AZ

Azərbaycanın beynəlxalq brendi - “Bakı prosesi”

Hazırda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda ölkələr arasında inteqrasiya imkanları hədsiz dərəcədə genişlənib. Belə bir şəraitdə ölkələrin təcrid olunmuş vəziyyətdə inkişafını tsəvvür etmək belə mümkün deyil. Yeni imkanlar və yaranan çağırışlar ölkələrin təcrübələrini bölüşərək ümumi məqsədlərə töhfələr vermələrini mümkün və zəruri edir.

 Burada Azərbaycanın hər cəhətdən müsbət olan nümunəsi diqqət çəkir. Milli səviyyədə hərtərəfli inkişafını təmin edən Azərbaycan hər zaman öz təcrübəsini bölüşməyə hazır olan bir dövlət qismində çıxış edir. Son illərdə Prezident İlham Əliyev müxtəlif məsələlərdə qlobal həmrəyliyin təmin olunmasına hesablanan bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən də Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində minnətdarlıqla qarşılanaraq qəbul olunub. 

Beynəlxalq səviyyədə artıq Azərbaycan brendi kimi tanınan “Bakı prosesi” də belə təşəbbüslərdən biridir. Dünya gündəliyinə daxil olan bu təşəbbüs respublikamızın tarixdən gələn zəngin multikultural ənənələrinə, xoş məramına əsaslanır və qlobal miqyasda mədəniyyətlərarası dialoqa, birgəyaşayışa töhfələr vermək məqsədi daşıyır. Bu günlərdə “Bakı prosesi” çərçivəsində paytaxtımız daha bir mötəbər tədbirə - “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi edib. Forumda söylədiyi geniş nitqində tədbirin gündəliyinin kifayət qədər geniş olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?” 

Dünyanın ciddi narahatlıq doğuran mənzərəsi

Hazırda sivilizasiyanın yüksək mərhələsinə çatan bəşəriyyət, eyni zamanda, bir sıra ciddi sınaqlarla üzləşib. Dünyada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Bu gün dünyada sülh və təhlükəsizliyə yaranan təhdidlər heç vaxt olmadığı qədər artıb. Bəhs olunan forumda bildirildiyi kimi, 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. 

Artıq onilliklərdir ki, Yaxın Şərq müharibə girdabından çıxa bilmir. Qanlı savaşlar, imperialist güc mərkəzlərindən ixrac olunan xaos, rəngli inqilablar ayrı-ayrı xalqların dövlətçilik ənənələrini pozub, bir vaxt çiçəklənən şəhər və kəndlər dağıdılıb, ölkələrin sərvətləri talanır. Ötən ilin oktyabrından Qəzzada insanlıq faciəsi yaşanır. Cəmi bir neçə ayın içində aralarında uşaqlar, qadınlar və qocalar da olmaqla təxminən 35 min insanın həyatına son qoyulub, on minlərlə yaralı var. Sağ qalanlar ən zəruri ehtiyaclardan belə məhrumdurlar. Hətta humanitar dəhlizlər belə qəddarcasına atəşə tutulur, insanlara ərzaq məhsulları bir sıra hallarda havadan atılaraq çatdırılır. Digər bir münaqişə ocağının - Rusiya-Ukrayna müharibəsinin də sonu görünmür. Yenə də on minlərlə ölü və yaralı sayı. Milyonlarla insan doğma ev-eşiyini tərk etmək, ağır qaçqınlıq taleyi yaşamaq məcburiyyətində qalıb. Müharibənin alovlanmasına isə güc mərkəzlərinin qarşıdurması, geosiyasi maraqları olub. Hazırda vəziyyət o həddədək gərginləşib ki, tərəflər daha genişmiqyaslı müharibənin, hətta nüvə təhdidlərinin anonsunu edirlər.

Dünyanın olduqca narahat mənzərəsinin digər bir mühüm əlaməti mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır. Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya peredmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan qoca qitədə bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, islamafobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə alovlanan münaqişələrin və müharibələrin ssenariləri bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olamaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa  ölkələrini payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində, o cümlədən Fransada, İsveçdə, Danimarkada, Niderlandda müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir ki, bu da qəbuledilməzdir. 

Hazırda hökm sürən iqlim dəyişmələri də planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Çox doğru olaraq bu tendensiya qlobal miqyasda sənaye inkişafının genişlənməsi ilə əlaqələndirilir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. 

Ancaq bəşəriyyəti təhdid edən bütün bu kimi reallıqları önləmək imkanları və fürsətləri də genişdir. Birgəyaşayış, sülh və təhlükəsizlik üçün yaranan çağırışları qarşılamaq naminə səylər mütləq qaydada əlaqələndirlməli və etimad mühiti yaradılmalıdır. Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır. Tədbirdə vurğulandığı kimi, dünya VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşdığı zaman biz gələcəyimizi öz əllərimizdə saxlayırıq. “Burada - Bakının mərkəzində bizim dünyanın gələcəyinə təsir etmək fürsətimiz var. Bu, ümid, anlaşma və dirçəlmə gətirə biləcək dinlərarası dialoq dünyasıdır. Burada dayanıqlı inkişaf, təhsil və turizm bizi bir-birimizə yaxın edir. Burada sosial media və süni intellekt bəşəriyyəti parçalamır, birləşdirir. Bakı COP29 Sammitinə ev sahibliyi edəcəyi vaxtda biz iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyirik. 

Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq”, - deyə  “Bakı Prosesi”ndən və Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs edən videoçarxda vurğulanıb.

Çox mühüm beynəlxalq platforma

Açılış məraasimi mayın 1-də Bakı Konqres Mərkəzində baş tutan Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. 

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

1-3 may tarixində keçirilən Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib. “Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur”, - deyə Prezident İlham Əliyev bildirib.

Dünya Azərbaycanın müsbət rolunu təqdir edir

Yuxarıda sadalanan statistik məlumatlardan da göründüyü kimi, Prezident İlham Əliyevin irəli sürdüyü və və artıq dünyada Azərbaycanın brendlərindən biri kimi tanınan “Bakı prosesi”nə maraq getdikcə artır. Beynəlxalq birlik ölkəmizin Liderinin qlobal miqyasda  sülh və təhlükəsizliyə yaranan təhdidlərə həssas yanaşmasını, birgəyaşayışa, qarşılıqlı hörmətə, etimad mühitinin gücləndirilməsinə, xalqlar və dinlər arasında nifaq yaradılmasının qarşısının alınmasına davamlı çağırışlar etməsini minnətdarlıqla dəyərləndirir. Bunu foruma qatılan nümayəndələrin ifadə etdikləri fikirlər də təsdiqləyir. Dünyada baş verən gərgin proseslər fonunda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini xüsusi vurğulayan BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos bildirib ki, dialoq sülhə aparan yoldur və biz parçalanmış keçmişdən ümumi ortaq gələcəyimizə addımlayacağıq. “İstərdik ki, bundan sonra normallaşmanı, münasibətlərin qurulmasını nümunə kimi götürək. Bu kontekstdən çıxış edərək qlobal səviyyədə səylərimizi davam etdirəcəyik. İstərdik ki, insanlar arasında etimad daha da bərpa olunsun. Cənab Prezident, “Bakı Prosesi” bizə lazımdır. Ümid edirəm ki, burada aparılan müzakirələr və bu Forum parlaq gələcəyimizə töhfə verəcək”, - deyə BMT rəsmisi vurğulayıb.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin iqtisadiyyat, elm, iqlim sahələri kimi qlobal çağırışların səsləndiyi mühüm platforma olduğunu xüsusi vurğulayıb. O bildirib ki, hazırda Mədəniyyətlərarası Forum özünün VI interaktiv formasında Azərbaycanın gözəl tərəqqisini qeyd edir və ölkəni digərlərindən fərqləndirir. “ICESCO-nun bu dinamik ölkənin rəhbərliyi ilə özünün müstəsna tərəfdaşlığından fərəhlənməyə hər bir əsası var. Ölkənin tarixi şəhəri Şuşa İslam dünyasının mədəniyyət paytaxtı kimi fəaliyyətə başlamağa hazırlaşır. Bu, mayın 11-də olacaq. Biz ICESCO ilə Azərbaycan arasında cari əməkdaşlığın yeni mərhələsinin şahidiyik. O, mədəniyyət və sivilizasiya sahələrində fəaliyyətləri, proqramları və layihələri əhatə edir”, - deyə Salim bin Məhəmməd Əl-Malik vurğulayıb.

Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi Forum çərçivəsində aparılan müzakirələrin rolundan danışan BMT-nin Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroseviç isə Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində də mövcud problemlərin həllində əhəmiyyətini vurğulayaraq deyib: “Bu il COP29-un məhz Bakıda keçirilməsi Sizin sadiqliyinizin təzahürüdür. İlbəil bu Forum öz əhəmiyyətini tərəfdaşlığın möhkəmləndirilməsi, tövsiyələrin verilməsi, mədəniyyətlərarası dialoq çərçivəsində mühüm və aktual məsələlərin təşviqi üçün əsas platforma kimi nümayiş etdirir”.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
41
Mənbələr
Şərh ()
Bağla