AZ

İlham Əliyev beynəlxalq ictimaiyyətə mesaj verdi

"Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik"

Azərbaycan müstəqillik əldə etdikdən sonra mədəniyyətlərarası dialoqun baş tutması   xüsusən də dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atdığının  əyani  sübutudur. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Azərbaycanın tarixi mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında respublikamız dünyaya mədəniyyətlərarası dialoqun müxtəlif ölkələri yaxınlaşdırmağın, fərqli mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. Faktdır ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və respublikamızı dünyaya mədəniyyətləri qovuşduran məkan kimi təqdim edir.
Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər ölkəmizi mədəniyyətlərarası dialoq məkanına çevirib. Etiraf edilməlidir ki, bu sahədə qlobal platformaya çevrilən "Bakı prosesi"nin əhəmiyyəti danılmazdır. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə "Bakı Prosesi"nə start verilib. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilib. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlərin müzakirəsi aparılır. Forumda müzakirə edilən məsələlərin çeşidliyi deməyə əsas verir ki, sözügedən tədbir həm də Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırılması üçün bir tribuna rolunu oynayır. Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, verdiyi mesajlar fikrimizi bir daha təsdiq etmiş olur. Yüksək rütbəli qonaqlara torpaqlarımızın işğaldan azad edilməsi, 30 il ərzində məqsədyönlü şəkildə bunun qarşısının alınması, 44 günlük Vətən müharibəsindən sonra yaranan stuasiya və digər məsələlər barədə məlumat verən dövlət başçımız həm də   Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olan qüvvələrə açıq şəkildə mesaj verdi: "Ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər". Prezident İlham Əliyev bununla beynəlxalq ictimaiyyətə bir daha bəyan etdi ki, Azərbaycan nəinki bölgədə, eləcə də dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır. Məhz bu səbəbdən Cənubi Qafqazda alova odun qoyan qüvvələrin fərdi və iqtisadi maraqlarının reallaşmasına imkan verilməyəcək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına maneə olan kollektiv Qərb nəhayət başa düşməlidir ki, bu prosesin nizamlanmasında heç bir vasitəçiyə ehtiyac yoxdur. Çünki Azərbaycanın maraqlı qüvvələri neytrallaşdırmaq üçün kifayət qədər siyasi, hərbi və diplomatik imkanları mövcuddur. 
 Prezident İlham Əliyev həmçinin regionda nüfuz savaşına qalxan güc mərkəzlərinin ötən 30 il ərzindəki fəaliyyətsizliyini xatırladıb. Tarixi faktları xronoloji ardıcıllıqla sadalayan dövlət başçısı məkrli qüvvələrin siyasi istəklərini açıq şəkildə ortaya qoyub: "Biz demək olar 30 il ərzində işğal altında olmuşuq. Bütün əvvəlki dialoq forumlarında mən işğal və ədalətsizlik haqqında danışmışam və bildirmişəm ki, insanlar bundan əziyyət çəkiblər. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük. Əminəm ki, iştirakçılardan bəziləri azad olunmuş ərazilərə baş çəkəcəklər. Biz öz səsimizi ucaltmışıq, biz ürəkdən çalışdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi". Ermənilər tərəfindən işğal altında olan 67 məsciddən 65-nin məhv edilməsi təbii ki, müsəlman qardaşlarımız tərəfindən narahatçılıqla qarşılanır. Məhz  bu kimi faktları nəzərə alan Azərbaycan İslam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, Azərbaycanın milli mədəniyyətində İslam dəyərlərinin əhəmiyyətli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında bu dəyərlərin əvəzsiz rol oynaması, xalqımızın İslam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etmişdir. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla