər üzgün olduqlarını ifadə ediblər:

blank

Yusif Nəbiyev (“Qəbələ” yetirməsidir, hazırda “Səbail”də çıxış edir): “Qəbələ” kimi komandanın mövsümü sonuncu bitirməsi oranın yetirməsi olaraq mənə pis təsir edir. Səbəbləri haqqında nəsə demək istəmirəm. Çünki rəhbərlik daha yaxşı bilər. Mən şəxsən istəmirəm ki, onlar I Liqada mübarizə aparsın. Çünki hər şəraiti olan tək-tük klublarımızdandır. Qorxduğum birvaxtlar “Bakı”nın yaşadığı aqibəti yaşamaları ehtimalıdır. Bilmirəm, çətin vəziyyətdir. Kaş ki, liqada qala və növbəti mövsüm yüksək yerlər üçün mübarizə aparalar”.

blank

Rövlan Muradov (“Qəbələ” yetirməsidir, hazırda “Sumqayıt”da çıxış edir): “Çox üzücü durumdur. Çünki bu cür komanda Premyer Liqada qalmalıdır. İnfrastruktur var, stadion, meydançalar var, klub olaraq köklü komandadır. Onların I Liqaya düşməsi çox böyük zərbə olar. Mənim 10 ilim “Qəbələ”də keçib. Peşəkar olmağımda böyük rolları var. Klubda çalışan məşqçilərin də əməyi olub”.

blank

Qismət Alıyev (“Qəbələ”nin yetirməsidir, hazırda “Zirə”də çıxış edir): “Qəbələ” mənə həqiqətən çox doğma komandadır. Bu komanda futbolçu olmağımda böyük rol oynayıb. Onları bu vəziyyətdə görmək klubda yetişmiş istənilən futbolçu üçün üzücüdür. Səbəbi barədə nəsə deməyim düz olmaz. Hər komandanın başına gələcək şeylərdir. Ötən il Konfrans Liqasında oynadılar, kubokun qalibi oldular. Heyətlərində böyük dəyişikliklər oldu və ola bilər ki, yeni oyunçular bir-birlərinə gec öyrəşdilər. Aşağı dəstəyə düşmələrini istəmərəm. Həqiqətən ordan çox istedadlı uşaqlar çıxır. Qarşıdakı illərdə həm klublarımız, həm də milli komandamız üçün yaxşı oyunçular yetişə bilərdi”.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla