AZ

Populyarlıq qazanmaqistəyi

11-19 yaş arasında olan yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə doğru bir keçid dövrü olaraq qəbul edilir. İnsanlar bu dövrdə sıx qarışıqlıq və problemlərlə qarşılaşdıqları üçün yeniyetməlik dövrü xaos - üsyan dövrü olaraq da adlandırılır. Hətta bu dövrdə fərdin  emosiyaları, davranışları, qərarları özü və ətrafı üçün təhlükə də doğurur. Belə hallardan biri də son zamanlar yeniyetmələr arasında şiddətə meylliliyin artmasıdır. 

"Olaylar"ın müsahibi psixoloq Minarə Səbzəliyevadır:

-Minarə xanım, yeniyetməlik çətin yaş dönəmi olaraq bilinir. Bu dövr necə xarakterizə olunur?

-Yeniyetməlik dönəmi fərdin fiziki, zehni və emosional olaraq fərqliliklərə uyğunlaşması ilə yanaşı, paralelində psixoloji və sosial sferalarda da bir şəxsiyyətin inkişaf etdiyi mərhələdir. Bu dönəmi əsasən yeniyetmənin ətraf mühit ilə yaxın münasibətlər qurma, olduğu toplumda yaxşı bir mövqeyə sahib olma dönəmi kimi ifadə edə bilərik. Yeniyetməlik dönəmində ortaya çıxan bioloji və psixoloji dəyişikliklər uşaqlıqdan yetkinliyə keçiddir. Həmin dönəmdə yeniyetmənin göstərdiyi davranışlar həm yaşıdları, həm də sosial mühit tərəfindən qəbul edilmə hissinin daha sıx olur. Bir sıra tədqiqatlara görə qəzəb və şiddətə yönəlik davranışlar yeniyetməlik dönəminin xüsusiyyətləri ilə əlaqələndirilir. Xüsusilə yeniyetməlik dönəmində fərdlərin göstərdikləri emosional reaksiyalar müxtəlif hisslərə görə fərqli ola bilir. Nümunə üçün anlaşılmadığını düşündükdə, emosional rədd edildikdə, qorxu, qayğı, xəyal qırıqlığı, yalnızlıq kimi hisslərin emosional reaksiya olaraq qəzəbə çox asanlıqla çevrilə bilir. 

-Təəssüflər olsun ki, hazırda yeniyetmələr arasında şiddətə meyllilik artıb. 

-Bəzi tədqiqatlarda yeniyetmələrin öz həmyaşıdları arasında populyarlıq qazanması üçün də şiddətə meyl edə biləcəkləri qeyd olunur. Təbii ki, cinsiyyətə yönəlik aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki, oğlan yeniyetmələrin şiddətə meylli davranışları qız yeniyetmələrin şiddətə meylli davranışlarından daha çoxdur. Ədəbiyyatlara istinad etdiyimiz zaman çox maraqlı bir əlaqə görünür ki, yeniyetmələr öz həmyaşıdları tərəfindən qəbul olunmadıqlarından yalnız qala bilir və öz yalnızlıq duyğuları ilə sağlam mübarizə apara bilmədikdə isə şiddətə meyl edirlər. Yəni bir paradoks yaranır. Həm yeniyetməlikdə baş verən fizioloji, psixoloji, sosial dəyişikliklərdən dolayı yeniyetmə qəzəb partlayışı yaşaya, şiddət göstərə bilər, həm də həmyaşıdlarına bu qəzəb partlayışını yansıdıb onlar tərəfindən qəbul olunmadıqda isə yalnızlıq hissləri yaşaya və bu hisslərini asanlıqla ifadə edə bilmədikdə şiddətə yönəlik davranışlar göstərə bilərlər. Yeniyetmələr üçün həmin dönəmdə məktəbdə tək qalmamaq, həmyaşıdları tərəfindən qəbul alma çox önəmlidir.

-Şiddətə meyllənmənin cinsə görə fərqləndiyini vurğuladınız. 

-Bəli. Bioloji olaraq kişilərdə testestron hormonunun ifrazı səbəbilə onlar şiddətə daha çox yatqındırlar. Lakin mən öz növbəmdə hər zaman hər hansısa bir problemə bir aspektdən deyil, bir neçə aspektdən yanaşmağı seçirəm. Çünki hər hansısa problem yaradan situasiyanı dəyərləndirəndə ona biopsixososial aspektdən baxırıq. Burada ailənin övladını böyütmə faktoru, toplumun qəbul etdiyi qayda və qanunlar, mental dəyərlər də özünü göstərir. Eyni zamanda nəsillər arasında fərqlilik də davranış və bəzi xüsusiyyətlərdə özünü göstərir. Bunlara da genetik və ya xarici faktorlar təsir edə bilir. Nümunə üçün həddən artıq dağıdıcı davranışlara, aqressiyaya meyilli olan ata bu xüsusiyyətlərə yatqınlığı öz övladına genetik olaraq ötürə bilər. Bununla yanaşı övladlarına sərt cəza tətbiq edən, onları psixoloji travmaya məruz qoyaraq, onların analarını döyərək onlara pis rol model olur. Ana da öz növbəsində öz şəxsiyyət xüsusiyyətləri və əsasən də qurban psixologiyasında övladlarını qoruya bilmir. Bu davranışlara məruz qalan qız övladları problemin həllini erkən evlilikdə görür, lakin çox əfsuslar olsun ki, bu evliliklər də sıxlıqla mənfi şəkildə nəticələnir.

-Gəlin,   şiddətə meyllənmənin nədən qaynaqlandığından danışaq. 

-Dünya Sağlamlıq Təşkilatının verdiyi açıqlamalarda yeniyetməlik dönəmindəki şiddətin valideyn və övladın arasında zəif emosional bağların olması, ailədə uşaq sayının çox olması və ailə fərdlərinin bir-birinə bağlılığının zəif olması arasında əlaqənin olduğunu bildirilir. Əslində dünya ədəbiyyatlarına nəzər saldığımız zaman ailəsindən və ya qəyyumu, müəllimindən sevgi və qayğı görməyən, dostları və ya həmyaşıdları tərəfindən qəbul edilməyən, rədd edilən, özünü yalnız hiss edən yeniyetmələr qəzəb hiss edərək dünyaya küsür, şiddətə yönəlik davranışlar göstərirlər. 

-Belə bir dönəmdə ətrafları onlara necə münasibət göstərməlidir?

-Sosial dəstəyin olması bu yeniyetmələr üçün çox önəmlidir, hansı ki, burada fərdin çevrəsindən gördüyü dürüst və tutarlı münasibət, sevgi, qayğı, təqdir edilmə kimi dəstək nəzərdə tutulur. Yəni nəzərə alsaq ki, çevrəsindən və ailəsindən sosial dəstək alan cəmiyyətin hər hansısa fərdi hər hansısa stressorla üzləşdikdə ona problemin həllinə yönəlik mübarizə mexanizmi göstərə biləcək, hadisələrə fərqli aspektdən baxa biləcəyi dəstək ala bilər, sosial dəstəyi zəif olan fərd isə yaşadığı stress faktorundan dolayı daha pis təsirlənə və doğru dəstəyi ala bilməmək onu daha çox qəzəbli edər. Xüsusilə də yeniyetməlik dönəmində olan eqosentrik, yəni mənmərkəzçi düşüncədə olan yeniyetmə "mən pis hiss edirəmsə, hamı pis hiss etməlidir" deyə düşünür və qəzəbi hissi ilə özünə və ya başqalarına yönəlik şiddət göstərir.

-Sadaladığınız hallar yetişkin insanlara belə təsirsiz ötüşməz. Şiddət arqumenti həyatı hələ yeni dərk etməyə başlayan bir yeniyetməyə necə təsir göstərir?

-Şiddətin uşaqlar üzərində təsirlərinə baxımından dəyərləndirdikdə, onlara qısa və uzunmüddətli fiziki və emosional inkişafına mənfi təsir etdiyini, hətta illər sonra şiddətə məruz qalmanın, hətta şiddətin şahidi olmanın mənfi şəkildə psixi vəziyyətində ortaya çıxması müşahidə olunur. Özünüqiymətləndirmənin aşağı olmasına və bu da özünü ifadə etmə, özünə dəyər kimi sferalarda problemlər yaradacaqdır. 

-Bəs, hansı fiziki və psixi problemlərin yaranma ehtimalı var?

-Təşviş pozuntusu və ya təşviş halının olması, irkilmə, aqressiv davranışlar, diqqətini cəmləməkdə problemlər, kəkələmə, vaxtsız gələ bilən emosional partlayışları, qəzəb partlayışları, az ya da çox yatma ya da yuxuya getmədə problemlər, sosial fobiya, internet asılılığı, ailə daxilində ünsiyyətin azalması, məktəbdə davamiyyətin azalması, dərslərə laqeyd yanaşma, qidalanmada problemlər, altını islatma, ətraf mühitə qarşı marağın az olması və bu kimi fiziki və psixi problemlər yarana bilir.
 
-Yeniyetmələrdə şiddətə meylliliyin qarşısını almaq üçün valideynlər, cəmiyyət nə edilməlidir?

-İlk növbədə şiddət bir davranışdır və qəbul edilməməlidir. Şiddətə səbəb olan duyğular isə qorxu və ya qəzəb ola bilər. Bir çox şiddət hadisəsində isə müəyyən bir emosiya deyil də, ola bilər ki, sadəcə nəyisə qazanma və ya qorxutma məqsədi ola bilər. Bu səbəblə şiddəti yeniyetmədə normal olaraq görülən bir "duyğu" kimi qəbul etməmək gərəklidir. Şiddət davranışının qarşısına keçmək üçün isə yeniyetmənin alternativ problem həll etmə bacarığının qazanmasını həyata keçirmək, şiddətin hər zaman cəzalandırılan və heç bir zaman xoş qarşılanmayan bir davranış halına gəlməsi üçün şəxsi, ailə və ya toplumdakı risk faktorları ələ alınmalıdır.
Düşünürəm ki, yeniyetmələrin bu davranışlarının qarşısını almaq üçün çoxaspektli proqramlara və təlimlərə ehtiyac duyula bilər. Yetərincə inkişaf etməmiş dəyərlər sisteminin də şiddətə gətirib çıxaracağına dair məqalələr var. Yeniyetmələrə həm rol model olaraq, həm də öyrədilərək dəyərlər sisteminin doğru şəkildə aşılanması zamanı onlarda dəyərlər, vicdan, humanistlik hissi daha yaxşı inkişaf edər və bununla da onlar hər hansısa problemini şiddətlə həll etmək yerinə alternativ digər davranışlardan istifadə edə bilərlər. Zənnimcə, ailələr və müəllimlər də açıq ünsiyyət quraraq göstərdikləri bu şiddətin problemin həlli yolunun olmadığı, problemin həllinə yönəlik uyğun davranışları aşılaya və mütəxəssislərdən dəstək ala bilərlər. İxtisaslı psixoloqlar onların övladlarında bu narahatlığı müəyyənləşdirməsi və səbəblərinin öyrənilməsi eyni zamanda şiddət əvəzinə daha sağlıqlı mübarizə mexanizmlərinin inkişaf etdirməsinə gətirib çıxaracaqdır. Ailənin də mütəxəssislərlə əlaqəsi burada çox danılmaz faktordur. Ailəylə birlikdə vəhdət halında çalışma nəticəni daha uğurlu edən haldır.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla