AZ

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Bu

Bakı, 3 may, AZƏRTAC

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür.

AZƏRTAC xəbər verir ki, anadan olmasının 86-cı ildönümü tamam olan görkəmli aktyor yaratdığı bir-birindən bənzərsiz obrazlar qalereyası ilə adını Azərbaycan teatr və kino tarixinə əbədi həkk edib.

Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Özü də deyirmiş ki, "Bizim Cəbiş müəllim” filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir. Yarı-ac, yarı-tox uşaqlıq illərində 7-ci sinfə qədər həm işləyib, həm də oxuyub. Gündüzlər işləyən Kamal, axşamlar 6 saylı fəhlə-gənclər məktəbində təhsil alıb. Məktəb illəri başa çatdıqdan sonra o, çilingər kimi qaz idarəsində əmək fəaliyyət göstərib. Bacarıqlı işçi olduğu üçün onu Qazaxıstanın xam torpaqlarına ezamiyyətə də göndəriblər. Bakıya artıq 21 yaşlı gənc kimi qayıdan Kamal həyat yolunda vacib qərar qəbul etməli idi.

O, məhz teatrı seçdi. Özü də səbəbini bilmədən sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna verdi. Kamal, 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino fakültəsinə daxil oldu və böyük sənətkarlar Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasibdən həm sənət, həm də həyat dərsləri aldı. 1965-ci ildə ali təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev həmin illərdə Akademik Milli Dram Teatrının baş rejissoru olan Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürüldü və qısa fasilələri çıxmaqla bütün yaradıcı ömrü Akademik Milli Dram Teatrında keçdi, bu teatrın səhnəsində çoxsaylı rollar yaratdı. Kamal Xudaverdiyev "Almaz”da İbad, "Aydın”da Surxay (Cəfər Cabbarlı), "Kral Lir"də Kral Lir (U.Şekspir), "Xoşbəxtlər”də Sadıq, "Yalan”da Fərman (Sabit Rəhman), "Vaqif” də Eldar, "Mahnı dağlarda qaldı”da Bahadır, "Bağlardan gələn səs”də Kamandar (İ.Əfəndiyev), "Yollara iz düşür”də Loğman (B.Vahabzadə), "Ah Paris... Paris”də süpürgəçi (Elçin), "Şah Edib"də Şah Edib, "İblis”də İbn Yəmin kimi xarakterik rolların ifaçısı oldu.

Aktyor K.Xudaverdiyev güclü, diapazonlu və gözəl tembri olan unikal səsə malik idi. O səsə ki, ona kütləvi səhnədən tutmuş monoloqlara qədər istənilən zamanda, istənilən məkanda seçilmək imkanı verirdi. Kamal Xudaverdiyevin üz cizgiləri mərhəməti ilə ən yüksək səviyyəyə qalxa da bilərdi, Kral Lirin qəddarlığı, zalımlığı ilə vulkan kimi partlayış da yarada bilirdi. Onun səhnə görünüşü (hündür boyu, düz qaməti), gülüşü, həlim davranışı, eləcə də zabitəsi tamaşaçını cəlb etməyə bilməzdi.

Aktyor tamaşaçıların yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb. O, Azərbaycan kinosunda da yaddaqalan obrazlar yaradıb. "İstintaq davam edir" də Çingizov, "Dağlarda döyüş" filmində Rüstəmov, "Sonuncu məhəbbət"də Həsənov, "Nəsimi”də Yusif, "Abşeron”da Əli, "Üzü küləyə” filmində Kombinant müdiri, "Oteldə bir otaq”da Alim, "Dədə Qorqud”da Ata obrazları ilə kinematoqrafiya sənətinə öz adını əbədi həkk edib.

Müsahibələrinin birində Kamal Xudaverdiyev Çingizov obrazı haqqında belə demişdi: "Filmə az çəkilmişəm. Çünki o zamanlar adətən rejissorlar başqa millətdən olan aktyorlarla işləməyə meyil göstərirdilər. Adil İsgəndərov kinostudiyanın direktoru işləyəndə xeyli milli kadrlar yetişdi. "İstintaq davam edir” filmi çəkiləndə Çingizov roluna Leninqraddan aktyor dəvət etmək istəyirdilər. Adil müəllim imkan vermədi, dedi ki, bu rola Kamal çəkiləcək”. K. Xudaverdiyev də bu rolu məharətlə ifa etmişdi.

Kamal Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1982-ci ildə Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Görkəmli aktyor 2008-ci il aprelin 23-də vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla