AZ

Yelisey sarayının assimilyasiya siyasəti ifşa edilir...

Azərbaycan dünyada sülh və əməkdaşlığın tərəfdarıdır. Bəzi beynəlxalq güclər dünyanın müxtəlif xalqlarına qarşı müstəmləkə siyasətini davam etdirir ki, ölkəmiz həmin xalqların hüquqlarını fəal şəkildə müdafiə edir.  Ölkəmiz xüsusilə Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bakı Təşəbbüs Qrupu beynəlxalq müstəvidə bir sıra tədbirlər keçirərək dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edir.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edib. Aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunub. Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak ediblər.

Konfrans çərçivəsində “Assimilyasiya siyasətinin yerli icmalara mənfi təsiri”, “Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarının inkişafı” və “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” mövzularında üç paneldə müzakirələr aparılıb.

Qeyd edək ki, BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası memorandum imzalayıblar. Memorandumun imzalanması gələcək əlaqələrin inkişaf perspektivlərinin müəyyən olunması və əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Həmçinin memorandum assimilyasiya təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin qarşısının alınmasına və dekolonizasiya istiqamətində mühüm nəticələrin əldə edilməsinə yol açacaq. Eyni zamanda, gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasında və maariflənməyə yönəlmiş gələcək layihələrin həyata keçirilməsində mühüm başlanğıc olacaq.

Ümumiyyətlə, Kolonializm  bir ölkənin suverenliyinin başqa bir dövlət tərəfindən bu və ya digər formada məhdudlaşdırılması və sərvətlərinin talanmasıdır. XX əsrin əvvəllərindən etibarən dünyada müstəmləkəçilik əleyhinə mübarizə başlayıb. Birinci Dünya müharibəsindən sonra bu hərəkat daha da genişlənib, o cümlədən Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə milli-azadlıq hərəkatı geniş miqyas alıb. Lakin ayrı-ayrı güc mərkəzlərinin səyləri ilə müstəmləkəçiliyə qarşı mübarizə cilovlanıb. Düzdür, ənənəvi müstəmləkəçilikdə müəyyən forma dəyişikliklər edilib, bununla belə, imperialist düşüncəli dövlətlər tərəfindən  mahiyyət saxlanılıb. Hazırda isə “yeni kolonializm” termini meydana çıxıb. Kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar.

Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Lakin Afrikanı və dünyanın fərqli regionlarını hələ də müstəmləkəsi kimi görən, vaxtilə qətliamlar törədən, əli milyonlarla insanın qanına batan Fransanın özü  hazırda xarici və daxili siyasətində ciddi problemlər yaşamaqdadır. Hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş müstəmləkələrindən biabırçı formada qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən artır.

Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Məsələn, son etiraz aksiyalarında Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb. İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. Aksiyada Azərbaycan bayrağı da daxil olmaqla BMT və Yeni Kaledoniya bayraqları qaldırılıb. Azərbaycan isə bu xalqların Fransa kolonializminə qarşı mübarizəsini dəstəkləyir. Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə beynəlxalq miqyasda keçirilən tədbirlər də bu dəstəyin ifadəsidir.

Nardar BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla