AZ

İnflyasiya proqnozu azaldıldı...

Qiymətlər ucuzlaşacaqmı?

Mərkəzi Bankı (MB) 2024-cü ildə inflyasiya gözləntiləri ilə bağlı proqnozunu azaldıb. MB bildirir ki, mövcud makroiqtisadi şərait və bazar təhlilləri inflyasiyanın artırıcı və azaldıcı risklərinin bir-birini tarazlaşdırdığını göstərir. Aprel ayında inflyasiya proqnozu azalma istiqamətində dəyişib və aylıq inflyasiya 0,4 faiz, 12 aylıq baza inflyasiya isə 1 faiz təşkil edib. Bu ssenariyə əsaslandıqda, mövcud şərtlərin dəyişməz qalacağı və 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) qalacağı gözlənilir.

İnflyasiya ilə bağlı təhlillər onu göstərir ki, 2024-cü ilin yanvar-mart aylarında 2019-cu ildən sonra ilk dəfə olaraq ərzaq məhsullarının qeyri-ərzaq məhsulları ilə müqayisədə qiyməti daha az artıb. Bu isə ondan xəbər verir ki, idxal inflyasiyası arxa plana keçib və birbaşa ümumi inflyasiya dərəcəsinə təsir göstərən faktor aradan qalxıb. Belə ki, 2024-cü ilin martında inflyasiya illik əsasda 0,3 faiz, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4 faiz ucuzlaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 faiz aşağı düşüb. Bütün bunlar qiymət indeksinin ilin sonuna qədər səngiməsi üçün əsas faktorlardan biri kimi səngiməsinə işarədir.

Onu da nəzərə almaq lazımdır ki, hazırkı sabit inflyasiya iqtisadi və sosial baxımdan əlverişlidir. İlk növbədə, inflyasiyanın səngiməsi sosial baxımdan əhalinin gəlirlərinə, yığımlarına və aylıq maaşlarına müsbət təsir göstərir, onların aylıq xərcləri inflyasiyanın yeminə çevrilmir.

Ona görə də hökumət inflyasiya faktorlarını təhlil edərkən inzibati alətləri də yaddan çıxarmaq niyyətində deyil və anti-inflyasiya tədbirləri 2023-cü ildə strateji məqsəd kimi müəyyən edildiyindən bu kurs 2024-cü ildə də prioritet kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenə də işə koordinasiya ediləcək.

Çünki qlobal bazara tam arxayın olmaq olmaz, bölgədə geosiaysi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada  geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi,  beynəlxalq  logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın  hədəf səviyyələrindən  yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şoklar bitməyib, Yaxın Şərqdə - İsrail və Fələstin arasında baş verən münaqişə də sona çatmayıb, bütün bunlar qlobal bazarlara mənfi təsirləri artıra bilər və qiymət dalğalanmalarına öz neqativ təzyiqini göstərməsi mümkündür.

Qeyd edək ki, Nazirliyi Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı  ilə ölkədə inflyasiyanın  iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya  proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası  koordinasiyanın  gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülməsi tapşırılıb və bu qərarın icrası təkcə 2023-cü ilə aid deyil. Məqsəd inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlamaq, əhalinin gəlirlərinə təzyiqləri neytrallaşdırmaq olduğundan bu siyasət 2024-cü il üçün də aktualdır.

 Bütün bu meyilləri nəzərə alan Mərkəzi Bank və digər iqtisadi qurumlar mövcud vəziyyəti dərindən təhlil edərək 2024-cü ildə də inflyasiya ilə mübarizə strategiyası çərçivəsində bir sıra addımlar atmağı planlaşdırır. Mərkəzi Bankın bəyanatından da görünür ki, 2024-cü il ərzində hökumətin antiinflyasiya  tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə saxlanılacaq. Ötən il kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları, vergi  güzəştlərinin verilməsi, bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də çağırış kimi iqtisadi blokun masasında olacaq.

Bir məqam da var, büdcə xərclərinin irihəcmli artımları da inflyasiya təzyiqlərini yüksəldə bilər, ona görə də hökumət bu riskləri də nəzərə alaraq ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, həmçinin “Böyük Qayıdış”a dair Dövlət  Proqramında, eləcə də Sosial-İqtisadi İnkişaf  Strategiyasında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində büdcə xərclərinin artımına üstünlük verəcək. Digər xərclərdə maksimum ehtiyatlı davranılacaq ki, izafi xərclər və pul kütləsi yaranmasın. Həmçinin əlavə xərclərin yüksək inflyasiyaya təkan verməyən səviyyədə saxlanması üçün fiskal siyasət çərçivəsində müəyyən addımlar atılacağı da istisna deyil.

ELBRUS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla