AZ

Qarabağa qayıdanlara müjdə

İşğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşması ilə bağlı tədbirlər davam edir. Artıq Laçın şəhərinə, Qubadlı və Zəngilanın bir neçə kəndinə köç baş tutub. Bu ayın sonuna kimi Şuşa şəhərinə də əhalinin köçürülməsi planlaşdırılır. 

Ümumilikdə, ilin sonuna kimi işğaldan azad edilmiş rayonların 7 kəndində daimi yaşayışın təmin edilməsi nəzərdə tutulub. Qarabağda əhalinin daimi yaşayışının təmin olunması üçün başlıca prioritet isə iş yerlərinin açılmasıdır. 

İşğaldan azad edilmiş ərazilərdə əhalinin daimi məşğulluğunun təmin olunması üçün hansı addımlar atılır? 

Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan millət vəkili Vüqar Bayramov bildirib ki, bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi müxtəlif əmək yarmarkaları təşkil edir:

“Məskunlaşan vətəndaşlarımızın işlə təminatı prioritet məsələlərdəndir və biz mütəmadi olaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkalarının keçirilməsini müşahidə edirik. Təbii ki, burada bir tərəfdən bərpa-yenidənqurma prosesi ilə bağlı layihələrdə vətəndaşlarımızın işlə təmin olunması, digər tərəfdən isə artıq formalaşmış dövlət qurumlarında və sosial xidmətlərdə iş yerlərinin təmin edilməsi baş verir. Bu kontekstdən iş yerlərinin yaradılması ilə bağlı işlər davam etdirilir”. 

Deputat qeyd edib ki, daha çox iş yerlərinin açılması üçün özəl sektorun işğaldan azad edilmiş rayonlara investisiya yatırması olduqca önəmlidir: 

“Yeni iş yerlərinin yaradılmasında istehlakçıların sayı da çox önəmlidir, çünki istehlakçı sayı artdıqca işğaldan azad edilmiş ərazilərimizə daha çox investisiyanın gəlməsi, xüsusən, özəl sektor tərəfindən sərmaye qoyuluşunu müşahidə edə bilərik. Bu o deməkdir ki, məskunlaşma artdıqca, birmənalı şəkildə biznes baxımından daha çox iş yerlərinin yaradılması təmin ediləcək. Çünki iş yerlərinin yaradılmasında özəl sektorun cəlb edilməsi çox vacibdir. Özəl sektor vasitəsi ilə daha çox iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsi həyata keçirilə bilər ki, bu da nəticə etibarı ilə həmin ərazilərimizdə daha dayanıqlı iş yerlərinin yaradılmasına xidmət edə bilər”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla