AZ

3 qardaş ölkə “yaşıl ailə” yaradır

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam edir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.

Son dövrlərdə qlobal miqyasda geosiyasi mürəkkəb proseslərin dərinləşməsi Mərkəzi Asiya regionunda da təşəbbüskarlığı aktivləşdirib, həm Türk Dövlətləri Birliyi, həm də Avropa İttifaqı (Aİ) ilə inteqrasiyaya xüsusi önəm verən Özbəkistan Azərbaycanın neçə illərdir ki, bu proseslərdə fəal rolunu və mövqeyini, təcrübəsini nəzərə alaraq ölkəmizin sayəsində Şərq-Qərb ailəsinin üzvünə çevrilmək istəyir. Həmçinin, təbii ehtiyatlarla zəngin olan, enerji və tranzit mövqeyi kifayət qədər cəlbedici hesab edilən Özbəkistan yaxın qonşusu Qazaxıstanın Avroasiya yönündə inteqrasiyasını və nümayiş etdirdiyi siyasi iradəni özünün siyasi xəttində mühüm amil kimi nəzərə alaraq iddialı enerji planları ilə seçilməyə başlayıb. Beləlilklə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın yeni ittifaqı olan tranzit qovşağı formalaşmaqdadır.

Hər 3 ölkənin əsas marşrutlardan biri sözsüz ki, Beynəlxalq Nəqliyyat Dəhlizində (Orta Dəhliz) təmsil olunmaqdır. Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm bağlantıya çevrilən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində (Orta Dəhliz) Qazaxıstan faktiki olaraq yer alıb. Özbəkistan Qazaxıstan vasitəsilə bu körpüyə qoşulması tam realdır. Nəticədə Özbəkistan Şərq-Qərb arteriyasının ən mühüm xətlərindən birinə qoşulmaqla Avropada öz yerini tuta bilər.

Qazaxıstan, Özbəkistan və Azərbaycan ittifaqının əsas komponenti isə “yaşıl enerji” dəhlizidir. Mayın 1-də Daşkənddə keçirilən görüşdə 3 ölkənin iqtisadiyyat və energetika nazirləri Mərkəzi Asiyanın Günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Müzakirələrin yekununda imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”na əsasən, tərəflər enerji səmərəliliyinin artırılması, “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıran inteqrasiya olunmuş regional şəbəkənin yaradılması nəzərdə tutulur. Niyyət hər 3 ölkənin mövcud külək və Günəş enerjisi resurslarını vahid dəhlizdə birləşdirərək Avropaya nəql etməkdir.

Azərbaycan, Qazaxıstan və Özbəkistanın “yaşıl enerji” gücü və potensialı dəhlizin rentabelliyi üçün kifayət edirmi?

Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə proqnozları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Azərbaycan hökuməti “yaşıl” iqtisadiyyatın inkişafına tam sadiqdir və “yaşıl hidrogen”i gələcəyinin əsas hissəsi kimi görür. Ölkə artıq onu qlobal təmiz enerji bazarında mühüm oyunçuya çevirə biləcək iddialı “yaşıl hidrogen” istehsalı və ixracı layihələrini həyata keçirmək üçün addımlar atır. Uran hasilatında lider olan Qazaxıstanda da Günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Özbəkistanın da geniş çöllərində Günəş enerjisi üçün resurslar xeyli böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır. Qazaxıstan isə 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə bərpa olunan enerjinin ümumi enerji istehlakının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, Günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Özbəkistan hökuməti isə 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 25 faizə, çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, Günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir.

Beləliklə, 3 qardaş ölkənin bərpa olunan enerji potensialları bölgədə yeni  “yaşıl” enerji dəhlizinin yaradılmasına zəmin yaradır və bu ölkələr Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çevrilə bilər. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əldə olunmuş razılaşmalar dünya birliyində bu türk dövlətlərinin mövqeyinin möhkəmlənməsi, Avropa ilə əlaqələrin güclənməsi üçün dərin təminat deməkdir.

ELBRUS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla